"Süleymanini şəhid kimi qələmə verənlər fars rejiminə xidmət edənlərdir” – AYDIN MƏDƏTOĞLU

Baxış sayı:
5662

"Qasım Süleymaniyə “şəhid” desək, şəhidliyə münasibətimiz iyrənc şəkil alar"
 
İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") "Qüds" briqadasının komandanı general Qasım Süleymaninin yanvarın 2-dən 3-nə keçən gecə Bağdad hava limanı yaxınlığında ABŞ hərbi hava qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində öldürülməsindən sonra Azərbaycanda yaşanan olaylar, daha dəqiq desək, onun şəhid kimi qələmə verilməsi və Bakıda məsciddə Süleymani ilə bağlı əza məclisinin təşkil olunması belə deməyə əsas verir ki, ölkəmizdə fars-molla rejiminə xidmət edən qüvvələr, bu məqsədlə fəaliyyət göstərən dini cərəyanlar hər ötən gün bir qədər də aktivləşirlər. Dəqiq demək çətin olsa da, mətbuatda gedən yazılardan, aparılan araşdırmalardan, o cümlədən mütəxəssislərin fikirlərindən sonra bu qənaətə gəlmək olar ki, İslam dini pərdəsi altında fəaliyyətdə olan cərəyanların bir qismi İranın kəşfiyyat və xüsusi xidmət orqanlarına qulluq edirlər. Elə bu səbəbdən də onlar əlverişli məqamda Azərbaycanda ciddi dəyişikliklər etməyə, ölkənin şəriət qaydaları ilə idarə olunmasına can atırlar.
 
Fars-molla rejimi Azərbaycanın əsasən cənub bölgəsində və Bakıda maraqlarını təmin etmək məqsədiylə özünün geniş təbliğatını aparır
 
Təəssüf ki, hazırda bunun işartıları özünü açıq şəkildə biruzə verməkdədir. Belə ki, İrandakı fars-molla rejimi Azərbaycanın əsasən cənub bölgəsində və paytaxt Bakıda maraqlarını təmin etmək məqsədiylə özünün geniş təbliğatını aparır və bu zaman İslam dinindən, şəriət qaydalarından istifadə edir. "Sepah"ın "Qüds" briqadasının komandanının öldürülməsinin və onun şəhid kimi qələmə verilməsinin ölkəmizdə sosial şəbəkələrdə geniş müzakirə olunması da bunun bariz sübutu kimi dəyərləndirilməlidir. İş o yerə çatıb ki, artıq bir sıra ilahiyyatçılar, hətta media orqanları belə, Qasım Süleymanini cəmiyyətə İslamın və müsəlmanların ümid yeri, məzlumların dayağı kimi təqdim etməyə çalışır. Bu barədə amerikaninsesi.org-da yayımlanan informasiyada deyilir ki, üzvlərinin bir çoxu, o cümlədən sədri Tale Bağırzadə həbsdə olan Müsəlman Birliyi Hərəkatı Qasım Süleymanini "dünya azadlıqsevərlərinin sevimlisi, müsəlmanların fəxri, məzlumların müdafiəçisi, zalımların qənimi" kimi təqdim edib. Halbuki bu hərəkatın üzvlərinin, sədrinin həbsi indiyədək hər hansı müsəlman ölkəsi və ya təşkilatı tərəfindən pislənməyib. Hərəkat üzvlərinin həbsi bir qayda olaraq Qərb institutları tərəfindən pislənib və onalrın azadlığa buraxılması tələb edilib. Nəzərinizə çatdıraq ki, adıçəkilən təşkilatın bəyanatında məh bu cür deyilir: "Müsəlman Birliyi Hərəkatı olaraq böyük komandanın şəhadəti münasibətilə başda dünya müsəlmanlarının rəhbəri olmaqla, ailəsinə, yaxınlarına, sevənlərinə və bütün haqqpərəst bəşəriyyətə başsağlığı verir və deyirik ki, zatən belə şəxsiyyətlər bu dünyadakı həyatlarını ən yüksək zirvədə şəhadətlə tamamlamasalar heyf olardı. Hacı Qasım! Şəhadətin mübarək və intiqamın şiddətli olsun!"
 
