Sürücülərin DİQQƏTİNƏ: Bu yol istifadəyə verilir

Baxış sayı:
6337

Respublika əhəmiyyəti Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 137-ci km-dən ayrılan və 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun 15 km-lik hissəsinin yenidən qurulması artıq yekunlaşır.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, yaxın günlərdə yol vətəndaşların istifadəsinə veriləcək.
Hazırda yolun sözügedən hissəsində yenidənqurma işləri yüksək sürətlə və keyfiyyətlə davam etdirilir. Yol boyu müasir yol infrastrukturunun yaradılması istiqamətində əraziyə ıazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Layihəyə uyğun olaraq 6700 kub.m. həcmdə yararsız asfalt beton örtüyü sökülüb, torpaq yatağının 40 min kub.m həcmdə deformasiyaya uğramış hissələri ekskovatorla qazılaraq çıxarılıb. Qazılmış hissələrin yenidən bərpası və tələb olunan hissələrdə yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün 68 min kub.m həcmdə qrunt tökülərək yayılıb və kipləşdirilib, təbii karxana çınqılı materialından 38 min kub.m torpaq yatağının tikintisi işləri aparılıb.
Texnoloji ardıcıllığa uyğun olaraq 120 min kv.m sahədə ümumi hündürlüyü 46 sm olan karxana çınqılı materialından əsasın alt ,optimal-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri aparılıb. Hazırda isə yolun sözügedən hissəsində iri dənəli asfalt –beton qarışığı ilə 8 sm hündürlüyündə örtüyün alt və 7 sm hündürlüyündə örtüyün orta layının, həmçinin hündürlüyü 5 sm olan xırda dənəli asfalt-beton qarışığından yol örtüyünün aşınma layının tikintisi işləri aparılır ki, bu işlər də yekunlaşmaq üzrədir.
Layihəyə uyğun olaraq yolun çiyin hissələri 20 sm hündürlüyündə karxana çınqılı və optimal çınqıl materialı ilə bərkidilib, yol birləşmələri 720 kv.m sahədə təmir olunub. Bundan başqa mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətə düşdüyündən və boruların başlıq hissələri dağıldığından yenidən təmir olunmasına ehtiyac var idi. Bu üzdən yol boyu köhnə metal və beton borular sökülərək əvəzinə diametri 1000 mm olan 134 paqon-metr uzunluğunda yeni dəmir-beton borular quraşdırılıb, boru başlıqları monolit dəmir-betonla tikilib, kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 300 mm diametrində 120 paqon-metr uzunluğunda yeni metal borular quraşdırılıb.
Anoloji işlər respublika əhəmiyyətli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun Beyləqan şəhəri daxilindən keçən 5 km-lik hissəsində də aparılır. Yolun hərəkət hissəsinin eni 13.5-19.0 metr arası dəyişən bu hissədə asfalt-beton örtükdə aşınmalar, tor şəkilli çatlar əmələ gəlmişdir.
Layihəyə uyğun yolun yenidən qurulması zamanı 86 min kv.m sahədə mövcud asfalt-beton örtüyünün frez maşını ilə profilə salınıb, 15 min kub.m həcmdə yolun deformasiyaya uğramış hissələri qazılıb çıxarılıb, ardınca 35 min kv.m sahədə ümumi hündürlüyü 45 sm olan karxana çınqılı və optimal-çınqıl qarışığından əsasın alt və üst layının tikintisi işləri görülüb.
Texnoloji ardıcıllığa uyğun olaraq bu hissədə də hazırda asfaltlanma işləri görülür. Belə ki, 86 min kv.m sahədə iri dənəli asfalt-beton qarışığı ilə hündürlüyü 15 sm olan örtüyün alt və orta layının, həmçinin 5 sm xırda dənəli asfalt-beton qarışığından yol örtüyünün üst layının tikintisi işləri aparılır.
Yolun bu hissəsində piyada səkilərinə döşənmiş tamet daşlarının və beton səki daşlarının bəziləri sınmış və çökərək istismara yararsız olduğundan sökülərək 18 min pm uzunluğunda yeni beton səki daşının düzülməsi və səkilərin üzərinə 3 min kv.m tamet daşlarının döşənməsi işləri görülüb.