Suriyaya gedən Azərbaycanlıların ŞOK İFADƏLƏRİ...

Baxış sayı:
6403

"İslam Dövləti" (İŞİD) qruplaşmasına qoşulub, onun bir qolu olan "Nüsra Cəbhəsi"nin tərkibində döyüşməkdə suçlanan daha üç azərbaycanlı məhkəmə önünə çıxarılıb. Ancaq onlar deyirlər ki, yalandır, heç vaxt İŞİD-çi olmayıblar, əllərinə silah almayıblar.
 
Bu barədə sentyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində danışıblar.
Mühakimə olunan üç nəfər Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevdir.
Cinayət işinin materiallarında yazılıb ki, adları çəkilən şəxslər Suriyada Gürcüstan vətəndaşı Sərxan Bakraşvilinin rəhbərlik etdiyi silahlı qruplaşmanın tərkibində, hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbula gəlib, oradan da Azərbaycana qayıdıblar. Onlar Azərbaycanda həbs olunublar.
Təqsirləndirilən şəxslərdən Emin Quliyevin vəkili deyir ki, bundan öncə onu üç dəfə tutub, izahatını alıb buraxıblar. Emin Quliyev özü də deyir ki, niyə həbs olunduğunu bilmir.
Digər iki təqsirləndirilən - Teyfur Əliverdiyev və Asim Baxışov da özlərini təqsirli bilməyiblər.
Hakim xatırladıb ki, onların istintaqa ilkin ifadələri etiraf xarakterli olub. Həmin ifadələr elan olunub.
"Suriyada baş verən döyüşlərdə insanlara kömək etmək üçün cihada getmək istədim. Burada və Türkiyədə olan şəxslər vasitəsilə Suriyaya getdim. Artma şəhərində Asim və Teyfurla təlimlərlə tanış olduq. Aşurov Nicatın rəhbərlik etdiyi "Azəri" camaatının olduğunu eşitdik. Bir müddət sonra məni ora aparan Cəmilin döyüşlərdə öldüyünü öyrəndik."
"Məni birinci mərtəbədə yaxşıca əzişdirdilər"
Bəşər Əsədin ordusunun nəzarətində olan "Batar Minna" hava limanı uğrunda gedən döyüşlərdə ayağımdan və qolumdan yaralandım. Suriyada bir müddət xəstəxanada qalsam da, yaram ciddi olduğu üçün Türkiyəyə getməyimi məsləhət bildilər. İstanbula gəlib orada müalicə olundum, sonra da Azərbaycana qayıtdım", – təqsirləndirilən Emin Quliyevin istintaqa ilkin ifadəsi belə olub.
Ancaq o, məhkəmədə fərqli ifadə verib: "Məni ora Cəmil aparmışdı, dedi ki, yük daşımağa kömək edərsən. Ora bomba düşdü, partladı, mənim də başım əzildi".
Bakıda sement zavodunda işlədiyini deyən təqsirləndirilən Teyfur Əliverdiyev bildirib ki, ondan ilkin ifadəni təzyiq altında alıblar: "Məni çağırdılar, gələn kimi birinci mərtəbədə yaxşıca əzişdirdilər. Sonra yuxarı mərtəbəyə qaldırıb kağıza qol çəkdirdilər. Özüm isə orada yazılanları bir ay sonra oxudum".
Təqsirləndirilən Asim Baxışov deyir ki, uzun müddət Sankt-Peterburqda işləyib. Dostu Fərid ona "HH" adlı yardım təşkilatında işləyib insanlara kömək göstərməyi təklif edib: "Qayıdanda məni sərhəddə tutdular. Fəridlə mən qaçqınlara kömək etmək üçün Suriyaya getmişdik, ay yarım qaldıq. Orada - sərhəddə on minlərlə insan var idi. Heç bir silahlı qruplaşmada iştirak etməmişəm. Ancaq xeyriyyə məqsədilə ora getmişəm. Həftədə iki dəfə Skype vasitəsilə anamla əlaqə saxlayırdım".
Rusdilli olan Asim Baxışov deyir ki, Azərbaycan dilini həbsindən sonra DTX-da kamerada öyrənib.
İŞİD-ə qoşulmaqda suçlananların məhkəməsi sentyabrın 18-də davam edəcək.