Tanınmış jurnalistin məhkəməsi niyə qapalı keçirilir?

Sevinc Osmanqızı: "Bu, siyasi motivlərlə açılan cinayət işidir və onun məqsədi məni qorxutmaq, susdurmaqdır"

Tanınmış jurnalist, Qadın Jurnalistlər Birliyinin rəhbəri Sevinc Osmanqızının CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə Nərimanov rayon məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyilə keçirilən prosesin media nümayəndələrinin iştirakı olmadan, qapalı keçirilməsinə qərar verilib. Sevinc Osmanqızı ona qarşı iş üzrə məhkəmənin qapalı keçirilməsi qərarını pisləyib.

"Bu, mənə qarşı cinayət işini ictimaiyyətdən gizli saxlamaq, bağlı qapı arxasında qərar qəbul etməkdən ötrüdür. Mənim ictimaiyyətdən heç bir gizli əməlim yoxdur. Bütün həyatımı Azərbaycana həsr etmişəm. Əgər məni nədəsə günahlandırırlarsa, bunu açıq etsinlər. Bu, siyasi motivlərlə açılan cinayət işidir və onun məqsədi məni qorxutmaq, jurnalist kimi susdurmaqdır. Müstəqil rəy sahibi olan jurnalistlərə qarşı bu cur təqib kampaniları yolverilməzdir", - deyə Sevinc Osmanqızı bildirib.

Xatırladaq ki, Sevinc Osmanqızı keçmiş həyat yoldaşı, Azərbaycanın "CBC" (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında məhkəməyə cəlb olunub. Azər Xəlilov tanınmış jurnalistin CM-nin 147 və 148-ci maddələrilə cəzalandırılmasını istəyir.

Sevinc Osmanqızı fəaliyyətilə əlaqədar hazırda ABŞ-da yaşayır. Hakim jurnalistin özünün məhkəmədə iştirakının təmin olunmasına qərar verib.

Muxalifet.com