TANINMIŞ EKSPERTDƏN MARAQLI TƏKLİF: Qarabağla bağlı danışıqları DİN aparmalıdır

Baxış sayı:
262

Xankəndində və digər bölgələrimizdə yaşayan ermənilər bizim vətəndaşlardır, azərbaycanlılalardır, çünki "azərbaycanlı" millət adı deyil, vətəndaşlıq tanımıdır, onlarla birbaşa DİN və sivil toplum vasitəsi ilə normal əlaqə qurmaq, danışıq mümkündür və vacibdir.
 
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Ermənistanın yeni baş naziri Nikol Paşinyanın qondarma "Qarabağ respublikası"nın danışıqlarda iştirak etməsi ilə bağlı bəyanatını şərh edərkən deyib. O bildirib ki, o zaman torpağımızda yolunu azan, separatizmlə, terrorla məşğul olan qeyri-qanuni silahlı dəstələrlə Xarici İşlər Nazirliyi deyil (bu bizim daxili işimizdir), Daxili İşlər Nazirliyi birbaşa danışıq apara bilər:
 
"Onlar silahı yerə qoyub təslim olsunlar. Separatizmlə məşğul olan erməni əsilli azərbaycanlılara əfv verilə, onların səhvlərini bağışlaya, onlara Azərbaycan pasportu verib aramıza qata bilərik. Qondarma qurumla ancaq DİN birbaşa məhz bu mövzuda danışa bilər".
 
Ekspert vurğulayıb ki, danışıqlar alınmasa, öz ərazimizi terrorçulardan təmizləmək üçün anti-terror əməliyyatı aparmaq haqqı qazanacağıq:
 
"Erməni əsilli azərbaycanlıları terrorçulardan xilas etmək, orada yuva qurmuş terror dəstələrindən təmizləmək lazımdır. Ancaq bu formatda Qarabağda yaşayan erməni əsilli azərbaycanlılarla əlaqə qurmaq, danışmaq, onlara təqaüd, maaş vermək, Milli Məclisə deputat seçmək imkanı tanımaq, bütün ölkədə özünüidarəetmə formasını genişləndirərək o bölgədə də özünüidarə elementlərini tətbiq etmək lazımdı.
 
Paşinyana cavab, məncə, emosional deyil, düşünülmüş şəkildə və bu yöndə olmalıdır"(axar.az).