TARİX ŞÜURUMUZ VƏ İRƏVAN - Professor Nəsib Nəsibli yazır

Baxış sayı:
2014

Hücuma keçmişik. Cəbhə xəttində deyil. Bəyanatlarda, radio-televiziyada, mətbuatda. Çoxlarımızın xoşuna gəlir - bu ermənilərə dərs vermək lazımdır.
 
Hücumun məqsədi status-kvonun dağıdılmasıdır. Əlbəttə, indiki durumun davam etməsi millətimiz və dövlətimiz üçün ziyanlıdır. Amma dağıdılan hədəf nədir? Ermənilərin Qarabağda qurduğu səngərlərmi? Erməni təbliğatının haqqımızda yaratdığı mənfi imicmi?
 
İrəvan tələbi nə gətirir, nə götürür?

 
“Milli Şura qədim Azərbaycan şəhəri İrəvanı ermənilərə bağışlayıb”, “İrəvan 99 illiyə Ermənistana icarəyə verilib”, “Milli Şuranın tarixi səhvini düzəltmək lazımdır”, “Demokratik Cümhuriyyət ermənilərə müqaviməti təşkil edə bilmədi”, “Beynəlxalq güclər müstəqilliyin əvəzində İrəvandan imtina etməyi tələb ediblər” kimi iddialar səslənir. 1918-20-ci illər tarixini azdan-çoxdan bilən adamın heyrətlənməməsi mümkün deyil. 1918-ci ilin 29 mayında Azərbaycan Milli Şurası İrəvanı yeni yaranmaqda olan Ermənistan (Ararat) Respublikasının mərkəzi kimi tanımaq haqqında qərar verib. Və burada nə “səhv” var imiş? Sırası ilə, amma qısa.
 
Zaqafqaziya Federativ Demokratik Respublikası Cənubi Qafqazın Rusiyadan istiqlalını aprelin 22-də elan etmişdi. Bu dövlətin qurucuları üç millətin Rusiya Dövlət Dumasına seçilmiş nümayəndələri idi. Mayın 28-dən sonra yeni müstəqil dövlətlərin bir-birini tanıması prosesi başladı.Gürcülər dedilər ki, Tiflis bizim paytaxtdır (bu şəhərdə ermənilər həmin vaxt gürcülərdən də çox idi), gedin, öz ölkənizdə paytaxtınızı müəyyən edin, hökumətinizi qurun və sonra da gəlin diplomatik əlaqələr yaradaq.
 
Azərbaycan Milli Şurasının iki həyati məsələdə çətinliyi vardı. Birisi müstəqillik məsələsinə münasibətdə ilhaqçıların tələb və təzyiqləri, o birisi də Bakını paytaxt saymalarına baxmayaraq, onun rus-erməni qüvvələri tərəfindən işğal altında olması və sonuncuların müvəqqəti paytaxt Gəncə üzərinə hücuma hazırlaşmaları. Azərbaycan Milli Şurası hər iki məsələdə ən doğru qərarı qəbul etdi (təfərrüat kitablarda var). Erməni Milli Şurası da, təbii, paytaxtını müəyyən etməli idi, çünki dövlətini qurmaq istəyirdi. İstəkləri İrəvan idi. Orada xeyli (45,5%) türk yaşayırdı. İxtiyarında hərbi gücü olmayan, heçdən bir dövlət qurmaq istəyən bu nadir şəxslər (Milli Şuranın üzvləri) nə etməli idilər? Elan olunmuş dövləti heç kəs tanımır, Azərbaycanın xeyli hissəsi işğal altındadır, bu insanlar nə etməli idilər? Osmanlı dövləti belə erməniləri tanıyırdı, Azərbaycan hökuməti ermənilərə bu bölgədə vətən haqqı tanımamaqla nə qazana bilərdi? Azərbaycanın fiziki varlığının sual altında olduğu həssas bir zamanda ona yardım etməyi (bütün risklərə rəğmən), Azərbaycanı xilas edəcəyini vəd edən Osmanlı rəhbərliyi, o cümlədən Ənvər Paşa da ermənilərlə dil tapmağı məsləhət görürdü. Detallara varmadan birmənalı göstərmək istəyirəm: Milli Şura ən düzgün addımı atdı.
 
