​“Tacikistanın potensialından yararlana bilərik” - Qabil Hüseynli

Baxış sayı:
523

Tacikistan geostrateji mövqeləri yüksək olan ölkədir. Bu ölkənin Əfqanıstanla sərhəddə yerləşməsi ABŞ-ın, yaxud Qərb dövlətlərinin diqqətini çəkən əsas məsələlərdən biridir. Talibanla mübarizədə Tacikistan ərazilərindən istifadə etmək istəyən ABŞ hələlik bu niyyətinə nail ola bilməyib.
Muxalifet.az bildirir ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfərini Teleqraf.com-a şərh edən politoloq Qabil Hüseynli belə deyib.
Bu baxımdan, politoloq Tacikistan – Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinin bölgə üçün böyük əhəmiyyətə malik olduğunu bildirərək, Emoməli Rəhmonun Bakıda Prezident İlham Əliyevlə görüşünün münasibətlərin inkişafına təkan verəcəyinə diqqət çəkib: “Ölkələr müstəqil olduqdan sonra Tacikistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələri müəyyən mərhələdən sonra inkişaf etməyə başladı. Tacikistan həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İttifaqının üzvüdür. Bu mənada, Tacikistanın həmin təşkilatlarda xüsusi çəkisi var və bu ölkə ilə siyasi əlaqələrin inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir.
Nəzərə almaq lazımdır ki, Tacikistan – Azərbaycan münasibətləri xoşməramlı münasibətlərdir. Hələ Sovet İttifaqı dönəmində hər iki respublika arasında pambıqçılıq sahəsində əməkdaşlıq vardı. İndi isə hər iki ölkə müstəqildir və Tacikistanın SSRİ dönəmindən sənaye potensialı var. Bu potensialdan ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yararlanmaq mümkündür. Azərbaycan bununla həm Şanxay Əməkdaşlıq Təşkilatında, həm də KTMT-də öz təsir imkanlarını genişləndirmək üçün etibarlı tərəfdaş qazanmış olur. Bununla eyni zamanda, müxtəlif istiqamətlərdə əlaqələrin qurulması üçün yeni perspektivlər açılacaq.
Ölkələrin iş adamları arasında əməkdaşlıq, qarşılıqlı idaxl-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün yeni imkanlar yarana bilər”.
Tacikistanın İslam Əməkdaşlıq Təşkilatının üzvü və müsəlman ölkəsi olduğunu deyən Qabil Hüseynli qeyd edib ki, bu baxımdan da, Tacikistan bir sıra məsələlərdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyin verilməsində Tacikistan xüsusi rol oynayır: “Tacikistan Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edən ölkələrdən biridir. Tacikistan prezidentinin Azərbaycana səfərindən sonra ikitərəfli münasibətlər strateji əhəmiyyət kəsb etməyə başlayacaq. Bu da gələcəkdə Qarabağ və digər məsələlərin həllində Azərbaycana siyasi xallar qazandıracaq”.
Qeyd edək ki, Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfər edib. İ.Rəhmonun Paytaxt Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə tərəflər arasında bir sıra sənədlər imzalanıb.