Tarixə və dünyaya səpələnmiş alimlərimiz

Dövlət, millət öz mütəfəkkirlərini tanıtmasa, onları başqaları heç tanımaz

“Hürriyət” qəzetinin 19 oktyabr 2015-ci il tarixli sayında Ə.Yusifoğlunun “Azərbaycanın diaspor hədəflərində aydınlar” adlı layihəsini maraqla oxudum. Yazıda bildirilən fikirlər xalqımız, dövlətimiz üçün düşündürücüdür. Müəllif bu yazını yazmaqla qeyrətyüklü bir iş görmüşdür. Yazıda adı çəkilən dünyaya səpələnmiş və elm aləmində yaxşı tanınan elm, mədəniyət xadimlərimizlə bağlı məsələlər dövlət orqanlarımızı, diaspor, elm və mədəniyət təşkilatlarımızı düşündürməlidir.
Bizdə Ənvər bəyin dediyi sayaq, böyük alim Lütfi Zadə (Lütfəli Əsgərzadə), dünyaca tanınmış rəssam Fərman Quliyev, ünlü pianoçu Fərid Mahmudov, böyük şöhrət qazanmış xirurq Elçin Məmmədov, Londonda yaşayan görkəmli yazıçı Nigar Həsənzadə, ABŞ-da yaşayan soydaşımız, qeyrətli qadın kosmonavt Ənuş Ənsari, Avstraliyada yaşayan ünlü yazıçı Rəna Yüzbaşlı, ünlü interyer rəssamı Med Əliyev, alternativ psixologiyanın özülünü qoymuş Yaşar İbrahimov öz Vətənləri Azərbaycanda ya olduqca az tanınırlar, ya da demək olar, tanınmırlar.
Yaponiyada, Rusiyada, Türkiyədə, Almaniyada, ABŞ-da, Cənubi Koreyada, Kanadada, İsveçdə, Finlandiyada, İngiltərədə, Fransada, Avstraliyada, Yunanstanda... yaşayan və çalışan, adı çəkilmiş yazıda vurğulanan onlarca fizik, riyaziyyatçı, kimyaçı, bioloq, filosof, tibb alimi, ədəbiyat, mədəniyət xadimləri ilə münasibətlər qurmağımıza böyük ehtiyac duyulmaqdadır. Yaşadıqları və çalışdıqları ölkələrdə, eləcə də dünya miqyasında yaxşı tanınırlar, bununla belə, xarici ölkələrdə yaşasalar da, sözsüz, xalqımızın, Vətənimizin elmi və mədəni potensialının timsalıdırlar.
Əlbəttə, aydınlarımızı tanımaq və tanıtmaq sözü onların adlarını bilmək anlamında deyil. Əsərlərini öz dilimizə çevirmək, araşdırmaq, dərc etmək, haqlarında KİV-lərdə, dərsliklərdə məlumatlar vermək, potensiallarından bəhrələnmək anlamındadır. Onlara istinad edən əcnəbi alimlərin Azəraycanda çıxan dərgilərdəki əsərlərinə istinad etmələri Azərbaycan elminin dünya miqyasında geniş tanınmasına, elmi dərgilərimizin nüfuzunun artmasına güclü təkan verə bilər.
Həmin yazıda xaricdə yaşayan hazırkı elm və mədəniyət xadimlərimiz, eləcə də tanınmış idmançılarımız haqqında tutarlı bilgilər verilir. Bu tipli yazılara gələcəkdə də böyük ehtiyac duyulacağı sözsüzdür. Ancaq ulu mütəfəkkirlərimizə, onların əsərlərinin nəşrinə də diqqət yetirməyin vacibliyini nəzərdən qaçırmaq olmaz.
Sovet imperiyası dönəmində yalnız Rusiyada rus milli irsinin öyrənilməsinə imkan verilirdi, şərait yaradılırdı. İmperiyanın tərkibindəki müstəmləkə xalqları (sovet respublikaları) da rus mədəniyətini öyrənib təbliğ etməyə qurşadırdılar. Bu, sözsüz, həmin xalqlar arasında yalnız rusların tarixən elmli, mədəniyətli, fəlsəfi təfəkkürlü xalq olduğunu göstərmək məqsədi daşıyırdı. Tarixi çox da uzağa getməyən rus elminin, mədəniyətinin, fəlsəfəsinin təbliğ edilməsinə, məktəblərdə, dərnəklərdə, kurslarda, yığıncaqlarda öyrədilməsinə yüksək qayğı göstərilirdi. Bunlar şişirdilmiş halda dərsliklərə salınır, geniş şəkildə KİV-lərdə, kitablarda yayılırdı. Sovet imperiyası respublikalarında orta məktəblər üçün xüsusilə fizika, riyaziyat, kimya, biologiya, coğrafiya, tarix dərsliklərinin yazılması yasaq edilmişdi. Bu dərsliklər mərkəzdə rus dilində yazılırdı, milli dillərə çevrilib müstəmləkə xalqlarının məktəblərində istifadə olunurdu. Dərsliklərdə müstəmləkə ölkələrinin xalqları isə, başdan-başa savadsız, geridə qalmış xalqlar kimi verilirdi. Milli dildə yazılmış dərsliklərdə bu sxem pozulsaydı, xalqlar öz tarixindən, tarixi keçmişindən soraq tutardı, özlərinin ruslardan üstünlüklərini görmüş olardı. İmperiyanın başlıca məqsədlərindən biri də xalqların, ilk növbədə türk və müsəlman xalqlarının tarixi irsini gizlətmək, ört-basdır etmək, özünü gözdən salmaq idi...        
