​Suriyada döyüşən dövlətlərin gizli planları

Türkiyə özünü müdafiə etmək üçün əməliyyatlara başlayıb

Türkiyə-Suriya sərhədində  türk topçu birlikləri Demokratik Birlik Partiyasının (PYD) hədəflərini bombalamağa davam edir.  ANS PRESS-in məlumatına görə, Türkiyənin yerli istehsalı olan “Fırtına” özüyeriyən topları ilə 17 saat ərzində 50 hədəfə atəş açılıb.
Türkiyə hərbi əməliyyatlara başlamamışdan əvvəl ABŞ dövlət katibi Con Kerri bəyan edib ki,  Suriyaya dair Münhendə keçirilən danışıqlarda bütün ölkə ərazisində “hərbi əməliyyatların dayandırılması” barədə razılıq əldə olunub.
Amma  atəşkəsin əldə olunduğu heç də hiss olunmur. Çünki Rusiya, İran, ABŞ, Fransa, Almaniya, Türkiyə, Səudiyyə Ərəbistanı və digər güclü dövlətlər özlərinin maraqlarını diqtə etməyə başlayıblar.
Dövlətlərin əksəriyyəti isə Suriyaya İŞİD terror təşkilatına qarşı mübarizə aparmaq adı altında daxil olurlar. İran, Rusiya və digər maraqlı güclər öz dəstəklədiyi qüvvələrin irəliləməsi  üçün Suriya ərazisini  havadan bombalayır, silahlılar isə yeni ərazilər tutmaqda davam edirlər.  Bütün bunlar Türkiyə sərhədlərində baş verir. Sərhəddəki kürd silahlıların yeni ərazilər tutması isə Türkiyənin maraqlarına uyğun gəlmir.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiyanın dəstəklədiyi  PYD  silahlılarının Türkiyə sərhədlərində yeni ərazilər ələ keçirməsi rəsmi Ankaranı əməliyyatlara başlamağa məcbur etdi.
“Əgər Türkiyə onların qarşısını almasa, bu, böyük PYD və PKK-nın güclənməsi ilə nəticələnəcək. Əvvəllər  İŞİD Kobaniyə hücum etdikdə peşmərgələr onlara qarşı mübarizə aparırdı.  Amma sonradan Rusiya və İranla birləşərək türkmən kəndlərini bombalamağa başladılar. Bu, Rusiyanın maraqlarına uyğun olsa da Türkiyə üçün bunu demək olmaz”, - deyə politoloq bildirdi.
Qabil Hüseynli bildirdi ki, burada hər bir dövlətin öz marağı var. “Rusiya əvvəllər Suriyanın keçmiş prezidenti Hafiz Əsədə, hazırda isə oğlu Bəşər Əsədə böyük dəstək göstərib. İranın  əsl məqsədi isə İraqda və Suriyada nəzarət etdiyi ərazilər vasitəsi ilə Aralıq dənizinə rahatlıqla çıxış əldə etməkdir. Hazırda İraqın çox hissəsi İranın nəzarətindədir. Səudiyyə Ərəbistənı isə Rusiya və İranın Suriya ərazisində əməliyyatlar keçirməsindən qəzəblənib", - deyən politoloq əlavə etdi ki, YPG və Şimali İraq Kürd Muxtariyyəti arasında da sövdələşmə var.
PKK və YPG İraq, Suriya və Türkiyə ərazisində gələcəkdə yaradılacaq “Rojova” adlı Kürdüstan dövləti üçün ərazi tutmaqdır. Bu isə Türkiyənin strateji maraqlarına qarşı addımlardır.  Amma maraqlı dövlətlər istəmədiyi üçün Suriyanın parçalanması real görünmür. Burada yalnız kürdlərə muxtariyyət verilə bilər”, - deyə Qabil Hüseynli qeyd etdi.
Türkiyə rəsmilərinin açıqlamalarından belə aydın olur ki, rəsmi Ankara aparacağı mübarizədən geri çəkilmək niyyətində deyil. Türkiyə bu məsələdə hətta ən yaxın müttəfiqi ABŞ-a belə qarşı çıxır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı kürd qruplaşması PYD-ni və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı tənqid etmişdi. Ərdoğan bildirib ki, PKK ilə PYD və YPG-nin bir fərqi yoxdur. ABŞ-ın Dövlət Departamentinin sözçüsü Con Kirbi PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib.
Həmçinin  ABŞ və Rusiya rəhbərlərinin  telefon danışığından sonra ziddiyətli bəyanatlar verilir. Rusiya rəsmiləri telefon danışığında Ukrayna və Suriya münaqişəsinin müzakirə olunduğunu desələrdə, ABŞ isə əksinə, Obamanın Putindən bombalanmanın  dayandırmasını açıq şəkildə tələb etdiyini açıqlayır.  Artıq böyük dövlətlər belə öz aralarında hansı məsələlərin müzakirə olunduğu barədə dəqiq məlumat verə bilmirlər.
Maraqlı məqamlardan biri də odur ki,  Türkiyənin əməliyyatlara Almaniya kansleri Angela Merkelin Ankara səfərindən sonra başlamasıdır. Kürd silahlılar irəlilədikcə, ərazidə yaşayan sakinlər Türkiyə sərhədini keçməyə məcbur olur. Oradan isə onları Avropaya getmə ehtimalı artır.  Bu isə Almaniya üçün əlavə problemlər yaradır. Yəqin ki,  Türkiyə və Almaniya rəhbərləri arasında miqrantların qarşısının alınması üçün razılıq əldə olunub.
Amma bunu Rusiya, ABŞ, Fransa üçün demək olmaz. Çünki onlar Tükiyə YPG-yə qarşı mübarizəyə başlayan kimi etiraz səslərini qaldırmağa başladılar. Bu isə bir daha deməyə əsas verir ki, Rusiya, ABŞ, Fransa və digər dövlətlərin maraqları Türkiyəyə qarşı çıxan kürd silahlıları üzərində birləşir.