Tağı Əhmədov kimilər bir deyil, iki deyil... - TƏHLİL

Bu qədər oğullar ona görə qurban getdilər ki, biqeyrət ərəblər vətənimi “priton” a döndərsinlər?
 
 

“Yaşamaq istər isək, sırf əvam olmalıyız!
Atıb insanlığı, bil cümlə həvam olmalıyız!”
M.Ə.Sabir

 
26 ildir erməni haramzada qanımızı şüşəyə tutur, kefi istədiyi vaxt zərbə endirir, öldürür, istədiyi yerin altını üstünə çevirir. Biz isə həsrətlə o yan bu yana boylanırıq, aya görəsən, hansı əcnəbi qəzetin, ya da lotunun bizlərə rəhmi gələcək, ermənini qınayacaq. Başı futboldan, “gözəllik müsabiqələrindən”, idman yarışlarından, bir-birinin başını arxadan kəsməkdən ayılmayan milləti də bu sözlərlə yatırdırıq, düşmən cavab atəşi ilə susdurulub, onun ordusu böyük itkilər verib....
Səhəri günü onu eşidirsən ki, ruh düşkünlüyünə düçar olmuş, itkilər vermiş, sarsılmış erməni yenə də neçə kəndi atəşə tutub və biz yenə də... şəhid vermişik, yenə də bir evin çırağı sönüb.
Lakeylikdən də qat-qat aşağı düşmüş bizim “ideoloqlar”, “politoloqlar” da özlərinə sığal verərək telekanallarda üyudüb tökürlər. Mən şəxsən erməni cəlladından daha çox bu tüfeyli ləşkərinə nifrət edirəm.
Alxanlıda baş vermiş müdhiş qətl barədə hamı məlumatlıdır. Qana bələnmiş balaca Zəhranın görüntüsü hamının gözünü yaşartdı, Xocalı qətlamı yenə də yada düşdü.
Aylarla kasıb-kusuba baş çəkməkdən, ön xəttə əsgərlərin yanlarına getməkdən, düşmən arxasına reydlər keçirib neçə-neçə köhlənin bağrını çartlamaqdan üzülmüş bizim düymə basan “millət vəkilləri”, müstəmləkə ədəbiyyatının ideoloqu Nizami Cəfərov və onun həşəmətli tərəf müqabilləri, mənasız çıxışları ilə hamının zəhləsini aparmış Rasim Musabəyov, xülasə, iqtidarın ruslar demişkən “bezdarnıy” trubadurları bu dəfə gözə dəymədilər. Sonra öyrəndim ki, kişilər istilər düşdüyü üçün lətif vücudlarına qulluq etmək qərarına gəliblər, hərə bir səfalı yerdə kefdədir.
Həmişə gündəmdə qalmağa çalışan Qənirə xanımı da görmədim, fikirləşdim ki, yəqin bu dəfə Qarabağ həqiqətlərini açıb-tökmək üçün ya Surinama gedib, ya Havay adalarına.
Bu dəfə iqtidarın başbilənləri patron darağından Musa Qasımlını, Hikmət Babaoğlunu və Elman Nəsirovu çıxarıb ortaya qoydular. Bunların üçünün də milli azadlıq qovğasında müstəsna xidmətləri var, küçə yürüşləri, piket təşkil etməkdə 80-ci illərin sonunda onlarla heç kim bəhsə girə bilməzdi. Dəfələrlə döyülüblər, həbsə salınıblar, iş yerində hər dəfə gözümçıxdıya salınıblar, min dürlü təqibə məruz qalıblar, xülasə əsl fədailər.
Bakını qana bələmiş general Tyaqunov, Dubinyak, Lebed bu ağalardan tük atardılar. Məxləs, kişilər başladılar gül dəhanlarından söz əvəzinə ləl-cəvahirat səpələməyə. Amma təəsüflər olsun ki, bu ağaları qabağa çıxaranlar onlara bəzi tapşırıqları verməmişdilər, yəni, çalışın mənasını bildiyiniz sözləri işlədin, dəhşətli cinayət üçün tez-tez “vandalizm” ifadəsini dilə gətirmək düzgün deyil. Vandalizm memarlıq abidələrinin, sənət əsərlərinin bihudə yerə məhv edilməsi deməkdir.
Özü də bu sözün nə vaxt, hansı şəraitdə yaranmasını əsl tarixçilər bilirlər. Körpə uşağın nənəsilə öldürülməsi bağışlanılmaz hərbi cinayətdir və bu tükürpədən əməli törədənə nə söz desəniz yaraşar. Burada tolerantlıqdan, humanizmdən gəvəzələyənin dili kəsilməlidir.
