Sürücülər üçün yeni tələblərin detalları açıqlandı – Kursa gedəcəklər

Baxış sayı:
11575

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ını təsdiq edib.
Proqramda bir sıra qaydalar öz əksini tapıb. Proqram ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlığın təşkili və keçirilməsi qaydalarını müəyyən edir. 
Hazırlığın yüksək keyfiyyətini və səmərəliliyini təmin etmək məqsədi ilə qruplarda 25 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda formalaşdırılır. Hazırlıq mühazirələrdən, praktiki məşğələlərdən və yekun qiymətləndirmədən ibarətdir və bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir.
Hazırlıq zamanı ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin daşımalarını həyata keçirən sürücülərə etik davranış qaydaları, sərnişinlərlə ünsiyyətdə kobudluğun, avtomobil nəqliyyatında siqaret çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyi, həmçinin sərnişinlərlə mədəni rəftar etmənin, qonaqpərvər və nəzakətli olmağın, unudulmuş əşyalar barədə polis orqanlarının məlumatlandırılmasının zəruriliyi, habelə peşəkarlıq və məsuliyyət, sərnişinlərlə ünsiyyətin psixologiyası və münaqişəli vəziyyətlərin aradan qaldırılması yolları, müxtəlif təhlükəli yol şəraitində sürücünün davranışı haqqında, eləcə də avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlar verilir. 
Hazırlıqda iştirak edən sürücülərin hazırlıq səviyyəsini müəyyən etmək və təqdim olunan məlumatlara marağı formalaşdırmaq üçün hər mövzu öyrənildikdən sonra və Proqramın yekununda keçirilən tədrisin sürücülər tərəfindən mənimsənilməsi keçirilən test imtahanı ilə qiymətləndirilir. Müvafiq mövzular üzrə test tapşırıqlarının 50 faiz və ondan çoxuna cavab verən sürücülər hazırlığı müvəffəqiyyətlə bitirmiş hesab edilirlər və onlara hazırlıq keçməsini təsdiq edən və etibarlılıq müddəti 5 (beş) il olan şəhadətnamə və tədris olunan mövzuları daha yaxşı mənimsəmələri üçün əyani yaddaş materialları təqdim olunur. 
Proqramın müvafiq mövzuları üzrə test tapşırıqlarının 50 faizinə cavab verə bilməyən sürücülərin Proqramın mövzuları üzrə bilikləri təkrarən qiymətləndirilir. Onlar hazırlığı bitirdikdən sonra 6 (altı) ay müddətində təkrar qiymətləndirmədə müvəffəqiyyətli nəticə göstərmədikdə,  Proqram üzrə hazırlığı təkrar keçməlidir. 
Şəhadətnamə sürücüyə təqdim olunur və onun tərəfindən yalnız şəxsiyyəti təsdiq edən sənədlə birgə təqdim edildikdə etibarlıdır. 
Beynəlxalq sərnişin və yük daşımaları üzrə tədris proqramını bitirib şəhadətnamə əldə etmiş sürücülərə ölkədaxili sərnişin və yük daşımaları üzrə tədris proqramına əsasən hazırlıq keçib şəhadətnamə əldə etmələrinə ehtiyac duyulmur./yeni sabah