Ümumiyyətlə, milli dövlətin baniləri barəsində əski kommunist təbliğatı ənənələrində, qeyri-elmi, insafsız iddialar ağılalmaz bir işdir. Bu il milli tariximizin ən böyük hadisəsindən – tarixdə ilk dəfə milli dövlətimizin elanından 90 il keçir. Milli tariximizin o müqəddəs günlərini və şəxsiyyətlərini təbliğ etməkdənsə, istiqlal qəhrəmanlarına heykəllər qoymaqdansa, möhtəşəm xatirə memorialları yaratmaqdansa, onların müqəddəs fəaliyyətini sual altına almaqla məşğuluq.Aşağılıq kompleksində çırpınan, fəqət millət olmaq istəyən bu xalqın tarixi yaddaşına zərbə vurulur. “Irəvanı verdilər” iddiasının birinci böyük, həm də mənfi tərəfi budur.
 
Vaxtınızı “Niyə məhz indi bu məsələ ortaya atılıb?” sualını cavablandırmağa sərf etmək istəməzdim. Seçki ilində Qarabağ sülh prosesi deyilən danışıqlardan bir şey gözlənilmir. Nəsə etmək lazımdır.
 
İrəvanı tələb etməyin ikinci mənfi tərəfinə keçək.
 
Diplomatiya, onun bir komponenti olan xarici təbliğatın bircə missiyası var – xarici dünyada dost qazanmaq, dostların sayını artırmaq. Üstəgəl, tarixi determinizm prinsipi ilə ərazi-sərhəd problemlərinə yanaşmaq beynəlxalq hüququn hərfinə belə ziddir, yalnız gülüş doğurur. Bəzi ermənilərin Naxçıvan tələbi əslində bizə xeyirdir – ondan faydalanmağı bacarmaq lazımdır, onları yamsılamaq deyil!
 
Yanlış tarix konsepsiyamız
 
Yeri gəlmişkən, sovet dövründə erməni tələsinə düşdük. Qeyri-elmi primordial prinsipinə əsaslanan tarixşünaslıq yaradıldı. Saxta, yanlış, ən vacibi isə ziyanlı “azərbaycanlı” konsepsiyası milli şüurun inkişafı qarşısında keçilməz səddə çevrildi. Lap böyük Çin səddi kimi. Qədim türklər bu səddi dəfələrlə aşa bilmişdilər. 2200 ildən sonra indiki türklər bu səddi keçə bilmir.
 
Nəticədə Azərbaycan vətəndaşı, xüsusən türklər özünü dərk edə bilmir, Azərbaycan tarixi ümumtürk tarixindən təcrid edilib. Bütün türklər, o cümlədən Azərbaycan vətəndaşlarının əksəriyyəti üçün əvəzsiz tarixi dəyər olan Mete, Attila, Böyük Hun İmperatorluğu, Göytürklər, Orxon abidələri, Böyük Səlçuq İmperatorluğu ... onlar üçün yaddır. Odur ki, tarix şüuru naqis olduğundan onda aşağılıq kompleksi yarandı, indi də bu kompleksdən azad ola bilmirik. Müstəqil Azərbaycanın müstəqil tarix konsepsiyası nə vaxt yaranacaq?Yenə hansısa ağılsız erməni dığası (özü də diqqət edin: rəsmi şəxs deyil!) Naxçıvanı erməni torpağı sayırsa, onu tələb edirsə, biz də İrəvanımı tələb etməliyik? Yenə də erməninin diqtə etdiyi oyun qaydası!
 
