Suriyada öldürülən gəncin uşaqları orada qalıb - Məhkəmədə ŞOK İFADƏ

Baxış sayı:
6886

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilənlər şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasına Sahil İbrahimovun anası Rübabə İbrahimova şahid qismində dəvət edilib. O, təqsirləndirilən şəxsin yaxın ailə üzvü olduğu üçün ifadə verməmək hüququndan istifadə edib.

Prosesin davamında şahid qismində Hikmət Nağıyev ifadə verib

Hikmət Nağıyev təqsirləndirilənlərdən İlqar Ağayevi tanıdığını, onunla dost olduğunu deyib.

Hakim sual verib ki, İlqar Ağayevin səhhəti əvvəllər necə olub? Nağıyev bildirib ki, İlqarın səhhətində əvvəllər heç bir problem olmayıb.

Bu iş üzrə şahid kimi dindirilməsi haqda danışan Hikmət Nağıyev bunları deyib:

"İlqar mənə dedi ki, bir nəfərdən pul almaq lazımdır. Mənim telefonumdan zəng elədi. Sonra da mənim maşınımla getdik. Səhv etmirəmsə, 2500 manat idi. Pulu götürüb Türkiyədə Cüneyt adlı şəxsə göndərdi. Cüneyt də ordan Suriyaya çatdırırdı".

Suallara cavab verən Hikmət Nağıyev qeyd edib ki, əvvəl İlqar kimi eyni dini cərəyana qoşulmaq istəyib. Amma ailəsinin narazılığı ilə bu fikrindən daşınıb: "Evdə narazılıq çox oldu. Sonra elə oldu ki, mən onlardan ayrıldım. Başqa heç bir işdə adım keçməyib".

Hakimin suallarından məlum olub ki, Hikmət yenicə tanış olduğu dini təriqət üzvləri ilə birlikdə qaçaq yolla Suriyaya getməyi də düşünüb.

Hikmət bunu etiraf edib, söyləyib ki, o zaman belə düşüncədə olub: "Bəzən adam düşünə bilmir. Bir səhvdir, etmişəm. İzah edə bilmirəm, amma bu cür səhv düşüncədə olmuşam".

Məhkəmə iclasında şahid İldız Kərimova da ifadə verib. Məlum olub ki, İldız Kərimova Suriyaya 1000 dollar göndərib.

Amma məqsədi Suriyada olanlara yardım yox, nəticələrini geri qaytarmaq olub.

İldız Kərimova deyib ki, oğlan nəvəsi əsgərlikdən gəldikdən sonra Suriyaya gedib: "Gül kimi uşaq idi. Necə oldusa, gedib onlara qoşuldu. Yoldaşını da, uşaqlarını da götürüb Suriyaya getdi. Uzun müddət xəbər ala bilmədim. Sonra onun ölüm xəbərini eşitdik. Sonradan heç bir xəbər ala bilmirik. Mənim iki nəticəm orada başsız qaldı. Onları geri gətirmək üçün pul göndərdim. Allah şahididir ki, bu adamlarla heç bir əlaqəm olmayıb".

Məhkəmədə şahid Elçin Səfərov da dindirilib. O deyib ki, ətir satan bir nəfərdən ətir alıb və pul verib. O, verilən pulun Suriyaya göndərilməsindən xəbərsiz olduğunu deyib.

Təqsirləndirilən Sahil İbrahimov deyib ki, qardaşının Suriyaya getməsinin qarşısını almağa da çalışıb. Buna görə də hüquq-mühafizə orqanlarına müraciət edib.

Suallara cavab verən Sahil İbrahimov qardaşının pulları haradan almasına belə aydınlıq gətirib: "Qardaşımın Qaraçuxurda mağazası var idi. Sonra maşınını da satdı. Nisyə mal verdiyi adamlar çox idi. Onlar pulu mənə verirdi".

Sahil istintaqda ifadəsinin təhrif olunduğunu deyib. O bildirib ki, indi məhkəmədə dedikləri həqiqətdir.

Məhkəmə araşdırması oktyabrın 15-də davam etdirilir.

Təqsirləndirilən İlqar Ağayevin vəkili ekspertiza keçirilməsini və müdafiə etdiyi şəxsin anlaqsız olub-olmamasını aydınlaşdırılmasını istəyir. Vəkil bildirir ki, müdafiə etdiyi şəxsin ifadə verməsi mümkün deyil. Ilqar Ağayev bu gün də məhkəmədən narazı qalıb. Deyib ki, işə tez baxılsın, çünki gecikir.

İttihamda göstərilir ki, təqsirləndirilən şəxslərdən Sahil İbrahimovun qardaşı Samir Suriyada vuruşub. O, 2016-cı ilin avqustunda Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Suriyaya gedib.

İttihama görə, Samir Suriyaya gedəndən sonra qardaşı, eləcə də Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən başqa tanışlarıyla əlaqə saxlayıb.

Deyib ki, Suriyada onunla birlikdə vuruşan azərbaycanlıların və başqa əcnəbilərin İsveç, Rusiya, Norveç, Finlandiya, Almaniya və başqa ölkələrdə yaşayan yaxınlarıyla əlaqə saxlasınlar. Onların göndərəcəkləri pulları toplayıb Suriyaya yollasınlar.

İttihama əsasən, pul göndərişləri banklar vasitəsilə həyata keçirilib – xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradan da Suriyaya göndərilib.

"2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manata yaxın, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə onlar birlikdə yenə 135 min dollar pul göndəriblər"- ittoham altında göstərilir.

Məlumata görə, təqsirləndirilən Namiq Məmmədov bu prosesə sonradan qoşulub.

2018-ci ilin may-iyun aylarında onun adına Rusiya, Qırğızıstan, İspaniyadan 21 dəfəyə 40 min manata yaxın pul göndərilib. O da həmin pulları çıxarıb İlqar Ağayevə verib. İlqar da bu vəsaitləri toplanan başqa pulların üstünə qoyub və Sahil İbrahimovla birlikdə Türkiyəyə mayda 50 min dollar, iyunda da 75 min dollar pul göndəriblər.

Elan olunmuş ittihamla Namiq Məmmədov və Sahil İbrahimov özlərini təqsirli bilməyiblər. İndiki mərhələdə geniş ifadə vermək istəməyiblər.