"Suriyadan çıxarılan qoşunlarımız vətənə dərhal qayıtmayacaq" - ABŞ PREZİDENTİ

Baxış sayı:
355

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bazar ertəsi heç bir Amerika əsgərinin Suriyada qalmasını istəmədiyini, lakin Suriyanı tərk edən qüvvələrin ABŞ-a qayıtmazdan əvvəl başqa yerə yerləşdiriləcəyini deyib.

Ağ Evdə keçirdiyi kabinet iclasında jurnalistlərlə danışan Tramp deyib ki, bəzi atışmalara baxmayaraq, Türkiyə ilə razılaşdırılmış atəşkəs qüvvədə qalır.

Birləşmiş Ştatlar keçən həftə Türkiyənin Suriyanın şimal-şərqindəki kürd döyüşçülərinə qarşı hücumunu beş gün müddətinə dayandırdığını bildirib.

Trampın iki həftə əvvəl ABŞ hərbi qüvvələrini Suriya ərazisindən çıxarmaq qərarından sonra Türkiyə kürd qüvvələrinin nəzarət etdiyi sərhədyanı ərazilərdə əməliyyatlara başlayıb. Ondan sonra ABŞ rəsmiləri hərbi qüvvələrin regionun başqa yerlərinə yerləşdiriləcəyini, bir hissəsinin isə İraqa göndəriləcəyini bildirib.

Konqresdə bir çoxları Trampın bu qərarını tənqid edərək Amerikanın qoşunlarını geri çəkməsini illərdir İslam Dövləti ilə mübarizədə ABŞ-a yardım edən kürd müttəfiqlərə "xəyanət" kimi qiymətləndirib.

Birləşmiş Ştatların Müdafiə Naziri Mark Esper bazar ertəsi deyib ki, Pentaqon hərbi qüvvələrin bir hissəsini hələ də neft yataqları yaxınlığında, tərəfdaş qüvvələrin yanında saxlayacaq. Esper əsgərlərin orada qalması ilə bağlı müzakirələr aparıldığını bildirib.

"Hal-hazırda bu ərazinin yaxınlığında yerləşən bir neçə şəhərdə qoşunlarımız var. Məqsəd İslam Dövləti və ya hansısa başqa bir qrupun bölgəyə daxil olmasının qarşısını almaqdır” - deyə, Esper bildirib.

Cümə axşamı Senatda söylədiyi nitqdə prezidentliyə sabiq Respublikaçı namizəd və Senator Mitt Romni Trampın kürdlərlə bağlı siyasətini “Amerika tarixində qan ləkəsi” adlandırıb.

Romni Trampın Türkiyənin təzyiqləri qarşısında belə bir addım atmağa məcbur edildiyini hesab etdyini bildirib.

Senator Mitt Romni (R-Utah)

Senator Mitt Romni (R-Utah)

“Belə bir fikir irəli sürülür ki, Türkiyə Amerikanın blefini açaraq prezidentə deyib ki, onun nə edib-etməsindən asılı olmayaraq onlar gələcəklər,” Utah ştatını təmsil edən Senator və 2012-ci ildə prezidentliyə Respublikaçı namizəd olmuş Romni bildirib. “Əgər belədirsə, biz bunu bilməliyik. Bu, bizə Türkiyə ilə indi və gələcəkdə necə davranmağımız haqda çox şey deyəcək.”

Hər iki partiyanın qınaqları ilə üzləşən Prezident Tramp hərbi qüvvələri Suriyadan çıxarmaq qərarını müdafiə edərək, çərşənbə günü müxbirlərə deyib ki, o, seçki kampaniyası zamanı vəd etdiyi kimi ABŞ əsgərlərini geri gətirir.

“Artıq əsgərlərimizi evlərinə geri qaytarmaq vaxtıdır. Heç bir əsgərimiz yaralanmayıb, çünki mən prezidentəm və biz bossuq. Bunu unutmayın,” Donald Tramp bildirib.

Tramp Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Türkiyəyə Suriyanın şimalına hərbi müdaxilə etməsinə “yaşıl işıq” göstərdiyinə dair ittihamları rədd edib.

“Mən telefon danışığından dərhal sonra çox güclü məktub yazdım. Mən yaşıl işıq verməmişəm,” Tramp bildirib./Amerikaninsesi.org