SURİYA MÜHARİBƏSİNDƏ İSRAİL BARMAĞI –Ən azı yeddi üsyançı qrup Təl-Əvivdən yardım alır - TƏHLİL

Baxış sayı:
2977

İsrail-Suriya sərhədində son gərginlik səmada baş verib. Ancaq Suriyadakı vətəndaş müharibəsində yaşananlar Colan Təpələrində də real dəyişikliklər doğurub.
Müharibədə üstünlük qazanan Əsəd rejimi indi hücumlarını Şamın şərqindəki üsyançı anklava və şimaldakı İdlib əyalətinə yönəlib. Ancaq Colan Təpələri də daxil olmaqla, Cənubi Suriyada vəziyyət tədricən gərginləşir. Buna görə də, İsrail müvafiq hazırlıqlar görür.
Suriyanın cənubunda hərbisizləşdirilən zonaya dair keçən ilin noyabr ayında ABŞ, Rusiya və İordaniya arasında imzalanan saziş həm də İran və ona bağlı şiə hərbi qüvvələrinin İsrail sərhədindən uzaq tutmağı nəzərdə tuturdu. İsrail iranlıların və ardıcıllarının Şam-Dəraa yolunun şərqində, sərhəddən təxminən 60 km uzaqda yerləşməsini istəyirdi. Ancaq bu arzu puç oldu; müqavilə onları rejim və üsyançılar arasında cəbhə xəttindən cəmi 5 kilometr məsafədə saxlayır.
Bu praktikada o deməkdir ki, iranlılara Colan Təpələrinə, İsrail sərhədinə 20 km yaxınlaşmasına və Əsəd ordusunun nəzarəti altında olan Şimali Colanın 5 km-də olmasına icazə verilir. Lakin “Hizbullah” əməliyyatçıları və hətta İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) üzvlərinin bəzən sərhədə qədər gəldiyini əminliklə ehtimal etmək olar.
Əsəd rejiminin Şimali Colanda, Quneytra yaxınlığında İsrail sərhədinə baxan postları var və “Hizbullah”ın yüksək səviyyəli işçiləri və İran nümayəndələri İsrailə yaxın olan bu mövqeləri ziyarət edə bilirlər.
Bu, son aylarda yaranan əhəmiyyətli bir inkişaf deyil. Bir ay öncə rejim Beyt-Cini sünni üsyançılardan geri alıb. O, İsrail sərhədinin təxminən 15 kilometrliyində yerləşir.
İsrail ordusunun zabitləri düşünür ki, gec-tez Əsəd İsraillə sərhəddəki qalan ərazilərdə nəzarətini bərpa etmək üçün səy göstərəcək. Silahlı qüvvələrin nümayəndələri və KİV təmsilçiləri ilə birlikdə iki il əvvəl bölgəyə səfər edən təhlükəsizlik kabinetinin üzvləri də eyni cür düşünürlər.
Son bir neçə ildir Suriyadakı hadisələri yaxından təqib edən və Colanın bir çox üsyançı milisləri və yerli sakinləri ilə müsahibə aparan analitik Elizabet Surkov ötən həftə Suriyadakı müharibə ilə əlaqədar ətraflı araşdırmasını dərc edib.
Surkov bildirib ki, İsrailin Cənubi Suriyada əhatə dairəsi, rejimin uğurları və İranın Suriyada güclənməsi ilə bağlı olaraq, son aylarda ciddi şəkildə dəyişib. Baş nazir Benyamin Netanyahu sonuncuya vəziyyətlə əlaqədar dəfələrlə xəbərdarlıq edib.
Son bir neçə ay ərzində İsrail Suriya ordusunun, İran və onun şiə birləşmələrinin obyektlərinə, o cümlədən “Hizbullah”a silah daşıyan konvoylara hava hücumları həyata keçirməyə başlayıb.
Surkovla danışan onlarla üsyançı İsraildən aldıqları yardımın əhəmiyyətli dərəcədə artdığını bildiriblər. Bundan əlavə, Colan Təpələrinin Suriya hissəsində ən azı yeddi sünni üsyançı qrupun İsraildən silah və döyüş sursatı, habelə pul alması təsdiqlənib.
Bu dəyişiklik Suriyanın cənubunda ABŞ iştirakının böyük ölçüdə azaldığı bir zamanda meydana gəlib.
Yanvar ayında Tramp administrasiyası Suriyanın cənubunda üsyançı təşkilatlara yardım göstərən CIA-nın əməliyyat mərkəzini bağlayıb və mərkəz İordaniyanın paytaxtı Əmman şəhərinə köçürülüb. Nəticədə, ABŞ-dan müntəzəm iqtisadi dəstək alan on minlərlə üsyançı bu yardımdan məhrum olub.
Eyni zamanda, İsrail üsyançıların nəzarət etdiyi kəndlərə, o cümlədən dərman, ərzaq və geyim tədarük etməklə, mülki yardımları artırıb. İsrail Suriyadakı Colan kəndlərinə mülki yardım göstərdiyini ilk dəfə ötən ilin yayında etiraf, amma hərbi yardım verdiyini təkzib edib.
Surkovun sözlərinə görə, İsrailin bu addımlarının məqsədi Əsəd rejiminin Colandakı irəliləyişini əngəlləmək və İsrail sərhədi yaxınlığındakı üsyançı kəndləri fəth etməsinin qarşısını almaqdır.
Buna baxmayaraq, o yazır ki, iki tərəf arasında gözlənti boşluğu var.
Üsyançılar qeyri-məhdud İsrailin dəstəyini gözləyir və bəziləri hətta rejimi devirmək səylərindən kömək istəyirlər. İsrailin planları “çox təvazökar”dır və çəkindirmə siyasəti kimi nəzərdə tutulur.
Sünni üsyançılar nisbətən “mülayim”dir, İsrail rəsmiləri onları "yerli sakinlər" adlandırırlar. Bu qruplar iki sahə – Şimali Colanda rejimin nəzarətində olan ərazi və İŞİD-in filialı “Ceyşül-Xalid ibn Valid”in nəzarət etdiyi Cənubi Colanın bir hissəsi istisna olmaqla, Suriya-İsrail sərhədinin böyük hissəsinə nəzarət edirlər.
Surkovun sözlərinə görə, İsrail İŞİD-çilərə qarşı döyüşlərdə üsyançılara kömək edir. Son bir neçə il ərzində İŞİD və digər təşkilatlar arasında atışma olub, lakin bu döyüşlər qüvvələrin mövqelərində heç bir əhəmiyyətli dəyişiklik doğurmayıb.
Lakin üsyançılar Surkova bildiriblər ki, İsrail İŞİD mövqelərinə dronlarla və antitank raketləri ilə zərbə endirməklə, son vaxtlar bu döyüşlərdə onlara kömək etməyə başlayıb.
Tərcümə: Strateq.az