"Süni qiymət artımının arxasında dövlət məmurları dayanır" - Eyyub Hüseynov onların adları...

Baxış sayı:
4525

“Süni qiymət artımı ilə bağlıelə bir vəziyyət  yaranıb ki, bu da cənab Prezidenti narahat edib. Prezident dəfələrlə bu məsələyə toxunub və qarşısı alınması üçün tapşırıqlar verib. Lakin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 144 ştatla 2009-cu ildən bəri 9 mərtəbəli binada oturub, amma demək olar ki, heç bir iş görmürlər”
Muxalifet.az xəbər verir ki, bunu Eurasia Diary-ə açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Prezident İlham Əliyevin iyulun 31-də keçirilən müşavirədə ölkədə süni qiymət artımı ilə bağlı narahatlığını ifadə etməsinə və bu məsələyə nəzarət edilməsi barədə tapşırıqlarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, bir il öncə cənab Prezident fərman verdi ki, bu qurum ləğv olunsun, onun yerində ayrıca agentlik yaransın:
“Çox təəsüflər olsun ki, Nazirlər Kabineti heç bir iş görməyib, heç bir agentlik də yaratmadı. Və həmin qurum bu gün də öz adları altında fəaliyyət göstərir. Belə bir şəraitdə dövlət qurumunun cənap Prezidentin xalq üçün əhəmiyyətli olan tapşırıqları yerinə yetirməməsi ictimai təşkilatı çox narahat edir. Və bizim həmin quruma göndərdiyimiz vətəndaş şikayətlərinin hamısı məhkəməyə müraciət etməyimizlə nəticələnir”
E.Hüseynov hesab edir ki, ictimaiyyət də prezidentin çıxışlarına dəstək verməlidir və güclü ictimai nəzarət olmalıdır.
“Cənab Prezident dəfələrlə söyləyib ki, ölkədə ictimai nəzarət olmalıdır. Dövlət orqanlarının ictimai təşkilatlarla işini müşahidə edə bilmirik. Çox təəssüf ki, heç bir addım atmırlar. Biz çalışmalıyıq ki, cənab Prezidentin istəkləri həyatda özünə yer tapsın. Əgər yeni Agentlik yaranarsa, fəal iştirak edib, çalışarlarsa, qarşısı alınar. Ölkəmizin əmtəə bazarında külli miqdarda qaçaqmalçılıq yolu ilə gətirilmiş mal var. O malların bir neçəsi mənim stolumun üstündədir. Bəzən İqtisadiyyat Nazirliyi məni günahkar çıxarır ki, biznesin inkişafına maneçilik törədirəm. Qaçaqmalçılıq yolu ilə gətirilən bir çox mallar - dərmanlar, göz linzaları, “Nataktari” limonadları bu saat mənim stolumun üstündədir. Ölkəyə gəririlən malların 5o faizi qaçaq maldır. Bizə məlum olub ki, bunların arxasında dövlət məmuru dayanır. Yaxın vaxtlarda həmin dövlət məmurunun adını da açıqlayacam”, -deyə E.Hüseynov bildirib.