Təəssüf, bizdə çoxları indinin özündə də imperiya dönəmində qoyulmuş yolla gedir, söhbətlərində özlərinkindən deyil, başqa millətlərin “tanınmışları”ndan misal gətirir, əsərlərində isə, yerinə düşdü-düşmədi, onlara istinad edirlər. Çünki çox zaman bəzi alimlərimizin əsərləri rus dilində yazılmış əsərlərdən qidalanır, bu əsərlərin tərcüməsindən eynilə istifadə olunur, istinad qaynaqları da mexaniki olaraq elə oradan köçürülür. Bu elmi yazıları, monoqrafiyaları, dərslikləri oxuyanda istinadlarda ardıcıl olaraq Aristotel, Eynşteyn, Hegel, Kant, Qaliley, Nyüton, Demokrit, Rassel, Fales... sıralanması ilə rastlaşmaq olar. Burada istinad olunan fikirlər başlıca olaraq fəlsəfəyə, məntiqə, etikaya, əxlaqa...  aid olur. Həmin fikirlər Fərabi, Bəhmənyar, Eynəlqüzzat, Sührəvərdi, ibn-Sina, Biruni, Nəsirəddin Tusi, Siracəddin Urməvi, ibn-Xəldan, Ömər Xəyyam və bir sıra başqa nəhəng mütəfəkkirlərin əsərlərində mükəmməl şəkildə verilmişdir. Ancaq, yuxarıda dediyim səbəbə görə, bu müəlliflərin əsərlərinə istisna hal kimi istinad olunmur.
Doğrusu, mən sırası Aristotellə başlayan alimlərə istinad edilməsinin əleyhinə deyiləm. Ancaq milli, dini ayrı-seçgiliyə yol vermədən hər alimin fikrinə hörmətlə yanaşılmasının tərəfindəyəm.
Öz millətini tanımayanlara və tanıtmayanlara münasibət heç zaman müsbət olmur. İnsanı yalnız tanıdanda o, tanınar. Dövlət, millət öz mütəfəkkirlərini özü tanıtmasa, onları başqaları heç tanıtmaz. Ona görə də milli anlamda olanları indiki zamanda indiki, gələcək zamanda gələcək nəsil öyrənməli, təbliğ etməli, əsərlərini nəşr edib yaymalıdır.
Ulu peyğəmbərimiz Zərdüştü (m.ö. VII-VI yüzillər), ondan azı 1200 il sonra yaşamış Əbunəsr əl-Fərabi ət-Türki (873 – 950), Əbu Reyhan əl-Biruni (973-1048), Əbülhəsən Bəhmənyar əl-Azərbaycani (993-1066), Xətib Təbrizi (1030-1109), Eynəlqüzat Miyanəci (1099-1131), Sihabəddin Ömər Sührəvərdi (1145-1234), Sihabəddin Yəhya Sührəvərdi (1154-1191), Siracəddin Urməvi (1198-1283), Əfzələddin Xunəci (1194-1248), Nəsirəddin Tusi (1201-1274), Səfiəddin Urməvi (1217-1294) ), Əbdülqadir Marağalı (1353-1436), Bədrəddin Laləvi (1436-1506), Sadiq bəy Əfşar (1533-1610, Mirzə Kazım bəy ( ), Şeyx Məhəmməd Nizami (1622-1700), Məhəmməd Qarabaği (… -1535), Məliksəid Məhəmməd oğlu (…-1625), Rəcəbəli Təbrizi (…-1669), Hacı Zeynalabdin Şirvani (1779-1837), Mirzə Kazım bəy (1802-1870), Abbasqulu ağa Bakıxanov (1794-1847), Lütfi Zadə (Lütfəli Rəhim oğlu Əsgərzadə1921), Rober Osseyn (Rüstəm Əminulla oğlu Hüseyinov, 1927)... kimi böyük mütəfəkkirlərimizi (burada adı çəkilənlər onların kiçik bir bölümüdür) özümüz tanımasaq və tanıtmasaq kim tanıyacaq, kim tanıdacaq? Bu nəhəng şəxsiyətlərin hər biri zamanında riyaziyyata, fizikaya, kimyaya, biologiyaya, fəlsəfəyə, məntiqə, psixologiyaya, ədəbiyyat və incəsənətə, hüquqşünaslığa, təbiətşünaslığa yeniliklər gətirmiş nəhəng elm və mədəniyət xadimləri, məntiqçi və filosof olmuşlar.
