​Şuşaya yürüş olacaq: "... Evə qayıdırıq!"

Baxış sayı:
511

Siyasi fəal,  Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı yeni kampaniya təşkil edib. 
BakuPost xəbər verir ki, o, öz "facebook" səhifəsində Azərbaycan xalqını Şuşaya yürüşə dəvət edib. 
Hacılı Qarabağ Günü elan etdiyi 8 iyun 2019-cu il tarixində saat 16:00-da hamının iştirakı ilə Horadiz şəhərində toplanıb Şuşaya yürüş hərəkatının əsasını qoymağa çağırır.
"Facebook"da "Evə qayıdırıq!" adlı event və həştaq  (#eveQayidiriq!) sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Artıq "Youtube"də də"Azərbaycanlılar Qarabağa Gedir!” başlığı ilə vətəndaşlara çağırış videosu da yerləşdirilib. 
 

Məsələnin mahiyyətini öyrənmək üçün Ramin Hacılı ilə əlaqə saxladıq. O, qaynarinfo-ya açıqlamasında bildirib ki, yürüşün məqsədi dünyaya və özümüzə Qarabağ üzərindəki haqqımızı və bunun uğrunda hərəkətə keçməyə qadir olduğumuzu sübut etməkdir.
"9 may günü ermənilərin Şuşadakı əyləncələri və Ermənistan Prezidenti Nikol Paşinyanın bu bayram tədbirindəki yallı rəqsinin videosunu izlədim. Özlərini qalib kimi,  Qarabağın sahibi kimi aparmaları hər bir azərbaycanlı kimi məni də narahat etdi. Düşündüm ki, hansısa istiqamətdə bunun əksini sübut etməliyik. Onlar qalib, biz isə məğlub deyilik. Biz Qarabağı istəyirik. Sadəcə hansısa səbəblərdən, xüsusən də beynəlxalq səbəblərdən Qarabağ bu gün onların nəzarəti altındadır. Qərara gəldik ki, insanlara çağırış edək və Azərbaycan xalqı sübut etsin ki, biz Qarabağı istəyirik, Qarabağ bizim evimizdi, bizdən alınıb, oradan çıxarılmışıq, bu reallıqla barışmırıq, barışmaq fikrində də deyilik. Çox təəssüflər olsun ki, artıq 25 ildir atəşkəs rejimidi. Və bu müddət ərzində Azərbaycan xalqı heç vaxt kütləvi şəkildə hərəkət edib, bu ideyasını, məqsədini bəyan etməyib. Bunu bəyan etmək üçün Füzuli rayonunun Horadiz şəhərinə toplanmaq üçün çağırış etdim. Və əminəm ki, bu çağırışa çox ciddi reaksiya olacaq. İnanıram ki, insanlarımız ən həssas mövzu olan  və özünün natamamlıq kompleksinə səbəb olan Qarabağ itkisi ilə razılaşmayıb, "Evə qayıdırıq!" kampaniyasına qoşulacaq və birlikdə hərəkətə keçəcəyik".