Sumqayıtda 3-cü qrup əlilə qarşı DƏLƏDUZLUQ - “Hüquq-mühafizə orqanları məsələni ədalətli şəkildə həll etməsə, canıma qıyacam”

Baxış sayı:
3121

Hüquq-mühafizə orqanlarından, səlahiyyət sahiblərindən narazı olan daha bir şikayətçi - məcburi köçkün Şahin Hacıyev redaksiyamıza müraciət edib. Füzuli rayonu Aşağıseyidəhmədli kəndindən köçkün gələn 3 qrup əlilin mənzil şəraitini yaxşılaşdırmaq istəyi onu məhkəmə və polis qapılarına sürükləyib. Şikayətçinin dediyinə görə, hər şey ipoteka götürmək istəyi üçün Seyran Şıxəliyev və Eldar Məhərrəmov adlı iki nəfərə müraciətindən başlayıb: “Mən uzun illərdir ailəmlə Sumqayıtda köhnə yaşayış binasının şəraitsiz mənzilində yaşayıram. 3-cü qrup əliləm. Mənzilimizin təmiri üçün dəfələrlə Sumqayıt İcra Hakimiyyətinə müraciət eləmişəm. Amma hər dəfə də təmir üçün yetərli vəsait olmadığını deyiblər. Ona görə də məcbur qalib ipoteka götürdüm.
2015-ci ildə Seyran Şixəliyev, Eldar və Etibar Məhərrəmov adlı şəxslərlə danışdım. Eldarla Etibar əmi -qardaşoğludurlar, ev alqı-satqısıyla məşğuldurlar. Eyni zamanda bəzi adamlara ipoteka götürməyə kömək edəcəklərini vəd eləyirlər. Məni də belə inandırdılar”.
 
Suya düşən xəyallar
 
Ş.Hacıyev deyir ki, ipoteka istəyi ona baha başa gəlib: “Seyranın dayısı hərbçidir. Hərbçilərə aşağı faizlə ipoteka krediti verildiyi üçün o, mənə bu işdə kömək eləyəcəkdi. Yəni çoxlarının bu yolla ev ala bildiyini eşitmişdim. Deyirdilər ki, mülki vətəndaş hərbçinin adına ipoteka ilə ev götürür, daha sonra faizləri ödəyir, eyni zamanda bu işdə vasitəçi olanlara da haqq verir. Mən də bu məqsədlə onlarla işbirliyi qurmaq istədim”.
Amma son məqamda bu işdən vaz keçir: “2015-ci ilin sonunda gördüm ki, bəzi bankların kreditləri azaldı, devalvasiyası oldu, bu işdən vaz keçdim. Amma həmin qərara qədər mən az-az onlara təxminən 15 min pul ödəmişdim ki, həmin pulun ancaq bir qismini qaytardılar. Bu məbləğin də 500 manatını qızılla ödədilər. Üstəlik dedilər ki, sənə borclu olduğumuz 10 mini qaytaranda qızılların da pulunu verib onları geri alacağıq. Mən də razılaşdım. Amma ...”.
 
“Pulumu istədim deyə polisə verdilər”
 
