​Sürüşmə zonası - tikintiyə icazələrin verilməsinə daha ciddi nəzarət edilməlidir

Baxış sayı:
106

Son zamanlar ölkənin bəzi ərazilərində sürüşmə prossesində aktivlik müşahidə olunur. Oktyabrın 12-də Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə baş verib. Sözügedən sürüşmə sahəsində və istinad divarının 1,0-1,3 metr aşağıya doğru hərəkət etdiyi məlum olub. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən fərdi yaşayış evlərinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Badamdarda 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəzləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qərargah yaradılıb. Bunun ardınca ötən gün Bibiheybət qəsəbəsində də torpaq sürüşməsi nəticəsində istinad divarları dağılıb. Oktyabrın 18-də isə Bakının mərkəzində yerləşən Səməd Vurğun küçəsində 60 metr uzunluğu, 3 metr enində sürüşmə qeydə alınıb.
Ekspertlər torpaq sürüşmələrini Bakıda aparılan yeni tikililərlə əlaqələndirirlər.
Bəs görəsən əsl səbəb nədir? Şəhərsalma üzrə ekspert Rüfət Şirinov mövzu ilə bağlı Turan-nın suallarına cavab verib.
-Rüfət bəy, bu torpaq sürüşmələrinin səbəbi təbii proseslərdir yoxsa, torpağa süni müdaxilələr?
-Səbəbləri həm təbii, həm də sünidir. Əvvəllər şəhərsalma qaydalarında tikinti üçün yararlı və yararsız zonalanma var idi. 90-cı illərdən başlayaraq bu prinsip sistematik olaraq pozulub. Hazırda tikinti prosessi çox xaotik həyata keçirilir.
-Bəzi mütəxəssislər deyir ki, Abşeronda tikililərə görə yeraltı çayların çoxunun axarının dəyişdiyini, ona görə də yarımadanın müxtəlif yerlərində ciddi sürüşmə təhlükəsi yaranır. Bu versiya nə qədər doğrudur?
-Bəli, bu, doğrudur. Əslində yer altı çaylar olan yerlərdə tikinti aparılmamalıdı. Lakin buna böyük ehtiyac olduqda həmin çaylar xüsusi beton borularına alınır və onlara sistematik qaydada qulluq edilir, hansı ki, bizdə bu edilmir.
Ekspertlərə görə hər bir halda fəlakətlərin səbəbi yeni tikililərdir. Hətta bəziləri deyir ki, yarımadanı bu qədər yüklə yükləmək olmaz. Yarımada mənbəyindən ayrıla və su altında qala bilər.
Yeni tikililər fəlakətləri daha da mümkün edir, vəziyyəti daha da ağırlaşdırır. O ki qaldı yarımadanın mənbəyindən ayrılma və su altında qalmasına bunun ehtimalı demək olar sıfırdır.
-Bakı şəhərinin relyefi ona bu qədər müdaxiləyə, yeni tikililərə imkan verirmi?
-Bakı şəhərinin relyefi bəzi hissələrində əlavə müdaxilələr və tikinti üçün az yararlıdır. Amma yenə də, əgər buna çox böyük ehtiyac varsa o zaman orada geomorfoloji analiz aparılmalı, bütün triggerlər (yani sürüşməyə səbəb ola bilən amillər) müəyyən olunmalı, bundan sonra şəraitə uyğun bərkidilmə işləri aparılmalı, yeraltı çaylar xüsusi beton borulara, kollektorlara alınıb yönləndirilməlidir.
-Niyə sovet dövründə bu qədər hündürmərtəbəli, çox yaşayışlı binalar tikilmirdi?
-Sovet dövründə bunun edilməməsi daha çox ehtiyacın olmaması və hündürmərtəbələrin tikintisi üçün tələb olunan texnologiyaların çatışmazlığı ilə bağlı idi.
-Bütün bu məsələlərə kim nəzarət etməlidir? Və ya niyə nəzarət olunmur?
-Bütün bu məsələlərə Ekologiya və Təbii sərvətlər nazirliyinin Milli geoloji kəşfiyyat xidməti nəzarət etməlidir. Nəzarətin olmaması böyük ehtimalla tikinti sahəsinin çox korrupsiyalaşmış olduğu səbəbindən baş verir.
-Bu gedişlə Bakı və Abşeron yarımadasını hansı təhlükələr gözləyə bilər? Və bu təhlükələrin qarşısını almaq üçün indidən sonra nə etmək olar?
-Gələcəkdə bir tərəfdən son 30 il ərzində xaotik və normativdən kənar tikilmiş binaların təzyiqi, digər tərəfdən isə yeraltı infrastrukturun yararsız hala düşdüyünü nəzərə alaraq bu halların təkrarlanma ehtimalı çox yüksəkdi. Bunun qarşısını almaq üçün müvafiq qurumlar mümkün olan yerdə insanları digər yerə köçürüb ərazini tikililərdən azad etməli, digər hallarda isə xüsusi bərkidilmə işləri aparmalıdır. Və bundan sonra tikintiyə icazələrin verilməsinə daha ciddi nəzarət edilməlidir.