SURİYADA RUSİYA-İSRAİL KOORDİNASİYASI:İranı sərhəddən tam uzaqlaşdırmaq mümkün olacaqmı? - TƏHLİL

Baxış sayı:
3016

Suriyanın cənub cəbhəsindəki dinamika həlledici məqama çatıb. ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin keçən il G20 zirvəsi çərçivəsində əldə etdiyi atəşkəs razılaşmasında Rusiya-İsrail koordinasiyası prioritet təşkil edir.

Suriya rejimi və silahlı müxalifət cənub-qərb sərhəd bölgəsində potensial qarşıdurma içində olduğu dövrdə, İran və ABŞ da bu zonada artan təzyiqlə üzləşir.

 

ABŞ-ın cənub cəbhəsindəki rolu

 

ABŞ cənub cəbhəsində mühüm rol oynayır. Əmmanda yerləşən ABŞ-ın Hərbi Əməliyyatlar Mərkəzi (MOC) 2014-2016-cı illər arasında “Azad Suriya Ordusu”nun (ASO) qruplarını təlim və silahla təmin edib.

ASO qrupları əvvəlcədən Suriya rejimi və İŞİD-lə mübarizə aparmaq niyyəti daşıyırdı. Amma Vaşinqton və Moskva atəşkəs razılaşması imzalandıqdan sonra cənub cəbhəsinə tədarük xətləri bağlanıb.

İordaniya çox sayda suriyalı qaçqını qəbul etdikdən sonra Suriya ilə sərhədlərini qıfıllayıb. O vaxtdan bəri cənub cəbhəsi Tramp administrasiyası üçün aşağı prioritetdir.

Ancaq son həftələrdə həm ABŞ, həm də İran hesabına görünməmiş səviyyəyə qədər artan Rusiya-İsrail koordinasiyası Tramp administrasiyasını səhnəyə geri dönməyə məcbur edib.

Hazırda o, 2017-ci il atəşkəsi ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün Rusiyaya təzyiq etməyə çalışır. Müqavilə planına görə, iranlı qüvvələri və onun dəstəklədiyi milisləri cənub-qərbdən geri çəkmək üçün ABŞ əl-Tanf bazasını boşaltmalıdır.

Əl-Tanf Hums əyalətinin cənub hissəsində, İraqla sərhəddə yerləşir və ABŞ qüvvələri tərəfindən keçmişdə suriyalı üsyançıların təlimi üçün istifadə olunub. Suriya rejimi və onun iranlı müttəfiqləri Bağdad-Şam yolunun açılması üçün bir müddətdir bölgəni və əl-Valid sərhəd qapısını nəzarət altına almağa ümid etdilər.

ABŞ-ın Rusiyaya təklifi İordaniya sərhədindən 20-25 km uzaqlıqdakı bütün Suriya və xarici milislərin uzaqlaşdırılması, müxalifət döyüşçülərinin və ailələrinin İdlibə köçürülməsi, İordaniya ilə Nəsib sərhəd qapısının (Dəraa şəhəri yaxınlığında) yenidən açılması və ABŞ-Rusiya müqaviləsinə əsasən, nəzarət mexanizminin formalaşdırılmasıdır.

ABŞ-ın əsas müşahidəçisi, Yaxın Şərq İşləri üzrə Katibliyin köməkçisi Devid Satterfild tezliklə Devid Şenkerlə əvəzlənəcək. Onun Suriya ilə bağlı fikirləri dövlət katibi Mayk Pompeo və Ağ Evin milli təhlükəsizlik məsləhətçisi Con Boltonla uzlaşır.

ABŞ təklifinin necə qarşılanacağı bəlli deyil. Üstəlik, ABŞ əl-Tanfı boşaltmasa, İran və Suriya rejimi cənub cəbhəsində istənilən müqaviləni əngəlləməyə çalışacaq.

 

ABŞ üçün iki ssenari

 

Vaşinqtonun çox məhdud variantları var. Birinci ssenaridə İranın İordaniya və İsrail sərhədlərindən uzaq qalması üçün ABŞ “arxa oturacaqda oturmalı” və Suriyanın cənub-qərbindəki bütün təsirdən imtina etməlidir.

Bundan sonra Rusiya həmin sahədə üstün olacaq. Beləliklə, İsrail razılaşmanın hər hansı bir pozulması halında, yalnız Moskvanı günahlandıracaq. Vaşinqton həm də müttəfiqlərdən imtina etməsi təəssüratını buraxacaq, o cümlədən ASO-nu, amma ABŞ qüvvələri öz resurslarını şimal-şərqdəki “dost mühit”ə yönəldə bilər.

