Suriya üçün SON DÖYÜŞ: Türkiyənin İKİ VARİANTI

Suriya hökumət qoşunlarının İŞİD terror qruplaşmasının mövqelərinə hücumu davam edir. Avqustun 6-da Suxna oazisi azad edilib və faktiki olaraq Deyr-ez-Zora yol açılıb.
 
Eyni zamanda, Suriya qoşunlarının hissələri şimaldan Fərat çayı boyunca Deyr-ez-Zora irəliləyir. İŞİD müqavimət göstərsə də, strateji bölgünü dəyişdirməyə artıq qadir deyil. Mühasirə vəziyyətində olan şəhərdə İŞİD üzərində hərbi qələbə yalnız zamanın işidir.
Amma…
Rusiyanın “RİA-Novosti” agentliyi yazır ki, İŞİD məğlub ediləndən sonra da Dəməşq üçün hər şey rahat olmayacaq. Suriya hakimiyyəti ölkə üzərində nəzarətin bərpası yolunda iki başqa problemi həll etməli olacaq: kürdlər və müxalifət. Kürdlər barəsində qabaqcadan proqnoz vermək kifayət qədər çətindir, Suriya müxalifəti ilə bağlı vəziyyət isə daha sadədir.
Əvvəlcə Dəməşq güman edirdi ki, müxalifətlə onların Suriyanın ictimai-siyasi həyatına cəlb edilməsi yolu ilə razılaşmaq mümkün olacaq. Məhz bunun üçün Astanada danışıqlar aparıldı və 4 təhlükəsiz zonanın yaradılması barədə razılaşma əldə edildi. Bu zonalar İdlib vilayəti, Xoms şəhərinin şimalı, Şərqi Guta və ölkənin cənubudur. Ən çətin vəziyyət İdlib vilayəti ilə bağlıdır. İdlib bu zonalardan ən böyüyüdür və döyüşçülər arasında müharibə başlanıb.
Qismən Türkiyənin nəzarətində olan “Axrar aş-Şam” “Ən-Nüsra” Cəbhəsi qruplaşması tərəfindən məğlub edilib. Qruplaşma İdlib şəhərini özünə qaytardı, əyalətin bir sıra yaşayış məntəqələrini, həmçinin Türkiyə ilə sərhəddə bəzi əraziləri ələ keçirib. “Əl-Qaidə” lideri Ayman əl-Zəvahiri döyüşçüləri artıq birliyə çağırıb (“Ən-Nüsra” Cəbhəsi “Əl-Qaidə”nin Suriya qolu hesab olunur). Ancaq “Ən-Nüsra” bu çağırışı rədd edib.
Agentliyin yazdığına görə, qruplaşmanın müvəffəqiyyətləri savadlı planlaşdırma, hərbi peşəkarlıq və piarın uyğunluğu ilə izah olunur.
“Qruplaşmanın rəhbərliyində peşəkar döyüşçülər otururlar. Onlar əvvəlcə hərbi bazalar və neft yataqları üzərində nəzarəti təmin etdilər”, - Yaxın Şərq üzrə mütəxəssis, beynəlxalq məsələlər üzrə Rusiya Şurasının eksperti Anton Mardasov deyib.
Onun sözlərinə görə, bundan başqa, “Ən-Nüsra”nın xeyrinə qismən Dəməşq və müxalifətin bir hissəsi arasında aparılan sülh danışıqları da oynayıb. Mardasovun sözlərinə görə, qruplaşma özünə “sünnilərin əsl müdafiəçiləri” imici yaradıblar: “Bu mövqe Əsədə güzəştə hazır olmayan dəstələr tərəfindən dəstəkləndi. Hazırda “Ən-Nüsra” cazibədarlığı güclənib. O “Əl-Qaidə” ideoligiyasından məfkurə cəhətdən uzaq olan qruplaşmaları fəal şəkildə udur. “Ən-Nüsra” o qədər güclənib ki, hətta Xamada hökumət güclərinin mövqelərinə hücum etməyə başlayıb. Və qəribə olsa da, bu, Suriya hakimiyyətinə sərf edir”.
