​Tanışını bıçaqlayan futbolçuya hökm oxundu

Baxış sayı:
2818

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən S.Kurdyukovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S.Kurdyukovaya azadlığın məhdudlaşdırılması ilə bağlı cəza verilib. Belə ki, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. 
Qeyd edək ki, hadisə ötən il Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı naməlum şəraitdə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 
Yaralı tibbi əməliyyatdan sonra yıxılaraq xəsarət aldığını bildirib. 
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının araşdırması zamanı məlum olub ki, F.İbrahimovanı tanışı, yetkinlik yaşına çatmayan S.Kurdyukova mübahisə zamanı bıçaqlayıb. Daha sonra S.Kurdyukova saxlanılıb, onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüb.
Xatırladaq ki, S.Kurdyukova futbolçudur. O, 2014-cü ildə keçirilən 1999/2002-ci il təvəllüdlü yeniyetmə qızlar arasında futbol turnirində “Neftçi”nin heyətində ən yaxşı yarımmüdafiəçi mükafatına layiq görülüb./oxu.az