Sumqayıtın icra başçısı Zakir Fərəcov “Şərq bazarı”nda – BAZAR SÖKÜLÜR?

Sahibkarlar bazarın sökülüb yerində ticarət mərkəzinin tikilməsindən narahatdır; çünki 66 sahibkarın qanuni yeri əllərindən alına bilər

Sumqayıtda yerləşən “Şərq bazarı”nda işləyən sahibkarlar yenə də Hurriyyet.org-a müraciət ediblər. Bildirirlər ki, icra hakimiyyəti sahibkarların qanuni dükanlarını ekskavatorla məhkəməsiz-filansız sökməyə hazırlaşır.
Bazarın giriş-çıxış yolları bağlanıb, sahibkarlar isə buna etiraz edirlər.
Bazardakı 66 sahibkarın adından “Hürriyyət”ə yazılan məktubda göstərilir ki, “Şərq Bazarı” ətrafında baş verən olaylar 2011-ci ildən başlayıb və çəkişmə qurtarmaq bilmir: “Uzun müddətdir mətbuatın gündəmindən düşməyən məsələ dəfələrlə ölkənin müxtəlif mətbu orqanlarda , həm saytlarda, həm də tv-lərdə işıqlanıb. Məsələ kifayət qədər işıqlandırıldığından uzun-uzadı məhkəmə qərarları ilə oxucuları bezdirmək istəməzdik. Məsələnin kökündə “ Şərq bazarı” nın direktoru Rəşid Babayevin və onun məmur havadarlarının 66 sahibkara məxsus dükanları onların əlindən almaq, söküb yerində özünə obyekt tikmək durur. İşlə bağlı keçirilən bütün məhkəmə instansiyaları, Apellyasiya Məhkəməsi, Ali Məhkəmə də sahibkarların xeyrinə qərar çıxarıblar. Ümumiyyətlə, R.Babayev bütün məhkəmələrdə məğlub olub. Amma buna baxmayaraq, sahibkarlar daima R.Babayev və yerli məmurlar tərəfindən təzyiqə, təhdidə məruz qalır, keçən il isə onların dükanlarının qabağı icra hakimiyyəti tərəfindən hasarlanıb ki, bu da onların onsuz da pis olan ticarətinə çox pis təsir edib. Məhkəmənin qərarı ilə Əmlak Komitəsi R.Babayevin və şərikinin mülkiyyətində olan 98 sotdan ibarət olan topaq sahəsinin çıxarışını ləğv edib və həmin ərazinin 25 sotu sahibkarların mülkiyyətinə verilib, yəni haqq-ədalət bərqərar olub. Üstəlik, Əmlak Komitəsi R.Babayevin sənədləri, mülkiyyətinə olan çıxarışları ləğv olunduğundan, onun ərazisi 25 sot azaldığından yenidən komitəyə ərizə ilə müraciət edib. Amma çox qəribə də olsa, R.Babayev indiyəcən Əmlak Komitəsinin Sumqayıt Ərazi idarəsinə müraciət etməyib və qalan torpaq üzərində olan mülkiyyət hüququnu qeydiyyatdan keçirib təsdiq etdirməyib, sənədlərini təzələməyib. Yəni onun sahibkarları məhkəməyə verməyə heç hüququ da yoxdur.
Onu da aydınlıq üçün bildirək ki,1994-cü ildən bazarda əsaslı tikinti olub və o vaxtdan sahibkarların yerləşdiyi yer onların şəxsi mülkiyyətidir. Ərazi ümumən eyni - “Şərq bazarı”adlansa da, Babayevə məxsus ərazi, inzibatı bina, bazar korpusu tamamilə ayrıdır.
Sahibkarlar bildirir ki, dünən icra başçısı Zakir Fərəcov çoxsaylı işçiləri ilə əraziyə gəlib. İcra başçısı bazarın təmirə ehtiyacı olduğunu bildirib. Sahibkarlar da icra başçısının fikrini təsdiqləyiblər. Həqiqətən də 66 sahibkar bazarda əsaslı abadlıq işləri aparmaq üçün vəsait qoymağa tam razıdırlar və bununla əlaqədar layihə də işləyib təklif formasında icra hakimiyyətinə təqdim eləyiblər.
Lakin keçmiş bazarkom R.Babyev icra hakimiyyətində olan bəzi havadarları ilə əlbir olub, bu işə mane olmaq istəyir.
İcra başçısı bazarda olarkən söhbət əsnasında məlum olub ki, ərazi söküləcək və orada 4 mərtəbəli Ticarət Mərkəzi tikiləcək”.
