Süpürgəçilikdən prezidentliyə yüksələn gitaraçı-siyasətçi: Atambayev kimdir?

Baxış sayı:
1987

İlk dəfə iqtidarı könüllü təhvil verən keçmiş prezident qırğız qırğınına görə həbsin astanasında; ABŞ hərbi bazasını çıxaran, Putin layihəsinə qoşulan, Gülənin məktəblərini bağlamayan sabiq rəhbərin dosyesi və uğursuz “Medvedyev projesi”...

“Anam mənim həyatımda xüsusi rol oynayıb. Anam olmasaydı, mən nailiyyətlərimin heç yüzdə birini də əldə edə bilməzdim”, - vaxtilə qırğız xalqının keçmiş prezidenti Almazbek Atambayev belə deyirdi. O, anasına həsr etdiyi “Enekem” mahnısını oxuyaraq musiqiçi və gitaraçı istedadını nümayiş etdirərkən qırğız xalqının qəlbində bir də bu şəkildə rəğbət qazanmışdı.

Qırğızıstan tarixinə seçkilərdən sonra hakimiyyəti yeni seçilmiş dövlət başçısına könüllü təhvil verən yeganə prezident kimi düşmüş Atambayev ancaq bugünlərdə böyük kataklizmlərin tən ortasındadır. Onun Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı yaranmış qarşıdurmada 1 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Akambayevin tərəfdarları xüsusi təyinatların bir neçəsini girov götürsələr də, sonradan azad ediblər. Sabiq prezident ürəyiyumşaq şəkildə açıqlama verib: “Onlar da kiminsə övladlarıdır...”

O, etiraf edib ki, xüsusi təyinatlılar üçüncü mərtəbəyə qalxanda şəxsən özü 5-6 dəfə yuxarıya atəş açıb: “Həmin vaxt qaranlıq idi. Atəş açanda güllənin səkdiyini, yaxud kiməsə dəydiyini bilmirəm. Çalışırdım ki, xüsusi təyinatlılardan heç kimə dəyməsin. Lakin kimsə onları qabağa itələyirdi. Dərhal xəbərdarlıq etdim ki, müqavimət göstərəcəyəm”.

A.Atambayev bildirib ki, bütün silahları toplayaraq evinin üçüncü mərtəbəsinə qoyublar: “Xalq bütün silahları təhvil verdi, biz heç kimi silahlandırmırıq”.

Beləliklə, Orta Asiya ölkəsində ciddi bir təlatüm yaşanmaqdadır. Bu gedişatdan görünür ki, qırğız qırğını ölkəsinin “Saakaşvili”sinin ayağına yazıla bilər. Hətta proseslərin səngidiyi ərəfədə Atambayevin həbsi istisna edilmir.

Onun gəncliyində küçə süpürgəçisi, hambal və tərcüməçi işlədiyi vikipedik məlumatlarda yer alıb. 1956 təvəllüddür. Arşan kəndi, Alamudun rayonu, Çuy vilayətində anadan olub.

Atambayev 2011-ci ildən 2017-ci ilə qədər ölkəsinə rəhbərlik edib. 2007-ci ildə bir il Qırğıstanda baş nazir olub. O, 1999-cu ildən Qırğızıstan Sosial Demokrat Partiyasının sədridir və Anadolu türkcəsində sərbəst danışa bilir. Keçmiş prezident Moskva İdarəçilik İnstitutunda iqtisadiyyat fakültəsində təhsil alıb. 2000-cı ildəki prezident seçkiləri onun üçün uğursuz başlanğıc olub - cəmi 0, 6 faiz səs toplayıb. 2005-ci ildə isə hökumətdə təmsil olunub, sənaye, ticarət və turizm naziri vəzifəsində işləyib. Amma cəmi bir il sonra hakimiyyətə qarşı çıxıb.

Atambayevin hayatı ile ilgili görsel sonucu

A.Atambayev “İslahatlar naminə” hərəkatının çətiri altında başlanan etirazların avanqard liderlərindən birinə çevrilir. 2011-ci ildə Qırğızıstan prezidenti olan Atambayev ruspərəst kimi özünü təqdim edir. O, Qırğızıstanın Putinin layihəsi olan Gömrük İttifaqına üzv olduğunu açıqlayır, 2014-cü ildə isə ABŞ hərbi bazasının ölkədən çıxarılacağına vəd verir: “Biz başa düşdük ki, onlara neft, təbii qaz və özlərinə lazım olan başqa maraqlar daha vacibdir. ABŞ-a dünyada demokratiyanın bərqərar olması lazım deyil”.

Keçmiş prezident fəaliyyəti dövründə Fətullah Gülənin Qırğızıstandakı məktəblərini bağlamaması ilə seçilib. Atambayev Ərdoğanın arzusunu yerinə yetirməmişdi.

Atambayev FETÖ-nün Qırğızıstanda çevriliş cəhdi edəcəyi haqda sözləri axmaqlıq adlandıraraq Gülən camaatının məktəblərini bağlamayacağını demişdi. Onun qalmaqallı çıxışlarından biri isə dini mövzuda olub. Atambayev iddia eləmişdi ki, Qurandakı surələrin birində guya spirtli içkinin az miqdarda qəbul olunmasının sağlamlığa faydası olduğu yazılıb: “İmamlar isə bunu davamlı olaraq gizlədirlər”.