İndi deyəcəyim sözlərdən inciyənlər tapılacaq. İstər Prezident aparatında, istərsə də Milli Məclisdə ermənilərlə yaxın qohum olan, rus kəşfiyyatı rezidentlərinin əmrlərini cani-dildən yerinə yetirən nə qədər desəniz manqurt var. Məhz bunların əlləri ilə, təhriki ilə haqq söz deyən insanlara min bəhanə ilə divan tuturlar. Köləlik o həddə çatıb ki, vətənimizdə ümmanlar qədər qan tökmüş, ermənini təpədən-dırnağa qədər silahlandırmış canilərdən danışarkən rusların adını da çəkmirik.
...Televizorda dövlət ərkanının iclası göstərilir. Prezidentin çıxışına diqqət kəsilirəm. Gözəl mətləblərdən ətraflı danışan prezident uğurlarımızı sadalayır. Köhnə kişilər demişkən, dövlətin nailiyyətlərinə sevinməyənin ölüsünə də, dirisinə də lənət.
Nəhayət Hörmətli Prezident Zəhra balamızın qanının yerdə qalmadığını, düşməndən qisasın alındığını da açıqlayır. Gözlərim yaşarır, dua edirəm, İlahi özün kömək ol, Şuşanın da, təhqir edilmiş irz-namusumuzun da, şəhidlərin də qan qisasını düşməndən alaq, əcdadımızın “Müxənnət ölkəsi talanmaq gərək!” vəsiyyətini kişi kimi yerinə yetirək!
Təəssüflər  olsun ki, xoş təəssüratım çox çəkmir, hər gün, hər saat mənə əzab verən, həyatımı cəhənnəmə döndərən olaylar, rastlaşdığım imansızlıq, rəhmsizlik faktları, vəzifəli nakəslərin harınlığı gözlərimin qarşısındadır. Nə ovunmaq olur, nə unutmaq....
Hərci badə-bad deyərək bu dəfə də hörmətli Prezidentə  müraciət etmək məcburiyyətindəyəm.
Hörmətli Prezident, bütün ölkə bilir ki, Siz dərd-sərd içində çapalayan xalqdan çoxdan təcrid olunmusunuz.
Sizə ya sadiq təbəəlik hisslərini izhar edən məktublar, ya da həddən ziyadə şişirdilmiş “qələbə raportları” çatdırırlar. Məsəl var deyərlər, qaradan artıq rəng yoxdur. Cəsarətlə deyirəm ki, yazdıqlarımın bir abzasını sizin məiyyətinizdə yağ-bal içində yaşayan, dünyadan kam alan tüfeyli dəstəsinin bir üzvü yazmayıb. Çünki nə cəsarətləri çatırdı, nə də savadları.
Tağı Əhmədovla bağlı həngamənin üzə çıxması heç kimi nə sarsıtdı, nə də təəcübləndirdi. Hamının qulağı dolub və hamı da yaxşı bilir ki, YAP nədir, onun “gülməşəkər”, tikələri ələ gəlməz xadimləri hansı əməllərin yiyələridirlər. Rüsvayçılıqla bağlı Aydın Mirzəzadənin fikrini bilmək istəyiblər. Əvvəlcə, bu ağanın tutduğu vəzifəyə baxaq: “Partiyanın icra katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili”. Bəh-bəh, adamın gözləri qamaşır, Aydın Mirzəzadə kimi unikum görün necə savab işlərlə məşğuldur, kişi heç demə elm dəryası imiş!
Bu da YAP ələmdarının cavabı: “Bunun partiyaya heç bir aidiyyatı yoxdur” . Yadıma “Ölülər” əsərindən bir məşhur səhnə düşdü. Şeyx Nəsrullahın bütün fırıldaqlarının mahiyyətini gözəl başa düşən kefli İsgəndər camaat dağılandan sonra ona deyir: “Cənab Şeyx, mən ölüm əl ver! Lotusan həyə, əl ver!” Üzümü bivec çıxış və məddahlıqdan başqa əlindən heç nə gəlməyən, amma özü üçün yaxşı gün ağlamış A. Mirzəzadəyə tutub soruşuram: On ildən çoxdur ki, Razim Məmmədov adlı bir irtica zəbanəsi Xətai rayonunda fironluq edir. Ulu öndərin yaşıl irsinin axırına çıxan bu məmur bütün xalqı iqtidarın üzərinə qaldırıb, o yer qalmayıb ki, satılmasın! Ay siyasi təhlil və proqnozlaşdırma üzrə özünü maestro sayan Aydın ağa, yəni siz on il ərzində dərc olunan saysız tənqidi və ifşaedici məqalələri oxumamısınız? Sizin “partyaqenossi”lər o qədər kor və küt idilər ki, metronun “Kubinka” ya dönməsini görmürdülər? Sizin partiyanızın sıravi üzvləri məgər görmürdülər ki, tuneldə nəfəs almaq olmur?