Şikayətçi bütün cəhdlərinə rəğmən, pulun qalan hissəsini onlardan geri ala bilmədiyini iddia edir: “2016-ci ilin yanvarında mən onlardan növbəti dəfə pulumu qaytarmalarını tələb edəndə ortaya tamam başqa məsələlər çıxdı”.
Şahin Hacıyev onu da deyir ki, Məhərrəmovlara və Seyran Şıxəliyeva pul verməsində bir nəfərin də rolu olub: “Seyrangilə pul verməzdən əvvəl çox tərəddüd edirdim. Onların bir tanışı - Fuad Ağayev mənə dedi ki, Seyrangil mənim kredit məsələmi həll eləyir, onlara inana bilərsən. Mən bir az da onun sözündən ürəklənib o pulu verdim. Halbuki onlar elə Fuadın özünü də dolandırmışdılar. Ona da borcları vardı. Ona görə də pulu geri istəyəndə Fuad Ağayevi özümlə apardım. Onlar həmin şəxsin yanında dedilər ki, pullar geri qaytarılacaq”.
Şikayətçi pulunu alacağına ümid etdiyi vaxtda onu Sumqayıt Polis İdarəsinə çağırıblar: “Seyran Şixəliyev məni aldada-aldada heç demə arxamdan iş görürmüş. Polisdə, prokurorluqda dolablar çevirimiş. 2016-cı il martın 10-da mənə Sumqayıt Polis İdarəsindən zəng elədilər ki, Eldar məndən şikayətçi olub. Guya mən Seyranla əlbir olub onun 25 min manatını mənimsəmişəm”.
Ş.Hacıyev deyir ki, əks tərəf ipotekada vasitəçilik etmək suçunu onun üzərinə yıxmaqla vəziyyətdən canını qurtarmağa çalışıb: “Onların hərəkətinə bircə söz demək olardı, “oğru elə bağırdı ki, doğrunun bağrı çatladı”. Çünki onlar polisə demişdilər ki, guya ipotekanı düzüb-qoşan mənəm və həmin pulu da bu məqsədlə almışam. Həmin şikayətdən sonra araşdırmalar başladı. İşim Bəhruz Musayev adlı müstəntiqə tapşırıldı. Təbii ki, mən də ittihamları qəbul etmədiyim üçün və istintqın ədalətsiz aparılması ilə bağlı bağlı DİN-ə şikayət yazdım. Şikayətimi nəzərə alıb işi may ayına qədər dayandırdılar. Mənə də vəd verdilər ki, iş ətraflı araşdırılacaq. Amma sonra onlar başqa yerlərə vəzifə təyinatı aldılar. İş müstəntiq Sərdar Alıbəyli ilə istintaq rəisi Füzuli Əhmədova həvalə olundu”.
Şikayətçi iddia edir ki, yeni istintaq rəisi və müstəntiqin araşdırması əvvəlkindən heç nə ilə fərqlənməyib: “Dedim işi yeni müstəntiq və istintaq rəisinə verdilər, yəqin hər şey daha fərqli olacaq. Amma gözlədiyim kimi olmadı. Hər dəfəsində mən onlara məsələdə haqlı olduğumu sübut edən dəlillər göstərirdim. Deyirlər ki, yox, o adamın səninlə bağlı şikayəti var, biz araşdırma aparırıq, iş onun dediyi kimi olmasa, istintaqın gedişatı dəyişdiriləcək. Beləcə, başımın altına yastıq qoya-qoya məni aldatdılar".
 
Qəfil həbs
 

Etirazlarına baxmayaraq, Ş.Hacıyev 2016-cı ilin avqustun 8-də 178.3.2 maddəsi ilə gözaltına alınıb: “Məni qəfildən həbs elədilər. Həbs olunmazdan qabaq ailə üzvlərimə demişdim ki, Eldarla Seyrana Sumqayıt Prokurorlugundan havadarlıq edənlər var. Mən bu fikri Sumqayıt prokuroru Sərdar İmanovla görüşəndə ona da demişdim. Ona görə də işin orda araşdırılmasını istəmirdim. Məsələyə ədalətli baxılacağına inanmırdım. Güvənməməkdə haqlı idim. Çünki mən həbs olunandan sonra müstəntiq Sərdar Alıbəyli ailəmlə görüşüb, yoldaşıma, anama və bacıma deyib ki, guya mən içəridə Eldardan 25 min almağımla bağlı sənədə qol çəkmişəm, ona görə də məni həbs edib Şüvəlana göndərəcəklər. Ailəm də həbs olunacağımdan qorxub. Ona görə də həm evdəki, həm də bəzi qohum-əqrəbadan götürdüyüm qızıllarını lombarda qoyub faizə pul götürüb, sentyabrın 9-da 4.500 manat pulu onlara veriblər” .
Şikayətçi iddia edir ki, onun ailəsindən pul alınması haqda əlində səs yazısı var: “Məndə onların ailəmdən pul almaları haqda səs yazısı var. O səsi həmin həkim qeydə alıb. Ailəmdən pul alındıqdan sonra onu da polisə çağırıblar. O da mənim həbsimdən qorxuya düşdüyü üçün danışıqların hamısını diktafona yazıb. Müstəntiq deyib ki, o pulu alıb ki, Eldara ödəsin. Anlamıram, zərərçəkən mən ola-ola Eldara niyə pul ödəməliyəm? İkincisi, tutaq ki, onun dediyi kimi Eldara pul ödəməliyəmsə, onu müstəntiqə niyə verməliyik? Daha sonrası kimdənsə pul almağım sübuta yetirilmədiyim halda niyə ailəmdən pul alınıb?”
Şikayətçi deyir ki, həbsindən az sonra suçsuz olduğu ortaya çıxdığı üçün sərbəst buraxılıb və iş xətm olunub: “Məni avqust ayının 10-da sərbəst buraxdılar. Ordan çıxan kimi təcili özümə vəkil tutdum. Eyni zamanda başda ölkə başçısı olmaqla bütün səlahiyyət sahiblərinə müraciətlər ünvanladım. Prezident ilham Əliyev cənablarına, Birinci vitse-preziden Mehriban xanım Əliyevaya, daxili işlər naziri Ramil Usubova, Milli Məclisin deputatlarına, Omburdsmana və s. Bu müraciətlərdən sonra məni prokurorluğa çağırdılar”.
 
