​Tanınmış politoloq həmsədrləri 3 meymuna bənzətdi: "Görmürəm, eşitmirəm, danışmıram..."

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Karen Karapetyanın işğal altındakı Kəlbəcər rayonu ərazisində mineral su istehsal edən zavodun açılışında iştirak etdiyi ərazinin başqa yer olduğunu bildirir.
Belə ki, politoloq həmin ərazinin Kəlbəcər deyil başqa yer olduğu iddiasını irəli sürüb. Politoloq bildirib ki, Ermənistanın baş naziri Karen Karapetyanın işğal altındakı Kəlbəcər rayonu ərazisində mineral su istehsal edən zavodun açılışında iştirakı xəbərini erməni saytları yazıb, həmişəki kimi bizim saytlar da olduğu kimi yayınlayıblar: “Karen Karapetyanın həmin zavodun açılışını göstərən 3 dəqiqəlik videonu izlədim. Uşaqlıq illərində bir neçə dəfə Kəlbəcərdə olmuşam və bu xatirələrdən çıxış edərək erməni nazirin məhz Kəlbəcərdə zavod açdığını mənə söyləmək çətindir. Həmin videoya əslən kəlbəcərlilər baxıb dəqiq həmin yerin hara olduğunu müəyyənləşdirə bilərlər. Ancaq Karen Karapetyan qeyri-qanuni olaraq Dağlıq Qarabağa gəlmədən də bilirik ki, ermənilərin gözü hər zaman Kəlbəcərin isti-suyunda olub.
Uşaqlıqda atamla dağ yolları ilə Kəlbəcərdən Ermənistanın Cermux rayonuna getmişdik. Orada da mineral su var idi, ancaq ermənilər özləri bizə etiraf edirdilər ki, Kəlbəcərin isti-suyu daha keyfiyyətlidir”. Elxan Şahinoğlunun sözlərinə görə, əgər Karen Karapetyanın Kəlbəcərdə su zavodu açdığı tədiqlənərsə, fikrimcə, buna veriləcək iki reaksiya var: “Birincisi, Azərbayxan XİN açıqlama yayaraq bəyan etməlidir ki, Şuşa, Kəlbəcər, Laçın və ermənilərin heç zaman yaşamadıqları digər işğal altındakı ərazilərdə istənilən məskunlaşma və tikinti işləri təxribat kimi dəyərləndiriləcək və bu halların təsdiqlənməsi danışıqların durdurulması və Azərbaycan ordusunun müvafiq tədbirlər görməsini şərtləndirəcək. İkincisi, ATƏT-in Minsk Qrupunu bir daha oyatmaq lazımdır. 3 meymunu oynayan (görmürəm, eşitmirəm, danışmıram) həmsədrlərə də anlatmaq lazımdır ki, Kəlbəcərdə nəyin tikildiyini araşdırsınlar və əgər tikilən obyekt işğal ərazisinə aiddirsə, bu barədə qarşı tərəf xəbərdarlıq etsinlər, etmirlərsə, bizdən atəşkəsə riayət edəcəyimizi gözləməsinlər”, – deyə politoloq vurğulayıb.