İkinci ssenaridə Tramp administrasiyası cənub cəbhəsindəki rolunu canlandıracaq. ABŞ döyüş təyyarələri və ya dronları Suriya rejiminin Dəraa və Quneytra əyalətlərində ərazi nəzarətini genişləndirməsini məhdudlaşdırma cəhd göstərə bilər. ABŞ, həmçinin İordaniya vasitəsilə ASO qruplarına tədarük xətlərini yenidən aça bilər ki, bu da texniki olaraq Suriyada vətəndaş müharibəsinin yenidən kəskinləşməsi deməkdir.

Pentaqon hər iki ssenaridən yayınmaq istəyir.

 

Rusiya-İsrail koordinasiyası

 

Putin Suriyanın cənub-qərbi ilə bağlı Vaşinqtonu müzakirə masasına qaytarmağa çalışır. Moskva son bir neçə gündə Suriya ordusunun “Pələng” qüvvələrinin Dəraa kənarına yerləşdirilməsinə sanksiya verib.

Bu, Tramp administrasiyasının diqqətini çəkib. Ötən bazar ertəsi günü Pompeo rusiyalı vəzifədaşı Sergey Lavrovla telefonda danışıb və Tramp gələn ay Brüsseldə NATO zirvəsi ərəfəsində potensial olaraq Putinlə görüşə bilər. O, ehtimal ki, Suriyanın cənub-qərbində hər hansı Rusiya-İsrail razılaşmasına nail olmaq istəyir.

ABŞ-Rusiya koordinasiyasının yoxluğu İordaniyanın Suriyadakı mövqeyini zəiflədib və öz maraqlarını İsraillə reallaşdırmağa məcbur edib. Həm İordaniya, həm də İsrail razılaşır ki, İran və onun milisləri sərhəddən və işğal olunmuş Colan Təpələrindən uzaqlaşmalıdırlar. Əmman Moskvadan suriyalı qaçqınların yeni dalğasına səbəb ola biləcək qarşıdurma yaratmamasını xahiş edir. ASO sərhəd keçməmə qadağası, ətraf bölgəni rejimə təslim etmək və ya yaşamaq uğrunda mübarizə aparmaqla bağlı çətin qərarla üzləşə bilər.

Əlaqəli tərəflər arasındakı əsas mübahisəli məqam Dəraada yerləşdirilən Suriya rejimi qoşunları arasında İran qüvvələri və milisinin olub-olmamasıdır. İsrailin müdafiə naziri iranlıların Suriya ordusu formasını geyindirdiklərini təkzib edib və bu, Rusiya-İsrail koordinasiyasının dərinliyini əks etdirir.

Bundan başqa, Şam Moskvadan İsrailə ismarış göndərib: Colan Təpələrində 1974-cü ilin atəşkəs rejimini bərpa etmək üçün zəruri zəmanətlər verilir. Ancaq İran-Rusiya ittifaqında çat olduğu bir vaxtda İsrail İranın bütün Suriyadan tam çəkilməsini istəyib. İsrailin bu tələbi Rusiyanın Suriyada İrana əlavə məhdudiyyətlər qoyması cəhdidir.

Gərgin ritorikaya baxmayaraq, Moskva rejimin Dəraa kənarına göndərdiyi qoşunlara tam nəzarət edir. Rusiyanın hərbi polisi İsrail və İordaniya üçün zəmin kimi rejim qüvvələrinə nəzarət edir.

Bu həftə rejimlə ASO arasında baş verən aralıq münaqişələr məhdud olub, Rusiyanın iştiraksızlığı ilə baş verib.

Vaşinqton və Moskva suriyalı müttəfiqləri təzyiq göstərirlər. Suriya rejiminin qoşun yerləşdirməsi Rusiyanın danışıq mövqeyini gücləndirəcək və amma bu, İordaniyanın sərhəd zonası ilə məhdudlaşır, yəni Rusiya-İsrail müqaviləsi hələ tam şəkildə həyata keçirilməyib.

Ssenarilər necə olursa-olsun, ABŞ-ın Suriyanın cənub-qərbində aktiv olması üçün iki variantı var: Moskvaya üz tutmaq və ya onunla məşğul olmaq. Əks təqdirdə, ABŞ, tərəflərin qalan hissəsi arasında davamlı müqavilədə sövdə mənbəyi ola bilər.

Tərcümə: Strateq.az