“Prokuror köməkçisi dedi ki...”
 
Şikayətçi deyir ki, məsələ ilə bağlı prokuror köməkçisi Feyzulla Qasımovlala görüşüb: “Prokuror köməkçi məni bir neçə dəfə yanına çağırdı. Dedi ki, yaxşı deyil, gərək belə yazmazdın. Mən də ona dedim ki, bu məsələ ilə mən təkcə maddi deyil, həm də psixoloji, fiziki zərbə almışam. Üçüncü qrup əliləm, dərmanla yaşayıram, bu qədər haqsızlıq məni sarsıdır. Ondan sonra prokuror Sərdar İmanovla görüşdüm. Ora Eldarla Seyranı da gətirdilər. Söhbət zamanı kimin kim olduğu üzə çıxdı. Üstəlik, bank işçiləri ilə də üzləşmə aparıldı. Onlar da məni tanımadılar. Prokuror bu üzləşmələrdən sonra göstəriş verdi ki, işi xətm etsinlər. Nəhayət, 2017-ci ilin aprelin 1-də işə xitam verildi”.
Ş.Hacıyev onu da dedi ki, onun davamlı və aramsız müraciətləri nəzərə alınaraq cinayət işi Sərdar Alıbəylidən alınıb Rafiq Qəmbərova verilib. İşlə bağlı xitamı da o verib.
 
“Məni döydürdülər”
 
Məsələnin yekunlaşmasına rəğmən, Ş.Hacıyevin tələbləri təmin olunmayıb, üstəlik sərbəst buraxıldıqdan sonra qarşı tərəf ona fiziki təzyiq göstərib: “Sentyabr 9-da Eldarın tanışları olan üç nəfər haqqımı tələb etdiyim üçün polis idarəsinin qarşısında məni döydülər, burnumu qırdılar. Onlar istəyirdilər ki, mən özümdən çıxıb onlara əl qaldırım, sonra da bunu bəhanə gətirib məni həbs eləsinlər. Çünki gördülər hüquqlarımın müdafiəsindən əl çəkən deyiləm. Haqqımı almaq üçün sonadək mücadilə edəcəm. Dayanmadan şikayət məktubları yazıram. Hətta Respublika Baş prokurorunun birinci müavini Rüstəm Usubovun belə qəbulunda olmuşam”.
Qeyd edək ki, şikayətçi işin xətm olunmasına rəğmən, işə yenidən baxılaraq ona dəyən maddi ziyanın ödənilməsini tələb edir: “İş iki dəfə xitam olunub. Birinci dəfə ötən ilin aprelin 1-də Rafiq Qəmbərov, ikinci dəfə isə iyunun 29-da Namiq Əsgərov işi xətm ediblər. Hazırda isə iş Anar Şirinovdadır. Bir neçə gün əvvəl onunla danışdım. Dedi ki, bu dəfə də məsələ xətm olunub. Mən işin belə yekunlaşmasından narazıyam. Hüquq-mühafizə orqanları məsələni ədalətli şəkildə həll etməsə, canıma qıyacam”.
Sözügedən məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Anar Şirinovla əlaqə saxladıq.
Bu haqda açıqlama verə bilməyəcəyini deyən A.Şirinov suallarımızı lakonik cavabladı: “Bu haqda açılama verə bilmərəm. Siz Sumqayıt Polis İdarəsinə və Sumqayıt şəhər Prokurorluğuna rəsmi müraciət göndərin.
O Şahin Hacıyevin özündən şikayət var. O kimdən şikayət edir? Qoy, o, özü gəlsin bura işin xətm olunmasıyla bağlı qərarın surətini ona verək. Nəticə ilə bağlı narazıdırsa, qanuni qaydada Sumqayıt şəhər Məhkəməsinə və Prokurorluğuna müraciət etsin”.
 
Hurriyyet.org