​"Taleh Bağırzadənin dövlət əleyhinə çıxışlarını eşitsəydim..." - SONUNCU "NARDARAN İŞİ"

Baxış sayı:
3637

Nardaran hadisələrinə görə həbs edilən şəxslərin daha ikisinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun cinayət işi üzrə məhkəmə başlayıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü təqsirli bilmədiyini söyləyib.
Daha sonra təqsirləndirilən şəxslərə sərbəst ifadə vermələri təklif edilib. E.İsgəndərov dindirilən zaman idman ustası olduğunu deyib: "Sərbəst güləş üzrə bir neçə idman klublarında məşq keçmişəm. İdmançılarım beynəlxalq turnirlərdə nəticə əldə edib. Mən Sabunçu Rayon Polis İdarəsinin qarşısında olmamışam".
O qeyd edib ki, "Müsəlman birliyi hərəkatı"nın üzvüdür: "Həmişə idman yarışları zamanı dövlət himnimizlə başlamışıq, dövlət himnimizlə başa vurmuşuq. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edirəm. Məni Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısında saxladılar və barəmdə 15 sutka həbs cəza verildi. Mən həbsdə olan zaman Nardaran hadisələri baş verib".
E.İsgəndərov ifadəsində "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırovu namaz otağından tanıdığını bildirib: "Onun moizələri zamanı dövlət əleyhinə çıxışlarını eşitməmişəm. Əgər belə çıxışlar olsaydı, heç ona salam verməzdim".
Qeyd edək ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib.
O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.
E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda Ə.Bünyatovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyatov bir müddət sonra azadlığa çıxıb./Musavat.com