Onlarla nə etmək lazımdır?
Bəli, taktik nöqteyi-nəzərdən bu hücum Dəməşqə lazım deyil. Çünki bu, Suriya güclərini şərqə hücumdan yayındırır. Ancaq Suriya hakimiyyəti İdlib problemini həll etmək istəyir. Döyüşçülərlə siyasi dialoqun aparılması planını Dəməşqi qane salmır. Onlar İdlib problemini hərbi əməliyyatların köməyi ilə həll etmək istəyirlər. Məhz Hələbdə də bu taktikadan istifadə olunub. Rusiyanın “Ali İqtisadiyyat Məktəbi”ndən ərəbşünas Leonid İsayev qeyd edir ki, İdlibdə “Axrar aş-Şam” deyil, terrorçu “Ən-Nüsra” Cəbhəsinin olması Dəməşq üçün daha sərfəlidir.
Və güclənmiş “Ən-Nüsra”nın İdlibi nəzarət altına alması ilə Dəməşq və Tehran üçün daha asan olacaq ki, vilayəıtdə hərbi əməliyyata başlamağa Moskvanı inandırsın.
Rakka və Deyr-ez-Zoru nəzarət altına qaytarmaqla Bəşər Əsəd öz mövqelərini xeyli gücləndirəcək. Birincisi, onun nəzarətində kənd təsərrüfatı (Rakka) və neft-yataqları (Deyr-ez-Zor) olacaq. İkincisi, onun İraq sərhədinə çıxışı olacaq. Üçüncüsü, Əsəd bütün mövcud qüvvələri İdlibə qarşı cəmləyə biləcək.
Türkiyənin maraqları
“RİA-Novosti” yazır ki, “Ən-Nüsra”nın İblibi nəzarət altına alması ilə Türkiyənin reputasiyası təhdid altındadır.
Leonid İsayev qeyd edir ki, türklər həm atəşkəs rejimi, həm də terrorizmlə mübarizə baxımından bu ərazi üçün cavab verirlər:
“İdlibin “Ən-Nüsra” tərəfindən tutulmasından sonra sual yaranır ki, türklər öz öhdəliklərini yerinə yetirməyi bacaracaqmı? Buna görə də Türkiyə sındırılmış “Axrar aş-Şam”ı gücləndirə və yenidən silahlarla təchiz edə bilər. Hətta ola bilər ki, onlar türk xüsusi təyinatlı dəstələrin köməyi ilə gücləndirilsin. Türkiyə qoşunlarının genişmiqyaslı müdaxiləsini təşkil etmək olar, amma bu daha mürəkkəb və anlaşılmazdır. Belə bir müdaxiləyə Rusiya və İran necə yanaşacaq?”
Daha bir variant da var. Bu, hazırda Suriyanın şimalında Türkiyənin nəzarətində olan ərazilərdə olan müxalifət qüvvələrinin (Azad Suriya Ordusu) İdlibə müdaxiləni təşkil etməkdir.
“Fərat Qalxanı” zonasının İdlib zonası ilə birləşilməsi mümkündür. Bunun üçün isə türklərə kürdlərin nəzarət etdiyi Afrinin şərq hissəsi vasitəsilə dəhliz lazımdır. Problem ondadır ki, bunun üçün kürdlərə hücum etmək lazımdır. Kürdlər isə ABŞ-ın müttəfiqidir və amerikalılar onlara toxunmağı türklərə qadağan edirlər. Hətta kürdlər tərəfindən rəsmən nəzarət edilən ərəb qəsəbələrinə hücum belə bütün kantona qarşı əməliyyat kimi qəbul ediləcək. Bu halda kürdlər Rakka və Deyr-ez-Zorda əməliyyatları dayandıra bilərlər. Bununla da ABŞ-ın planlarına zərbə vurula bilər”, - deyə Mardasov yekunlaşdırıb./publika.az