​ Suriya müxalifəti və Rusiya razılığa gəldi – Bu gündən etibarən silahlar susacaq

Suriya ərazisində dörd atəşkəs zonası yaradılacaq.
 
Muxalifet.az avropa.info-ya istinadən xəbər verir ki, bu barədə Rusiya MN-nin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlama verib.
“İyulun əvvəli Astana danışıqlarının beşinci raundunda Suriya ərazisində dörd atəşkəs zonasının yaradılması məsələsi razılaşdırılmışdı. Onlardan ikisi – Suriyanın cənub-qərbində və Dəməşq ətrafında “Şərqi Qutada uğurla fəaliyyət göstərir. 31 iyulda Qahirədə mülayim müxalifət və Rusiya MN nümayəndələri ilə növbəti danışıqlar aparıldı. Danışıqların nəticəsinə görə, üçüncü zonanın Homs şəhərindən şimalda fəaliyyət göstərməsi ilə bağlı razılıq əldə olunub” – Konaşenkov belə deyib.
Onun sözlərinə görə, üçüncü atəşkəs zonasına 147 min nəfər əhalisi olan 84 yaşayış məntəqəsi daxildir. General deyib ki, Rusiyanın hərbi polisi və nəzarət postları burada yerləşdiriləcək.
Razılaşmaya əsasən 3 avqust, yerli vaxtla saat 12-də mülayim müxalifətin silahlı dəstələri və hökuməti qüvvələri bütün növ silahlardan atəşi tam dayandıracaqlar. Bütün yaralı və xəstə şəxslər Rusiya hərbi hospitalı və Suriya xəstəxanalarında müalicə almaq imkanı tapacaq.
Konaşenkov deyib ki, müxalifət atəşkəs zonasından keçən Homs-Həma yolunun qarşısını açacaq.