"SUYUN QİYMƏTİNİN BİRDƏN-BİRƏ İKİ DƏFƏ ARTIRILMASI HEÇ BİR MƏNTİQƏ SIĞMIR" - "Xalqla açıq, səmimi danışmaq gərəkir..."

Baxış sayı:
1303

"Hazırkı reallıqlar şəraitində Tarif Şurasının qəbul etdiyi qərarın Milli Məclisdə geriyə dəyişdirilməsi real görünmür. Təbii ki, tənqidi çıxışlar olar, amma bu halda da realda qiymətlə bağlı heç nə əsaslı surətdə dəyişməyəcək, dəyişən yalnız o olacaq ki, benzinin, dizel yanacağının, qazın, elektrik enerjisinin, suyun və s. qiyməti tənzimlənən məhsul və xidmətlərin qiymətlərinin qaldırılması barədə qərarlar qəbul edən Tarif Şurası kənarda duracaq. Deməli, qınaqlardan da kənarda qalacaq, ona yönəlməli ictimai qınaq və narazılıq isə parlamentə yönələcək. Ona görə də bu məsələnin hüquqi, nə də ki, hazırkı reallıqların məntiqindən doğan əsası yoxdur. Bir sıra ölkələrdə olduğu kimi, Parlament Nəzarəti haqda qanun qəbul edilib, belə məsələlər də ora salınsa, onda hüquqi əsas yarana bilər. Beynəlxalq praktikada isə antimonopol qanunvericiliyin tələblərinə uyğun surətdə təbii inhisarların fəaliyyəti müəyyən dərəcədə tənzimlənir ki, bu, qiymət məsələsində sui-istifadə hallarını da əhatə edir". Bu fikirləri iqtisadçı-alim, millət vəkili Əli Məsimli musavat.com-a müsahibəsində bildirib.

O, qiymət artımları ilə bağlı izahatların yarımçıq, əsaslandırmalar qüsurlu olduğunu deyib: "Bu ilin yanvarında benzinin və dizel yanacağının qiymətləri qaldırılan zamanda olduğu kimi, fevralda suyun qiyməti qaldırılanda da aidiyyəti orqanların qiymət artımı barəsindəki əsaslandırmalarını yetərli və qaneedici hesab etmək olmaz. Əsaslandırmalar qüsurludur. Qiymətlər artırılan zaman verilən izahatlar yarımçıq və bir sıra cəhətlərinə görə məntiqsiz olduğuna görə, qiymətlərin qaldırılması ilə yanaşı, bu artımların yetərincə əsaslandırıla bilməməsi də ictimaiyyətdə əlavə qınaq və narazılıq yaradır. Həm də ölkədə orta illik rəsmi inflyasiya 3 faizin altında olduğu vaxtda, pandemiya və müharibədən sonrakı vəziyyətdə suyun qiymətinin birdən-birə iki dəfə artırılması heç bir məntiqə sığmır. Aidiyyəti orqanın irəli sürdüyü əsaslandırmalar cəmiyyəti heç cür inandıra bilməz ki, əhalinin gəlirlərinin aşağı düşdüyü bir şəraitdə doğrudan da məhz indi suyun qiymətini birdən-birə iki dəfə qaldırmağa ehtiyac var idi. Ehtimal oluna bilər ki, bu yalnız yeni idarəetməyə keçid perspektivləri ilə bağlı məsələdir.

Bəzən bu cür yüksək templi qiymət artımlarına haqq qazandırmaq üçün müqayisələr edilir ki, bizdə benzinin və sairin qiyməti Avropadan və ya hansısa yüksək inkişaf etmiş bir ölkədəkindən 1,5-2-dəfə ucuzdur. Bu halda cəmiyyət də haqlı olaraq sual edir ki, bəs Azərbaycanda maaşlar Avropadan neçə dəfə aşağıdır? Ona görə də qiymətləri qaldıran orqanlar bu artımın həqiqi səbəblərini reallığa əsaslanaraq izah edə bilsələr, təbii ki, narazılıq olsa belə, cəmiyyətdə bu qədər güclü qıcıq yaratmazdı.

