Sürücünü ağladıb görüntülərini məşuqəsinə göndərən DYP əməkdaşı qovuldu - YENİLƏNİB

Xəbər verildiyi kimi  sosial şəbəkələrdə yol polisinin vətəndaşla dialoqunu özündə əks etdirən video görüntülər yayılıb. Görüntülərə əsasən 99 YP 965 nömrəli avtomobildə xidmət aparan DYP əməkdaşı onun "saxla" əmrinə vaxtında tabe olmayan yük maşını sürücüsünü 700 manat cərimə ilə hədələyib ağladır, onun "dərisinə saman təpəcəyini" bildirir. Məlumatlara görə görüntülər DYP avtomobilindəki kamera ilə qeydə alınıb və həmin əməkdaş görüntüləri öz "qəhrəmanlığını" nümayiş etdirib lovğalanmaq üçün məşuqəsinə göndərib. Məşuqəsi isə yəqin ki, onunla fəxr edərək həmin görüntüləri sosial şəbəkələrdə yayıb.    
APA-nın məlumatına görə, bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra, həmin videonu lentə almış yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət  Yol Polisi İdarəsinə çağırılıb və o idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.  

***15:43
​Sürücünü ağlatmış yol polisi ilə bağlı araşdırma başlayıb
Sosial şəbəkələrdə sürücünün yol polisinə yalvarmasını özündə əks etdirən görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırmalara başlanılıb.
Bu barədə "Report"a BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
K.Əliyev bildirib ki, 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən və görüntüləri lentə alması ehtimal edilən Elvin Mövlanov Sabirabad rayonu ərazisində xidmət aparır: "Sosial şəbəkələrdə yayılan həmin video ekspertizadan keçiriləcək. Araşdırmalardan sonra Elvin Mövlanov barəsində ciddi intizam tənbehi görüləcək".