Tale Bağırzadə MTN-ə çağırıldı

İlahiyyatçı Tale Bağırzadə Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb.
Bu barədə virtualaz.org saytına “Müsəlman Birliyi Hərəkatı”nın İdarə Heyətinin sədri Elçin Qasımlı məlumat verib.
“Tale Bağırzadəyə bu gün saat 15:00-da nazirlikdə olmasının vacibliyi bildirilib. Nəyə görə çağırılmasının səbəbi deyilməyib” - deyə E.Qasımlı söylədi.
Qeyd edək ki, T.Bağırzadə 2013-cü il, martın 31-də həbs olunub. İttiham aktına görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Tale Bağırzadədən isə 1,026 qram heroin götürülüb.
İlahiyyatçı haqqında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi qaldırılmışdı. Saxlanılan zaman Tale Bağırzadənin yanında olan sürücüsü A.Məlikov barəsində isə 228.1-ci maddə (qanunsuz silah saxlamaq) ilə cinayət işi açılmışdı. T.Bağırzadə bu il iyul ayının 30-da həbsdən azad olunub.
T.Bağırzadə 1984-cü ildə Bakıda doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.