Biz Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tanımağı, Qarabağdan əlini çəkməyi tələb edirik. Ermənistanın ərazi bütövlüyünü tanımamaqla erməni işğalçılarına xarici təbliğatda əlavə arqument vermiş oluruq. Erməniyə bundan qiymətli hədiyyə təsəvvür etmək olmaz! “Dünya ictimaiyyəti” adlandırdığınız böyük güclərin Azərbaycana əlavə təzyiqləri üçün əsas vermiş oluruq. Çox vacib məqamlardan birisi də - bu təbliğat yarışında, ya müharibəsində gülünc görünürük. Torpağı işğal altında olan dövlət torpaqlarını azad etmək barədə düşünməlidir, onu genişləndirməyi deyil!
 
Bir zamanlar bu acı təcrübəni fələstinlilər də yaşadı. Xarici təbliğatlarında yəhudilərin Fələstində vətən haqqının olmadığını vurğuladılar, statistik rəqəmlərlə bunu əsaslandırmağa çalışdılar. Yəhudilər bu səhvdən dərhal istifadə etdilər, əks-təbliğatla fələstinlilərin yəhudilərə vətən haqqı tanımadıqlarını, onları qonşu olaraq belə qəbul etmədiklərini göstərib, ardınca da raket və tankları göndərdilər. Bu, indi də davam etməkdədir. Amma fələstinlilər, ən azı rəsmi səviyyədə, bu yanlış təbliğatdan əl çəkiblər.
 
MM-in gözlənilən “İrəvan qərarı” nə verər?
 
- Bakıya gəlmiş Qarabağ ermənisini şillələmək nə verdisə - onu!
- Bakıdakı qəbristanlıq probleminin yöndəmsiz “həlli” Avropa Şurasında (11421 saylı sənəd) və dünya mətbuatında nə verdisə - onu!
- Qrant Dinki öldürməklə, Türkiyəni çıxmaza soxmaq nə verdisə - onu!
 
Bəs nə olsun?
 
Hər şeydən əvvəl Qarabağ probleminə yanaşmada “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” konsepsiyasından əl çəkmək lazımdır. Ona görə ki:
 
- “Münaqişə” (“konflikt”) sözü - konfliktologiya elminin əlifbasından yanaşmış olsaq- mübahisəli ərazi, torpaq və sairəyə münasibətdə istifadə edilə bilər. Biz bu sözü işlətməklə Qarabağı mübahisəli ərazi sayırıq. Doğru deyil!
 
- Problem “Dağlıq Qarabağ” sərhədlərini çoxdan aşıb. Biz onun sərhədlərini məhdudlaşdırmaqla erməniyə daha bir hədiyyə veririk, heç onun fərqində də deyilik!
 
- Qarabağ problemimiz “Ermənistan-Azərbaycan münaqişəsi” deyil, çünkü Qarabağ və ətraf rayonlar Ermənistanla Azərbaycan arasında mübahisəli, münaqişəli ərazi deyil.
 
Bu problemin ən doğru adı “Ermənistanın Azərbaycan torpaqlarını işğal aktı”dır və işğal olunmuş Vətən torpaqlarını işğaldan azad etməliyik – vəssalam!
 
“Münaqişə” nə zaman başladı? Rəsmi cavab: 1988-ci ilin fevralında DQMV Xalq Deputatları Sovetinin məlum qərarı ilə. “Dağlıq Qarabağ münaqişəsi” konsepsiyasına görə, bu, doğrudur. Amma “beşmərtəbəli evin altıncı mərtəbəsi” varmış. Dağlıq Qarabağın 80 min ermənisi 7 milyonluq xalqını, ermənilər demişkən, belə asanlıqlamı əzdi? Həqiqət “altıncı mərtəbə”dədir. Yeni tarixi dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları məhz Ermənistan Akademiyasının Moskvaya petisiyaları, İrəvanın Opera meydanında “Qarabağ” bağırtıları, Qarabağ Komitəsi..., yəni Ermənistanın təcavüzü məhz 1987-ci ildə başladı.
 
