“ŞUŞA – BU AZƏRBAYCANDIR” - Ermənistan sənəd verdi

Baxış sayı:
1612

Ermənistanda son günlər ərzində, Qarabağın Azərbaycan ərazisi olaraq göstərildiyi sənədlərlə bağlı ikinci qalmaqal qızışıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu dəfə Ermənistanda ölkənin koronavirus xəstələrinin qəbulu və diaqnozu üzrə əsas mərkəz olan Yerevandakı “Nork” yoluxucu xəstəliklər xəstəxanasının işçiləri ittiham olunurlar.

Belə ki, Rusiyadan gələn bir erməni vətəndaşını təcrid etmək üçün xəstəxana onu işğal altındakı Qarabağa, daha dəqiq desək, Şuşadakı xəstəxanaya göndərməyə qərar verib. Vətəndaşa verilən sənəddə onun… Azərbaycana, Şuşa şəhərinə göndərildiyi göstərilib.

Bu barədə sosial şəbəkələrdə “Sasna Tsrer” partiyası məlumat yayıb. Məlumat Ermənistanda “səhv” edən xəstəxana işçilərinə, Səhiyyə Nazirliyinə və bütövlükdə Ermənistan hökumətinə qarşı qəzəb dalğasının yaranmasına səbəb olub.

Ermənistan Səhiyyə Nazirliyində bunu, xəstəxananın yerləşdiyi ərazinin adının əl ilə yazılmadığı, yalnız Yandex və Google elektron kartlarından istifadə etməklə avtomatik olaraq təyin olunduğu ilə izah ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan mediası Dağlıq Qarabağda yaşayan Ermənistan vətəndaşı Marina Belovanın pasportunun fotosunu yaymışdı. Qadın 1975-ci ilin avqustunda Martuni rayonunda (indiki Xocavənd) anadan olub və 2019-cu ilin dekabrında verilmiş sənəddə Ermənistan hakimiyyəti “Doğulduğu yer” sütununda Azərbaycanı göstərmişdi.

Bu, internetin erməni seqmentində qəzəb doğurub, çünki Ermənistan tərəfindən Dağlıq Qarabağın Azərbaycana məxsusluğunun rəsmən etirafıdır.

Bildiyiniz kimi, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ sakinlərinə, doğum yeri Azərbaycandan fərqli olaraq haranınsa göstəriləcəyi beynəlxalq pasport verə bilməz. Çünki bütün beynəlxalq qurumlar, bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir. Üstəlik, Ermənistanın özü də əzəli Azərbaycan torpaqlarında yaradılan separatçı qurumu tanımır.