Suyun qiyməti artırıldı, Binə sakinləri susuz qaldı

Baxış sayı:
3424

Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri redaksiyamıza müraciət edərək bildiriblər ki, su təminatı ilə bağlı ciddi problemlə üzləşiblər. Sakinlərin dediyinə görə, Binə qəsəbəsinə su xətti çəkilmədiyindən sakinlər daima suyu su maşınlarından alıblar. Alınan su isə Ramana qəsəbəsindən gətirilirmiş. Lakin ötən gün Ramana qəsəbəsində su kəsilib, bir gün sonra isə problem həll olunsa da, bu dəfə gözlənilməz problem ortaya çıxıb. Qəsəbə sakini Amil Həsənovun dedikləri:

“Əgər su maşınları bundan əvvəl suyun tonunu 50 qəpikdən alırdılarsa, bu gün məlum olub ki, qiymət iki dəfə artırılaraq 1 manat olub. Bunun üçün su maşınlarının sürücüləri etiraz edərək su almaq istəməyiblər. Nəticədə qəsəbə sakinləri tamamilə susuz qalıb. İsit yay mövsümündə çıxılmaz vəziyyətdə qalmışıq”.

Qəsəbə sakini deyir ki, problemlə bağlı aidiyyəti qurumlara müraciət edilsə də, heç bir nəticə olmayıb: “Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bizə dedilər ki, problemlə bağlı məlumatları yoxdur. Oradan bizi ”Azərsu" ASC-yə yönləndirdilər. Həmin qurumdan isə bildirdilər ki, “məsələ bizim səlahiyyətimizdə deyil”. Yəni qurumlar problemi bir-birinin boynuna atır, biz isə çıxılmaz vəziyyətdə qalırıq.

Ümumiyyətlə, hər zaman Binədə su problemi olub. 2015-ci ildə qəsəbəyə su çəkməli idilər, lakin proses yarımçıq saxlanıldı".

Məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız “Azərsu” ASC ilə əlaqə saxlayıb. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı problemlə bağlı bunları qeyd etdi: “Bəli, Ramana qəsəbəsindən su alanlarımız var. Həmin su maşınlarına suyun kubunu 1 manata satırıq. Doğrudur, əvvəlcə bu qiymət 50 qəpik idi. Mən eşitdiyimə görə, sürücülər arasında şayiə yayılıb ki, suyun qiyməti artırılacaq, ona görə də su almaq istəmirlər. Halbuki bundan əvvəl bizim qurumdan 50 qəpiyə aldıqları suyu Binə qəsəbəsinə 5 manatdan satırdılar. Biz sürücülərin işinə müdaxilə edə bilmərik axı, bu onların öz işləridir, maşınlar da onlara məxsusdur”.

“Bəs problemdən çıxış yolu nədir” sualımıza qurum əməkdaşı bu cür cavab verdi: “Binə qəsəbəsinin bir hissəsinə su çəkmişik, işlər görülüb. Hazırda tamamlanmış layihələrimiz var, əgər vəsait ayrılsa, bu işləri davam etdirəcəyik”./musavat.com/