Suriya böhranında YENİ GƏRGİNLİYİN ARXA PLANI - ŞƏRH

 Riyad Hicab, Suriyalı müxalif qrupların yaratdığı Yüksək Müzakirə Şurasındakı ümumi əlaqələndirici vəzifəsindən istefa edib.
 
Hicab açıqlamasında istefasının səbəblərinə toxunmadan, "Suriya xalqına məsləhət edilmədən ölkədə nüfuz sahələrinin yaradılmasından" danışıb. Hicabın bu sözləri Rusiya rəhbərliyində aparılan atəşkəs danışıqlarına yönəlik bir mesaj olaraq yozulub. Digər tərəfdən, Hicabın istefasının ardından Riyad Nasan Ağa, general-mayor Əbdüləziz Şelal, podpolkovnik Əbubəkr, mayor Həsən İbrahim, Samir Habbuş, doktor Əbdülhəq Bəşşar və Süheyr Əcdadı də vəzifələrindən ayrılacaqlarını açıqlayıb. Yüksək Müzakirə Şurasındakı istefalar Suriyalı müxaliflərin sabah Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda aparacaqları danışıqlardan bir gün əvvələ təsadüf edib. Və bu məqam təsadüf olmadığı kimi, həm də diqqətlərdən qaçacaq olan sıradan bir olay da deyil. Bildiyiniz kimi, Rusiyanın Soçi şəhərində Rusiya-Türkiyə-İran üçlü zirvəsinin keçirilməsi planlaşdırılır. Bu zirvədə Suriyanın gələcəyi üçün strateji qərarların alınacağı mesajları verilir. Və çox maraqlıdır ki, Suriya ilə bağlı strateji qərarların alınması prosesində nə ABŞ, nə də onun Yaxın Şərqdəki tulası Səudiyyə Ərəbistanı yoxdur. Məhz Soçi zirvəsi ərəfəsində ər-Riyadda Suriyalı müxaliflərin toplantısını təşkil etmək, əslində Suriyada siyasi həll prosesini bombardman etmək xarakteri daşıyır. Suriya müxaliflərinin Yüksək Müzakirə Şurasının idarəedicilərinindən bir qrupunun istefaya getməsi də ABŞ tərəfindən düşünülmüş dağıdıcı prosesin tərkib hissəsidir.
Müxalifət.az