​“Əşyalarınızı və paltarlarınızı yuyun...” – HAKİMİYYƏTDƏN SAKİNLƏRƏ XƏBƏRDARLIQ

Baxış sayı:
4981

Keçmiş Rusiya kəşfiyyatçısı Sergey Skripal və onun qızı Yuliyanın zəhərləndikləri maddənin təsirindən qorunmaq üçün Salisbury şəhərində yerli pabda və restoranda bazar günü martın 4-dən bazar ertəsinədək olmuş təxminən 500 nəfərə əşyalarını və əyin-başlarını yaxşıça yumaq tövsiyə edilib.
Həmin maddənin tərkibini müstəntiqlər müəyyən etsə də, onun adı hələlik açıqlanmır, lakin məlumdur ki, sözügedən toksik maddə insanın sinir sistemini iflic edir.
Paltar və əşyaları yumaq tövsiyyəsi Skripalların olduğu yerlərə baş çəkən insanların sinir sisteminə zərər vura bilən maddənin mümkün təsirindən qorunmaq üçün verilib
BBC-yə məlum olub ki, həmin maddədən cüzi miqdarda izləri keçmiş Rusiya kəşfiyyatçısı Sergey Skripalın və onun qızının Zizzi restoranında oturub nahar etdikləri masada və onun ətrafında aşkar olunub.
Güman olunduğuna görə, ata və qız Skripallar məhz həmin maddədən zəhərləniblər.
Həmin masa və masanın ətrafındakı əşyalar restorandan götürülərək məhv edilib.
Təhlil aparan alimlər polisə bildirib ki, restoranın yenidən açılması üçün həftələrlə vaxt tələb oluna bilər.
Toksik maddənin izləri eləcə də Salisbury -də Mill pabında da aşkar edilib.
Sergey vəYuliya Skripalın kritik lakin sabit vəziyyətdə olduqları deyilir.
Səhiyyə məsələləri üzrə hökümət müşaviri, professor Sally Davies deyib ki, restoranda nahar edənlər üçün zərər riski "cüzidir".
Səhiyyə rəsmisi Zizzi restoranına bazar günü martın 4-də yerli vaxtla saat 13:30-dən bazar ertəsi gününədək baş çəkənlərə bütün əşyalarını yumağı tövsiyə edib.
Sally Davies "panika üçün əsas olmadığını" qeyd edərək, səsləndirilmiş tövsiyənin sığortalanma məqsədi ilə verildiyini bildirib.
 
Salisbury sakinləri sözügedən xəbərdarlığın daha əvvəl niyə verilmədiyini sual edirlər.
Sally Davies həmin suallara cavab olaraq bildirib ki, "elmi yoxlamalar və təhlil vaxt tələb edib", lakin bu gözləmə ziyanlı olmayıb.
Leeds Universitetinin tokskologiya professoru Alastair Hay bildirib ki, sinir sitemini təsirləndirən sözügedən maddə nəmişlik şəraitində dağılmağa başlayır.
66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Yuliya ötən bazar günü , martın 4-də Zizzi restoranı yaxınlığındakı skamyada huşsuz vəziyyətdə tapılıblar.
Onlara baxış keçirən polis əməkdaşı Nick Bailey sonradan zəhərlənmiş halda hospitala yerləşdirilib, onun vəziyyətinin ciddi olduğu deyilir, lakin polis əməkdaşı ailə üzvləri ilə danışmaq qabiliyyətindədir.
Salisbury-də beş obyektdə, o cümlədən pab və restoranda, istintaq işlərinin davam etdirildiyi bildirilir.
 
Skripal-ın evi, elecə də onun arvadı və oğlunun basdırıldığı qəbiristanlıq da yoxlanılır.
Bazar günü, martın 11-də keçirilmiş mətbuat konfransında Wiltshire polisinin başçısı Kier Pritchard deyib ki, hazırda yoxlamalar aparılan obyektlərin ictimaiyyət üçün təzədən nə vaxt açıq olacağını demək hələlik mümkün deyil.
Polisə kömək göstərmək üçün əraziyə əsgəri qüvvə də yerləşdirilib.
İstintaq işinə ümumilikdə 250-dən çox terror əleyhinə polis bölməsinin əməkdaşları cəlb olunub.
Hadisə yerindən 200-dən çox əşyayi-dəlil götürülüb, 240 nəfər isə sözügedən hadisə ilə bağlı şahidlik edib.