Son zamanlar səsləndirilən bir fikrə də münasibət bildirmək gərəkdir. Rəsmi şəxslər ikidə-bir Qarabağı ermənidən pulla alacaqları haqda ümidlər yaratmağa çalışırlar. Qarabağın pulla alınması mümkün deyil, Vətən sayırıqsa - onu verəcəyimiz qanla geri qaytarmaq mümkündür. Vətəndən pay vermək kimi, Vətəni pulla azad etmək fikrinə düşmək də, yumşaq desək, yanlışdır.
 
Keçən il Xocalı genosid aktı ilə bağlı müzakirələrdə çoxlu dəyərli təkliflər səsləndi. Hansı birisi icra olundu? Məsələn, mən təklif etmişdim ki, Xocalı cinayətinin birbaşa təşkilatçısı olmuş Robert Koçaryanı qaçqınlar beynəlxalq məhkəməyə versinlər. Azərbaycan diplomatiyası qarşısında dost dövlətlərin parlamentlərinin Ermənistanı təcavüzkar dövlət kimi tanınmasına nail olmaq vəzifəsi qoyulsun. Digər bir təklif – MM-in informasiya mərkəzini Qarabağ Strateji Araşdırmalar Mərkəzinə çevirmək – də qəbul edilmədi. Həmin informasiya mərkəzi də bu günlərdə yanlış “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı və məzmunlu kitabçanı bizə payladı, rəhbərlik də əhsən dedi. İndi İrəvana iddia edirik – məntiq hanı?
 
Qarabağla bağlı xarici təbliğatımız necə olmalıdır? Əsas ideya, məncə, belə olmalıdır: Ermənistan bizim torpaqlarımızı işğal edib. Amma biz qonşuyuq, bir coğrafiyada yaşamağa məhkumuq. Ermənistan əhalisinin ac və qəzəbli qalmaması üçün onun rifah dövlətinə çevrilməsində maraqlıyıq. Azərbaycanın enerji resursları və beynəlxalq layihələr Ermənistanın da bundan istifadə etməsinə imkan yaradır. Bu layihələr Cənubi Qafqazı rifaha çatdırmağa yetər. Yetər ki, Ermənistan işğaldan əl çəksin.
 
Bu, məsələnin təbliğat tərəfi. Əməldə isə həm sülh, həm də müharibə yolu Azərbaycanın güclənməsini tələb edir. Azərbaycan Ermənistandan tək hərbi büdcənin miqdarına görə fərqlənməməlidir. Azərbaycan işğalcı qonşudan hüquqi dövlət olması ilə, korrupsiya səviyyəsinin azlığı, demokratikliyinin yüksəkliyi, milli birliyin möhkəmliyi ilə fərqlənməlidir. Azərbaycan Ermənistandan hər sahədə bir baş yüksək olmasa, Qarabağ erməniləri üçün cəlbedici olmasa, özünün həyati problemini həll edə bilməyəcək.
 
Qonşu və təcavüzkar dövlətin paytaxtı ilə bağlı rəsmi sənəd qəbul etməyə hazırlaşan MM-in də boynuna böyük məsuliyyət düşür. Qarabağ Milli Proqramı qəbul edilə bilər. Hər ilin sonu Qarabağ sülhünə, ya Qarabağ müharibəsinə nə qədər yaxınlaşdığımız müzakirə edilib, icraedici hakimiyyətə uyğun tövsiyələr verilə bilər.
 
Nəticə yerinə
 
“İrəvan bizimdir” demək yox - Qarabağı düşməndən azad etmək lazımdır! Onun üçün birinci növbədə doğru-dürüst konsepsiyamız olmalıdır. Onun üçün rəhmətlik Elçibəyin “Biz türklüyümüzü dərk edəndən sonra milli problemlərimizi həll etməyə başlayacağıq” düsturuna ciddi yanaşmaq lazımdır. Onun üçün müəyyənləşmiş qeyri-müəyyənlikdən qurtarmaq lazımdır!

Nəsib NƏSİBLİ,
Professor
2008