Şəxsi həyatına gəlincə, Atambayevin ilk xanımı Buazhardan dörd övladı var - oğlanları Seyidbəy və Seytək, iki əkiz qızı Diana və Dinara. 1988-də isə Rəisə ilə evlənib. İkinci həyat yoldaşından isə iki uşağı var - Kadırbəy və Aliyə. Onun ikinci arvadı tatardır.

Atambayevin hayatı ile ilgili görsel sonucu

“Qırğızıstandakı situasiya hökumətin nəzarətindən çıxa bilər. İki dəfə inqilab yaşayan ölkənin yenidən destabilizasiya ilə toqquşmaq ehtimalı var”. Bunu “Moskovskiy Komsomolets”ə açıqlamasında rusiyalı politoloq Arkadi Dubnov deyib.

“Məni Atambayevin taleyi maraqlandırmır. Məni maraqlandıran Qırğızıstanın taleyidir. Atambayev Qırğızıstanın şimal klanlarının, hazırkı Prezident Sooronbay Jenbekov isə cənub klanlarının maraqlarını təmsil edir. Qırğızıstan artıq iki dəfə silkələnmə yaşayıb və liderlərin razılaşa bilməməsi ucbatından üçüncü inqilab da yaxınlaşır. Artıq aşkar şəkildə görünür ki, Putinin də yardım cəhdləri uğursuzluqla başa çatıb”, - deyə o bildirib.

Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

“Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevi həbs etmək üçün vaxtı azdır. Birinci cəhd alınmadı, ikinci cəhdə qədər Atambayev daxildə və xaricdə özünə dəstək qrupu formalaşdırmağa çalışacaq.

“Atambayevin itirəcəyi heç nə qalmayıb, həbsdən yaxa qurtarmaq üçün ölkəsini vətəndaş müharibəsinə də sürükləməyə hazırdır” - politoloq Elxan Şahinoğlu bu cür şərh edir.

Onun sözlərinə görə, baş verənlərə Kremlin mövqeyi maraqlıdır: “Qırğızıstanın həm hazırkı, həm də keçmiş prezidenti Kreml sahibindən dəstək almağa çalışırdı. Ancaq əgər Atambayevin həbsinə qərar verilibsə, böyük ehtimalla, Qırğızıstanın hazırkı prezidenti rusiyalı həmkarı Vladimir Putinin razılığını alıb. O da bəllidir ki, Putin qarşılıqlı fayda əldə etmədən heç kimlə sövdələşməyə getmir. Sooronbay Jeenbekov eks-prezident Almazbek Atambayevin həbsi qarşılığında Putinin hansı tələbini və ya şərtini yerinə yetirəcək, bunu gələcək aylarda görəcəyik”.

Ekspertin fikrincə, Atambayevin neytrallaşdırılması Türkiyənin də maraqlarına cavab verir: “Atambayev prezidentliyi dövründə ölkəsini terrorçu FETÖ təşkilatının əsas qalalarından birinə çevirmişdi. Hazırkı prezident Atambayevi neytrallaşdırdıqdan sonra Ankaranın istəyi ilə FETÖ-nün adamlarını da həbs etməyə başlayacaq”.

“Fərganə” agentliyindən Tatyana Zverintseva isə analitik məqaləsində təhlil edib ki, kimlərsə baş verənləri “üçüncü qırğız inqilabı” adlandırmağa tələsib: “Amma burası da var ki, bu, inqilabdırsa da, bir qədər yubanıb. Həm də çox qəribədir. İlk prezident Əskər Akayev 2005-ci ildə devrilib. İkincisi - Kurmanbek Bakiyev 2010-cu ildə hakimiyyətdən olub. Otunbayevanın başçılığı ilə qısamüddətli keçid dövründən sonra vətəndaşlar Otunbayevanın idarəçiliyi altında yeni, tam dəyərli lider - Atambayevi seçiblər. Bundan sonra ölkədə yeni konstitusiya qəbul ediblər və hətta idarəçiliyi prezidentlikdən parlamentə dəyişiblər. Sanki hər şey bunun üçün edilib ki, dövlət başçısı bundan belə sakitcə və sivil şəkildə əvəzlənsin. 2017-ci ilin  sonunda Atambayev postu doğrudan da tamamilə ağrı-acısız tərk edib. Əslində yeni konstitusiya ona, sadəcə, başqa çıxış yolu qoymurdu - bu sənədə əsasən, bir nəfər dövlət başçısı postunu yalnız bir müddət boyunca tuta bilər.

Lakin seçkiləri qıraq adam deyil, Atambayevin 1990-cı illərdə qurduğu Qırğızıstan Sosial-Demokrat Partiyasından (QSDP) irəli sürülmüş Sooronbay Jeenbekov udub. Atambayev prezident postunu tərk edərək QSDP başçısı postuna qayıdıb. Bütün bunlar Dmitri Medvedyevin prezidentliyi dönəmində Vladimir Putinin “Vahid Rusiya”nın başçısı postuna keçirildiyi Rusiya qalaqurmasını yada salır.

Atambayev və Jeenbekov arasındakı münasibətlər 2018-ci il boyunca sürətlə korlanıb. Atambayevin bütün adamları sayılı aylar ərzində yüksək postları itirib, bəziləri isə korrupsiyaya görə cinayət təqibinə düçar olublar.

QSDP-də parçalanma yetişməyə başlayıb - kimsə lideri dəstəkləməyə hazır olduğunu bildirib, kimsə “hakimiyyət partiyası” statusunu itirmək istəməyib".

P.S. Son məlumatlara görə, Atambayev hakimiyyətə təslim olub.
musavat.com