Keçmiş mütəfəkkirlərimiz sırasında, xüsusilə, fəlsəfə və məntiqə aid araşdırması olmayanını tapmaq çətindir. Çünki yaşamı, təbiət və cəmiyyətin yüksəliş qanunauyğunluqlarını bu elm sahələri vasitəsilə anlamaq mümkündür. Çünki fəlsəfə və məntiq insanın getmək istədiyi yolu qısaltmağa, insanın məqsəd və görəvlərini aydınlatmağa, xeyir və şəri bir-birindən ayırmağa kömək edən, müdrikliyi axtaran bilik sahəsidir.
Biz hər birimiz bir vətəndaş olaraq bunu düşünməliyik, öz aldadılmış təfəkkürümüzü dirçəltməli, onda dəyişiklik etməliyik. Nəzərdən qaçırmamalıyıq, millətin böyük şəxsiyətləri tanınmazsa, millət də tanınmaz. Bu, adi həqiqətdir.
Haşiyə: Dünya miqyaslı əski çağ şəxsiyətlərimiz haqda məlumatlar görkəmli Azərbaycan filosofu, AMEA-nın müxbir üzvü, mərhum professor Zakir Məmmədovun “Azərbaycan fəlsəfəsi tarixi” kitabınında layiqli yer almışdır. Bu haqda bilgi alanlar necə də böyük bir millətin övladı olduğu ilə fəxr edər və görərlər, Albert Eynşteyn kimi nəhəng alimlərlə bir sırada dayanan (ola bilsin, həm də üstün olan) alimlərimiz olmuşdur və indi də vardır. Ancaq bir zamanlar onların əsərləri Avropa ölkələrinin kitabxanalarında gizlədilmiş, üzə çıxarılmamış, Avropa dillərinə çevrilib Avropada yayılmış, ancaq haqlarında lazımlı bilgilər almağa bizlərə imkan verilməmişdir. İndi artıq, əski çağ alim və mütəfəkkirlərimizin əsərlərini tam halda əldə etmək üçün imkan yaranmışdır.
Mən mütəfəkkirlərimizin doğum tarixini xüsusi məqsədlərlə, bilərəkdən yazdım. Göründüyü kimi, göstərilən şəxsiyətlər İslamdan sonrakı tarixlərdə yaşamış mütəfəkkirlərimizdir. Zərdüş zamanından İslamadək keçən azı 1200 ildə bizdə heç bir filosof, riyaziyatçı... ortaya çıxmayıbmı?
Fəlsəfi düşüncə, elmi və mənti təfəkkürlə yanaşdıqda, belə mütəfəkkirlər İslamdan öncə də mövcud olmaya bilməzdi. Ancaq İslamdan öncəki adlarımızın (həm də başqa müsəlman xalqlarının adları) İslamdan sonrakı adlarımızdan fərqli olduğunu deməyə ciddi əsaslar vardır. Çünki, İslamdan sonra müsəlmanlar peyğəmbələrin, imamların adları  ilə Məhəmməd, Əli, Vəli, Həsən, Hüseyin... adlandırılırdılar. Odur, İslamdan sonrakı adlarla öncəki adlar sözsüz, bir-birindən kəskin fərqlənib. Ona görə də bu baxımdan, anlaşılmazlıq yaranıb, İslamdan öncəki mütəfəkkirlər öz adlarına görə dolaşığa düşərək yunanlara, almanlara, italyanlara, ingilislərə, fransızlara... aid ediliblər. Elmi, fəlsəfi, məntiqi  araşdırılma aparılsa, bu mühakimə öz təsdiqini tapa bilər. Ola bilsin, güclü dövlətlərin qınağına tuş gəlmək təhlükəsi yaranmasın deyə, indiyədək bu düyünü açmağa təşəbbüs göstərənlər belə, tapılmayıb. Bu adlar hazırda aid edildiyi xalqların dillərinin qramatik qanunları nəzərə alınmaqla yazılsa və bu qanunlar nəzərə alınmaqla oxunsa, ciddi araşdırmalar aparılsa, çox şeylər üzə çıxa bilər...  
Professor d-r Bəhmən Sultanlı,
“Hürriyyət”
8 oktyabr 2015