Otuz beş il yerin altında işləmiş bir veteran kimi bütün məsuliyyətimlə deyirəm, faciələr qabaqdadır, Allah millətin dadına çatsın.
Hörmətli Prezident, mənə inanın, hamının Tağı Əhmədovla bağlı fikri eynidir, bir-iki ay danışacaqlar, yığdığını alacaqlar, sonra hər şey unudulacaq. Abbasov kimi mafioz “İstiqlal” ordeninin kavaleri olanda, vampirin biri milyonluq kabab sifariş edəndə, başqa bir nakəs xalqın dərd-sərinə tüpürərək itinə toy büsatı quranda, bir ovuc alçaq kasıb-kusuba da dənizə yaxınlaşmağı yasaq edəndə, elit estrada fahişələri Bakıda astronomik məbləğlər qazananda kimin etiraz hayqırtısı eşidildi?
Hörmətli Prezident, Siz məgər bilmirsiniz ki, Kəmaləddin ağanın “imperiyasına” yaxınlaşıb istirahət etmək istəyənin gərək azı bir xurcun pulu olsun? Bu qədər oğullar ona görə qurban getdilər ki, biqeyrət ərəblər vətənimi “priton” a döndərsinlər? Sizin məmurlar turizmin inkişafından, idman sahəsində qazandığımız qələbələrdən danışanda ağızlarına çullu dovşan sığışmır.
YAP-ın bütün üzvləri olimpiya çempionu olsalar da, səlib dünyasının bütün ziyarətgahları bu bədbəxt xalqın halalca pulu ilə restavrasiya edilsə də, bizim Şeyxülislam cənabları, ya da Rövnəq ağa öz doğmaca dillərində iki-üç cümləni bir-birinə qoşub danışa bilsələr də çox arzumuz gözümüzdə qalacaq. Hörmətli Prezident, bədbinliyim üçün əsas var.
Siz məharətli xarici siyasətinizlə həm Qərbi, həm də Rusiyanı qane edirsiniz. Sağ olun ki, Azərbaycanı Suriyanın, Liviyanın gününə düşməməsi üçün əlinizdən gələni edirsiniz, elə buna görə də Sizə minnətdarıq. Amma, ən amansız, ən mənfur düşmən daxildədir.
Neçə ildir ki, deputat Elmira Axundovanın “gül balasının” əməllərindən bütün ictimaiyyət xəbərdardır. Mən onun aldatdığı, müflis edib  küçələrə saldığı zavallıların müdafiəsinə qalxdım. Müvafiq orqanlara onlarla təkzib edilməz “daşdan kəçən” sübutlar, dəlillər, lent yazıları təqdim olundu. Elmira Axundova övladını layiq olduğu cəzadan xilas etmək üçün daha o fənd qalmadı ki, işlətməsin. Yuxarıdan gələn əmrlərin qarşısında müticəsinə duran hakimlər prosesi aylarla uzatdılar.
Yaxşı da bəhanə vardı, cinayətin digər iştirakçısının Moskvaya qaçması Elmira Axundovaya əl verdi. Vaxtı uzatmaq, oğlundan diqqəti yayındırmaq xatirinə məni də məhkəməyə verdi, guya mən məqalələrimdə təhqirə yol vermişəm.
Elmira Axundovanın əlində marionetə dönən məmurlar bu işi ötür-ötürə saldılar. Əlbəttə ki, oğlunun ortağı Moskvada həbs edilib Bakıya gətirilsə və o bildiklərini açıb töksə, bu Elmira Axundovanın sonu olar. İndi isə o özünü cəfakeş kimi gözə soxmaq istəyir, ay haray, qoymayın, məni təhqir edib, nüfuzuma zərbə vururlar!
