Tanınmış jurnalist təzyiqlərlə üzləşib – ONU HƏDƏLƏYİRLƏR

 
Müxalifet.az saytının əməkdaşı Amid Həsənova qarşı təzyiqlər davam edir. Qeyd edək ki, əməkdaşımız son günlər naməlum şəxslər tərəfindən izlənilir və ona gizli nömrələrdən təhdid xarakterli zənglər edilir.  
Xatırladaq ki, ötən il dekabrın 18-də Muxalifet.az-ın redaksiyası önündə dayanan Amid Həsənov naməlum şəxslərin hücumuna da məruz qalmışdı. Belə ki, həmin vaxt sonradan dövlət nömrə nişanı saxta olduğu, daha doğrusu heç bir şəxsin adına olmadığı bəlli olan avtomobildən düşən 3 nəfər şəxs onu zorla maşına basaraq naməlum istiqamətə aparmışdılar. Həmin gün axşamadək jurnalistdən xəbər çıxmasa da, sonradan onun Nərimanov rayon 16-cı Polis İdarəsində olduğu bəlli olmuşdu. Bu zaman o da aydın olmuşdu ki, A.Həsənov polis rəisi polkovnik İsmayıl Əsədovun göstərişi ilə həbs edilib.
İdarədə ona təzyiq göstərilmiş və hakimiyyət əleyhinə yazacağı halda həbs ediləcəyi haqda xəbərdarlıq edilmişdi.
Yeri gəlmişkən, həmin hadisədən sonra A.Həsənov əksər yazılarına anonim imzalar qoyurdu. Hətta redaksiya rəhbərliyi jurnalistə edilən hədə-qorxulardan sonra onun təhlükəsizliyini nəzər alıb, A.Həsənovun saytda olan tənqidi yazılarının bəzilərini silmişdi. Bütün bunlara rəğmən A.Həsənov Milli Şuranın 11 sentyabr aksiyası zamanı da polis zorakılığı ilə üzləşmişdi. Həmin vaxt mülki geyimli polis əməkdaşları Muxalifet.az saytının əməkdaşının fotoaparatını və kamerasını alıb sındırmış, özünü isə maşına basaraq Yasamal rayon Polis İdarəsinə aparmışdılar.
Son günlər isə əməkdaşımızın yenidən naməlum şəxslər tərəfindən izlənildiyi məlum olub. Hətta həmin şəxslər telefon vasitəsilə onu ölkədə olduğu müddətdə ona rahat yaşamağa imkan verməyəcəyi ilə hədələyiblər.
 
Muxalifet.az