Tariflərin artırılması üçün verilən əsaslandırmaları yetərli, əsaslı hesab etmək üçün xalqla açıq, səmimi danışmaq, real vəziyyəti demək gərəkir. Həmin vəziyyətdən çıxmaqdan ötrü gerçəkdən nələrin ediləcəyini xalqa doğrudan-doğruya izah etmək lazımdır və hər bir qurum verilən sözləri yerinə yetirməlidir ki, növbəti dəfə sözlərinə inanan tapılsın...

Adətən tənzimlənən qiymətlərin artırılması aidiyyəti sahədə məhsulun keyfiyyətinin yüksəldilməsi və dövlət büdcəsindən asılılığın azaldılması ilə izah edilir. Təbii ki, əməl edilsə, bunların hər ikisi çox vacibdir. İndiki səmərəsiz idaretmə, ictimaiyyət üçün qapalı şəraitdə fəaliyyət olduğu kimi qalacaqsa, şəffaflıq və hesabatlılıq yetərli səviyyədə olmayacaqsa, büdcədən milyardlarla vəsait “Azərsu” ASC-yə, kommunal sektora, dövlət şirkətlərinə yönəldilməkdə davam edəcək və deməli, belə şəraitdə qiymət artımı da heç bir əsaslı arqumentlər olmadan bir neçə ildən bir baş verməkdə davam edəcək.

Məntiqlə yanaşdıqda benzinin, dizel yanacağının, onların ardınca isə suyun qiymətinin artırılması son siyahı kimi görünmür. Sözügüdən məhsulların qiymətlərinin artırılması zəncirvari reaksiya prinsipi ilə digər mal və xidmətlərin qiymətlərinin artırılmasına təsir göstərir. Bu, təbii qiymət artımıdır. Bununla yanaşı, aidiyyəti orqanlar süni qiymət artımına qarşı mübarizə aparacaqlarını bildirsələr də, hələlik heç bir nəticəyə nail olunmayıb, xeyli məhsulların qiymətləri nəzərəçarpan dərəcə də artıb. Bir də ki, hər şeyi öz adıyla adlandırsaq, enerjidaşıyıcılarının yanvardakı qiymət artımlarından sonra supermarketlərin elə həmin gündən başlayaraq tələm-tələsik qiymətlərin xeyli artırılmasına getməsi istisna olmaqla, süni qiymət artımının törədicisi sahibkar yox, əvvəlki illərlə müqayisədə əhalinin alıcılıq qabiliyyətinin hazırkı durumu nəzərə alınmadan suyun tarifini 2 dəfə artıran “Azərsu” və Tarif Şurasının timsalında elə dövlət qurumlarının özüdür.

II Qarabağ müharibəsi keyfiyyətcə yeni situasiya yaradıb. Xalqımız, hər bir vətəndaş ümid və gözləntilər mərhələsini yaşayır. Belə şəraitdə bütün həssas məsələlərə, o cümlədən qiymət məsələlərinə real vəziyyəti obyektiv qiymətləndirməklə ölçülü-biçili yanaşmaq lazımdır.

Aztəminatlı təbəqənin güzəranının bundan sonra da pisləşməsinin qarşısını almaqdan ötrü sosial müdafiə tədbirlərinin gücləndirilməsi üçün əlavə addımların atılmasına ciddi ehtiyac var.

“Azərsu” ASC və sair qurumlarda təsərrüfatsızlığın, israfçılığın və s. bu kimi halların qarşısını almaqdan ötrü belə sahələrin idarəeməyə verilməsini və beynəlxalq praktikada özünü doğruldan idarəetmə üsullarına keçilməsini vacib hesab edirik. Eyni zamanda həm ümumiyyətlə, həm də dövlət şirkətlərinə büdcədən ayrılan vəsaitlərdən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməlidir".