​Suriya üsyançılarına göndərilən silahlar İŞİD-in əlinə necə keçdi? – ŞOK DETALLAR

Baxış sayı:
3860

Avropa İttifaqı və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə aparılan araşdırmaya əsasən, Qərb və Körfəz ölkələrinin Suriya münaqişəsində prezident Bəşər Əl-Əsədə qarşı döyüşən qruplara ötürdüyü silahların böyük bir hissəsi İslam Dövlətinə ötürülüb.
"Nəticədə İŞİD-in əlinə keçən silahların miqdar və keyfiyyəti əhəmiyyətli dərəcədə artıb,” deyə çərşənbə günü açıqlanan İslam Dövlətinin Silahları adlı 202-səhifəlik araşdırmada bildirilib.
Tədqiqat Britaniyada fəaliyyət göstərən münaqişə zonalarında silahların ötürülməsinə nəzarət edən Münaqişə Silahlarının Araşdırması (CAR) qrupu tərəfindən aparılıb.
“Silahların İŞİD tərəfindən ələ keçirilməsi klassik bir zərbədir – 1980-cı illərin Əfqanıstanı Suriyada təkrarlanır,” deyə CAR-ın icraçı direktoru Ceyms Bevan bildirib. O əlavə edib ki, “qısa-müddətli siyasi məqsədlərinə çatmaq istəyən ölkələr tez-tez üzərlərində heç bir gücü olmadığı qrupları silahla təmin edirlər. Adətən bu silahlar ən mütəşəkkil və effektiv üsyançı və qiyamçı qüvvələrin əlinə keçir.”
 
CAR tədqiqatçıları deyir ki, onların üç il ərzində apardığı tədqiqatına hökümətlər və silah istehsalçıları yardım edib. Bu tədqiqat çərçivəsində Suriyanın şimalında yerləşən Kobani şəhərindən cənubda İraq paytaxtı Bağdada qədər uzanan əraziyə komandalar göndərilib. Qərb hökümətləri vasitəçilər və yükgöndərənlərin, habelə ixrac olunan silah və sursatların siyahısını toplayıb.
CAR deyir ki, bu, Qərb dövlətlərinin “qeyri-qanuni istifadəçilərə silah və sursat təchizatının qarşısını almaqla bağlı qətiyyətlərini” göstərir. Hesabatda qeyd edilib ki, hökümətlər və istehsalçılar Suriya qiyamçılarına silah və sursat göndərəndə qeyri-qanuni hərəkət etmirdi, çünki beynəlxalq silah embarqosu yox idi.

Silah anbarları qarət olunub

CAR tədqiqatçları 2014-cü il ilə 2017-ci il arasında İŞİD-dən alınan 40 mindən çox əşyanı tədqiq edib. Bu əşyaların çoxu içində minlərlə silah və sursat olan yüklərdən əldə olunub. İŞİD Suriyada geri çəkilən Əsəd qüvvələrindən çox sayda silah ələ keçirib. Bundan əlavə, onlar hökümətin silah anbarlarını qarət ediblər.
2014-cü ildə terror qrupunun İraqın şimal-qərbi və Mosulda güclü bombalama kampaniyasının ardınca hökümətin təhlükəsizlik qüvvələrinin oradan geri çəkilməsi nəticəsində İŞİD çox sayda silahı ələ keçirib.
Lakin CAR-ın araşdırmasında qeyd edilib ki, İŞİD-in xarici qüvvələrin digər qruplara göndərdiyi silahları bir-iki həftə və ay ərzində ələ keçirməsi çox bilinməyən bir faktdır.
İŞİD-in xarici qüvvələrin Suriyanın üsyançı qruplarını təmin etdiyi silahları necə ələ keçirdiyi aydın deyil. Avropalı rəsmi bəzilərinin silahları alan yarı-hərbi dəstələrdən ələ keçirildiyi və ya pul müqabilində alındığını bildirir. Üsyançı döyüşcülər deyir ki, bəzi silahlar daha sonra İŞİD-ə qoşulan cihadçı qruplardan alınıb.
Qərb KİV-ləri 2013-cü ildən bəri cəbhə bölgələrində Qərb və Körfəz ölkələrinin təmin etdiyi silahların müxalifət döyüşçüləri və komandirləri tərəfindən Əl-Qaidənin Cəbhət Əl-Nusra qolu və İŞİD kimi cihadçı qruplara satılıb, transfer olunduğuna dair xəbərlər yayıb.
 
2013-cü ildə yüksək səviyyəli Almaniya diplomatı Amerikanın Səsinə bildirib ki, Almaniya və bir neçə digər Avropa İttifaqı höküməti İngiltərə və Fransanın Suriya üsyançılarına silah axınını artırmaqla bağlı təzyiqlərinə müqavimət göstərib, çünki onlar avadanlıqların cihadçı qrupların əlinə keçməsindən narahat olub.
ABŞ rəsmilərində də bənzər narahatlıqlar olub. Prezident Barak Obama üsyançılar və Səudiyyə Ərəbistanı ilə Qatarın silah təchizatını artırmaq çağırışlarını rədd edib. Rəsmilər 2014 və 2015-ci ildə Amerikanın Səsinə bildirib ki, Obama həmçinin qiyamçılara anti-təyyarə raketləri verməyi rədd edib, çünki onların cihadçıların əlinə keçməsindən ehtiyatlanıb.
Obama rəsmiləri müxalifət qruplarına verilən silahları təqib etmək üçün müxtəlif yollara əl atıb. TOW raketinə gəldikdə isə, üsyançı qruplar raketlərdən istifadə etdiyinə dair sübut təqdim etdikdən sonra, Obama administrasiyası onlara əlavə raket göndərib. Hərbi müşahidəçilər olmadığı üçün, onlar həmin qruplara etimad göstərib. Lakin rəsmilər Amerikanın Səsinə etiraf edib ki, video sübutlara düzəlişlər edilib.
CAR-ın hesabatına əsasən, qiyamçıların əlinə keçən silahların döyüş meydançasında böyük təsiri olub və onlar hələ də çox böyük təhlükə yaradır - ələlxüsus BGM-71 TOW anti-tank raketləri kimi silahlar.
Hesabatda bildirilir ki, “silah Avropa İttifaqında istehsal olunub, Birləşmiş Ştatlara satılıb, Suriyadakı münaqişədəki bir tərəfə təchiz edilib, daha sonra İraqda İŞİD qüvvələrinə ötürülüb və nəhayət İŞİD qüvvələrindən alınandan sonra CAR-ın araşdırma komandası tərəfindən sənədləşdirilib. Bütün bu tranzaksiyalar silah istehsal olunandan sonrakı iki ay ərzində baş verib.”

Bir çox ölkə cəlb olunub

CAR-ın hesablamalarına görə, İŞİD-in silahlarının 50 faizindən çoxunu Rusiya və Çin istehsal edib. Terrorçular həmin silahları Suriya və yaxud İraq qüvvələrindən ələ keçirib.
 
“Hazırda Avropa İttifaqına üzv olan Sabiq Varşava Müqaviləsi Təşkilatı ölkələri isə onların silahlarının 30, sursatlarının isə 20 faizini) istehsal edib.”
“İŞİD qüvvələrinin İraqda istifadə etdiyi zireh əleyhinə raketlərin təxminən 40 faizi son 4 ildə istehsal olunub. 2014-cü ildən sonra istehsal olunan bu raketlərin 20 faizi Aİ-na üzv ölkələrinə aiddir. Bu isə Avropa İttifaqının qrupun müharibə aparmaq, terror həyata keçirmək imkanlarını eləcə də Suriya münaqişəsinin beynəlxalq təsirlərini azaltmaq səylərinə ziddir,” deyə CAR tədqiqatçısı bildirib.
CAR həmçinin Şərqi Avropa ölkələrində istehsal olunub, Birləşmiş Ştatlara ixrac edilib və daha sonra Somaliyə göndərilən sursatları aşkar edib.
İŞİD qüvvələrinin Suriyada istifadə etdiyi silahlara bənzər silahlardan Cənubi Sudandakı silahlı qüvvələr istifadə edib. Onlar həmn silahlarla qanunsuz şəkildə Sudan höküməti tərəfindən təmin olunub.
Bundan əlavə, tədqiqatçılar “ən azı 2012-ci ildən bəri Liviya –Sudan silah boru kəmərinin fəaliyyət göstərdiyini” deyir, lakin onlar qeyd edir ki, “dəqiq transfer mexanizmi aydın deyil.”