Hörmətli Prezident, boğazımdan asılsam da sözümü deyəcəyəm, Elmira Axundovanın Milli Məclisdə oturmasını bütün xalqım üçün həqarət sayıram. İstənilən səviyyədə bu ittihamımı sübut etməyə hazıram.
Günahım var, sadəcə olaraq soruşmuşam ki, neçə-neçə dəbdəbəli mənzili, sərvəti, villaları, bahalı maşınları Elmira xanım hansı qonorarların hesabına alıb? İstər Moskva mətbuatında, istərsə də Bakıda Ulu öndər föhslərə tutulanda, üzərinə ləyən-ləyən çirkab atılanda Elmira xanım harada idi, niyə bircə dəfə cınqırı da çıxmadı?
Mən şəxsən Arkadiy Vaksberqin, Aynur Camalqızının və digər “demokratların” çıxışlarını unutmamışam. Məhkəmə iclaslarında ikrah hissi oyadan hadisənin də şahidi oldum. İlahi, insan nə qədər miskin və məkrli olmalıdır ki, belə şeylərə əl atsın. Vəkil bir şəkli ikona kimi qabağında tutub ciddi-cəhdlə hakimin diqqətini cəlb etməyə çalışırdı. Bu, xətiri bizim üçün əziz olan ölkənin birinci xanımı ilə Elmira Axundovanın birgə şəkli idi...
Şəkli görüb öd-bağır olan hakimlər bizi heç danışmağa da qoymurdular... Burada şərhə ehtiyac da yoxdur.
Zati aliləri, iki dəfə sizə yazdım ki, qəbir yeri 700 manatdır, işsiz qalmış övladlarımda o güc yoxdur ki, belə xərc çəksinlər. Bu gün-sabahlığam, yəni, öz doğma vətənimdə insan kimi basdırılmağım üçün yalvarmalıyam? Yaxın ətrafınız müraciətlərimi vecinə də almadı... Adı bədnam olmuş Haitidə belə qələtlər eləmirlər!
Özü üçün “Heydər Əliyevin bioqrafı” titulunu uydurmuş Elmira Axundovanın “gül balası” üç-dörd bahalı maşında belədən belə gəzir, bər-bəzəkli saraylarda şellənir, bu dövləti quran mənim kimi qoca veteranın nəvələri isə əzab çəkirlər. Ağalarovun oğlu da Abşerona yaxşı dadanıb, bu ayın sonunda o yenə də Moskvada nə qədər estrada, şou – biznes həşəratı var,hamısını gətirib tökəcək Bakıya, növbəti “Jara” festivalı keçirmək istəyir...
Cənab Prezident, vaxtınız olanda bizim telekanalları izləyin, mütəmadiyən çıxış edənləri dinləyin, sadiq təbəəlik izhar edən əttökən sözlərdən və primitiv sentensiyalardan başqa heç nə eşitməyəcəksiniz. Mənə inanın, xalq bu mikrafon, studiya dəllallarına nifrət edir.
Siz Ali Baş komandan kimi heç vaxt razı olmazsınız ki, əmrinizlə ölüm-dirim savaşına gedəcək gənclik bu konformistlərin ümidinə qalsın.
İmkanlarınız, gücünüz rəhmətlik Mir Cəfər Bağırovdan min qat artıqdır. Onun başı üzərində zəhmli Moskva, respublikada isə ermənilərin əlində olan təhlükəsizlik orqanları vardı. Siz isə tam azadsınız və heç kim də cürət edib Sizə söz də deyə bilməz.
Məgər Siz görmürsünüz ki, bir qrup məmur Sizinlə xalq arasında keçilməz sədd yaradıb? Məgər xəbəriniz yoxdur ki, Xətai rayonunda yaşıl terror hələ də davam edir? Tağı Əhmədov kimilər bir deyil, iki deyil. YAP-ı yaradanlardan biri olan rəhmətlik Sirus düz deyirdi, ölkə simasız quldurlardan dad çəkir, heç yerdə şikayətə baxılmır.
Gözəl düşünülmüş xarici siyasətlə məmləkətin təhlükəsizliyini qoruyan Sizsiniz. Xarici siyasət məsələsində həmişə yanınızdayıq. Sizi dəstəkləyirik, alqışlayırıq. Siz razı olarsınız ki, cəzasızlıq mühitindən sui-istifadə edən yaramazlar, rüşvətxorlar, məkrli məddahlar boğaza yığılmış xalqın səbr kasasını doldursunlar və Sizin bütün əzab-əziyyətinizi puça çıxartsınlıar?!
 
Firuz Haşımov