Sahibkarlar isə bundan narahatdırlar ki, 66 sahibkarın hər birinin dövlət sənədi qaydasında olan dükanlarının aqibəti necə olacaq? Məktubda qeyd edilir ki, hər bir sahibkara məxsus tikintialtı sahə ümumlikdə 19,5 kvadrat metrdir: “Qeyri-rəsmi belə məlumat almışıq ki, bizə yeni tikintidən 1 kvadrat metr belə yer verilməyəcək. Uzaqbaşı yer arenda üçün veriləcək. Bizsə haqlı olaraq hesab eləyirik ki, şəxsi mülkiyyət yalnız dövlət ehtiyacı üçün sökülə bilər və qanunla da bunun üçün müvafiq kompensasiya nəzərdə tutulur.
Bazarın ətrafındakı yolların qabağına traktor vasitəsilə daş blokların qoyulması və maşınlara giriş-çıxışın bağlanması da onu göstərir ki, ölkə qanunlarına məhəl qoymadan sahibkarların qanuni dükanlarını heç bir məhkəmə qərarı olmadan sökülməsi niyyəti var və bu iş abadlıq bəhanəsi ilə edilir. Halbuki sahibkarlar dükanların müasir standartlara cavab verməsini, ümumiyyətlə, abadlıq işlərini həmişə dəstəkləyiblər. Biz hesab eləyirik ki, abadlıq mülkiyyət hüququnun tapdanılması hesabına baş verməməlidir. 2014-cü ildə ərazini abadlaşdırmaq işi Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin müdir müavini Kamil Məmmədova tapşırılıb və sahibkarlar da ərazini öz şəxsi vəsaitləri hesabına abadlaşdırıblar, başlayandan bir müddət sonra R.Babayev Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verdi. Məhkəmə predmeti olduğundan tikinti-abadlıq işləri dayandırıldı. Bu onu göstərir ki,abadlıq məsələsi bəhanədən başqa bir şey deyil. Əgər abadlıq əsas məqsəd olsaydı, R.Babayevin yolun kənarındakı antisanitariya vəziyyətində olan, heç ucqar kəndlərdə belə olmayan biabırçı, qanunsuz meyvə- tərəvəz bazarı uzun illərdir fəaliyyət göstərməzdi.
Biz hesab eləyirik ki, bizim şəxsi mülkiyyətimizin sökülməsi üçün mütləq məhkəmə qərarı olmalıdır və biz bu qanunsuzluğa qarşı etiraz eləyirik”.
Sahibkarların dükanlarını sökmək işində ən çox cafəşanlıq edən isə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısınin birinci müavini Akif Quliyev olub. Həmin Akif Quliyev ki, Rəşid Babayevlə söhbət zamanı onun 2011-ci ildə Rəşid Babayevə ”Lazım olsa, özüm traktora oturub bunların dükanını sökəcəyəm" deməsi o zaman qəzet, sayt manşetlərinin başlığına çevrilmişdi. İndi təsəvvür edin, belə deyən məmurdan qanunun aliliyini gözləmək nə qədər düzgündür?!
Bəzi məmurlar unudur ki, onların borcu, möhtərəm prezident İlham Əliyevin dediyi kimi, xalqa xidmət etməkdir. Prezidentin dediklərinə qarçı çıxaraq vətəndaşa qarşı təkəbbürlülük edənlər, yuxarıdan aşağı baxanlar, aqressiv davrananlar, ölkə başçısının dediyi kimi, əvvəl-axır cəzalandırılacaq. Sahibkarlar da ölkə başçısının sahibkarlara qayğısını yüksək qiymətləndirir, prezidenti dəstəkləyir və ona inanırlar.
Nəzərə alsaq ki, hər dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir.
Ona görə də bütün qanuni vasitələrdən istifadə edib hüquqlarını qorumaqda israrlıdırlar. Həm də onlar hüquqi dövlətdə yaşadıqlarına inandıqlarından bu cür qanunsuzluğun baş verəcəyinə inanmırlar və məsələ ilə bağlı ölkə rəhbərliyinə şikayət edəcəklərini bildirirlər.
Mövzuya qayıdacağıq.
Hurriyyet.org

P.S. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.