"Sumqayıt"ın futbolçusu: "Qələbəni nənəmə həsr edirəm"

Baxış sayı:
313

"Sumqayıt"ın futbolçusu Aleksey İsayev Premyer Liqanın XI turunda "Sabah"ı səfərdə 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Unikal.org 24 yaşlı yarımmüdafiəçi ilə müsahibəni təqdim edir:

- Oyun haqda nə deyə bilərsiniz?

- Qələbəni nənəmə həsr edirəm. Onunla eyni gündə doğulmuşuq. Təəssüf ki, nənəm artıq dünyasını dəyişib. Hər zaman mənə inanırdı, deyirdi ki, sən bacaracaqsan, hər şey alınacaq. Nənəmi çox sevirəm. Heyif ki, indi mənimlə deyil. Həyatdır, yaşamağa davam edirik. Yavaş-yavaş formamı bərpa edirəm. Oyundan-oyuna özümü daha yaxşı hiss edirəm. Hələ ki, əsl mən deyiləm. "Qarabağ"la oyuna qədər formamı 90 faiz bərpa edəcəyəm. Bir müddət sonra əsl Alekseyi görəcəksiz.

- Qələbə qazanmağınızda xarakter göstərməyiniz kömək oldu?

- İlk yarıda da yaxşı oynadıq, ancaq qol imkanlarından istifadə edə bilmədik. Əvəzində özümüz buraxdıq. Lakin özümüzü itirmədik. Baş məşqçi Ayxan Abbasov fasilədə dedi ki, oynamağa davam edin, həvəsdən düşməyin. İkinci yarıya çıxdıq və istədiyimizi etdik. Hücumdakı oyunçularımıza afərin, yaxşı oynadılar.

- Ötən mövsümki heyətlə indikini necə müqayisə edərdiniz.

- İndi bir söz deyə bilmərəm. Çünki hələ ki, cəmi ikinci oyunumu oynayıram, uşaqlara öyrəşirəm. Məncə, bizdə hər şey yaxşı alınacaq. Allah qoysa, rəhbərliyin qarşımıza qoyduğu məqsədə çatacağıq.

- Qarşınıza hansı məqsəd qoymusunuz?

- Məqsədimiz ötənilki kimidir - Avropa Liqasına vəsiqə qazanmaq. Buna can atacağıq və əlimizdən gələni edəcəyik. Oyundan-oyuna inkişaf edirik. Məşqçilərin dediklərini yerinə yetiririk. Futbol oynamağa, azarkeşlərimizi sevindirməyə çalışırıq. Bəyənirlər yoxsa,yox, bunu artıq azarkeşlərimizdən soruşmaq lazımdır(gülür).

- Oyundan sonra paltardəyişmə otağınızda coşqu vardı. Deyəsən, yaxşı mükafat veriləcək...

- Bu barədə bir söz deyə bilmərəm. Mənim işim futbol oynamaq, azarkeşləri sevindirməkdir. Mükafat haqda isə bir söz deyə bilmərəm.

- İstənilən halda, futbolçu üçün mükafat önəmlidir...

Əlbəttə ki, mükafat stimuldur. Amma mənim stimulum hər il irəliyə getmək və daha yaxşı olmaqdır. Uşaqlıqdan qarşıma qoyduğum məqsədlərə çatmağa çalışıram. Bu mənim stimulumdur. Düzdür, mükafat da önəmli amildir.

- Yenidən milliyə düşmək necə, sizin üçün stimuldur?

- Bu barədə bir söz deməyəcəm, söz verməyəcəm. Çünki son beş ayda çox şey baş verib. İndi mənim əsas işim formamı bərpa edib, futbol oynamaqdır. Necə olacağını baxacağıq.