“Sülh çeşməsi” Qarabağda anti-terror əməliyyatının aparılması üçün stimul ola bilər”

Baxış sayı:
307

Pənah Hüseyn: “İşğaldakı torpaqlarımızda yaradılan terror rejimi bütün region üçün təhlükədir”

Türkiyənin Suriyada apardığı anti-terror əməliyyatları Azərbaycanda da böyük maraq və təqdirlə qarşılanamqdadır. Bəzi hərbi-siyasi mütəxəssislər hesab edir ki, Azərbaycan Türkiyənin anti-terror əməliyyatı təcrübəsini öyrənməli və bu təcrübədən mümkün Qarabağ müharibəsində maksimum faydalanmalıdır.
Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn də bu təcrübəni öyrənməyin vacibliyinə diqqət çəkdi:
“Bütün bu tipli əməliyyatlar öyrənilməlidir və hesab edirəm ki, öyrənilir. Bu, peşəkar hərbçilərin fəaliyyətinə aid olan bir məsələdir. O ki qaldı, Azərbaycanın işğal edilmiş ərazilərində anti-terror əməliyyatlarının aparılmasına, 10-15 ildir ki, bu barədə xeyli sayda təklif və fikir var. Yəni Qarabağda əməliyyatların anti-terror əməliyyatı adı altında aparılması ilə bağlı çoxsaylı təkliflər səslənib. Yəni Qarabağda anti-terror əməliyyatının aparılması fikri çoxdandır ki, gündəmdə var. Hesab edirəm ki, “Sülh çeşməsi” Qarabağda anti-terror əməliyyatının aparılması üçün stimul ola bilər.
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən torpaqlarımızda bu gün terror rejimi yaradılıb. Hansı ki, bu rejim bütün regionun təhlükəsizliyi üçün bir təhdiddir. Bu baxımdan Qarabağda aparılacaq əməliyyatların beynəlxalq ictimaiyyətə hüquqi baxımdan düzgün çatdırılması üçün onun anti-terror əməliyyatı adı altında gerçəkləşdirilməsi məsələsi nəzərdən keçirilməlidir”.