"Milləti bir-birinə qarşı qoyan, ideoloji parçalanma yaradan ilk növbədə bilgisizlik, savadsızlıq və cəhalətdir"
 
Bu arada, sözügedən mövzu ilə bağlı özünün "facebook" səhifəsində fikirlərini bölüşən Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, Qasım Süleymaninin İraqda amerikalılar tərəfindən öldürülməsi ilə bağlı bizim sosial şəbəkədə gedən müzakirələr son dərəcə acınacaqlıdır. Onun sözlərinə görə, milləti bir-birinə qarşı qoyan, ideoloji parçalanma yaradan ilk növbədə bilgisizlik, savadsızlıq və cəhalətdir: "Bu mənzərə ölkədə təhsil sisteminin çökdürülməsi, nazirlərin öz yanında falçılar saxlaması, dinin korrupsiyalaması və kleptokratik hakimiyyətin əlində alətə çevrilməsinin bilavasitə nəticəsidir. Azərbaycanda islam inanclı vətəndaşlar bu rejimin işgəncə laboratoriyasından keçiriləndə nə general Süleymaninin, nə də özünü qonşu dövlətlərin islam təəssübkeşi hesab edən ali ruhani elitasının səsi çıxmayıb və bu gün də çıxmır. General Süleymaninin ölümü ilə bağlı ölkəmizdə bir sıra dini təməyyüllü qurumların, hətta demokratik düşərgənin bəzi təmsilçilərinin açıqlamaları yüngül desək, təəssüf doğurur. Xüsusilə öz vətəninə və milli atributlara bağlılığı ilə seçilən Müsəlman Birliyi Hərəkatının dəfələrlə ölkəmizi təhdid etmiş, Yaxın və Orta Şərqdə dövlət çevrilişlərində iştirak etmiş, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun 20 ildən artıqdır ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlarını icra edən xüsusi hərbi birləşməsinə başçılıq etmiş general Qasım Süleymanini "dünya azadlıqsevərlərinin sevimlisi, müsəlmanların fəxri, məzlumların müdafiəçisi, zalımların qənimi" adlandırması məyusedici dəyərləndirmədir". Cəmil Həsənli qeyd edib ki, kim tərəfindən törədilməsindən asılı olmayaraq terrorun əleyhinədir: "Amma nicatımızı da, qəhrəmanlarımızı da öz içimizdə axtarmalıyıq. Bütün mənalarda gözümüzü xaricdən çəkməliyik. Hələ 1909-cu ilin yanvar ayının 11-də Cəlil Məmmdəquluzadə "Molla Nəsrəddin" jurnalında yazırdı: "Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, – gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur. Bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvərlik oraya kömək etməkdir".
 
"Sepah"ın "Qüds" briqadasının komandanı Azərbaycanla bağlı kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd edib
 
Azərbaycan Respublikasının Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev isə Qasım Süleymani ilə bağlı maraqlı məlumat paylaşıb. O, iddia edir ki, "Sepah"ın "Qüds" briqadasının komandanı döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd edib: "Azərbaycanın hüquq-mühafizə orqanları üçün Azərbaycan düşməni Qasım Süleymani ölümü ilə çoxlu ip ucları verdi. O hələ 1990-cı illərdən Azərbaycanla xüsusi maraqlanmış və döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd etmişdir. İki ağenti Ağdam-Ağdərə döyüş bölgəsində Daxili Qoşunların kəşfiyyatçıları tərəfindən həbs edilərək MTN-ə (Milli Təhlükəsizlik Nazirliyi-red.) təhvil verilmişdir".
 
İranşünas erməni alimi Qasım Süleymaninin Qarabağ münaqişəsində ermənipərəst olduğunu bəyan edib
 
Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, gunaz.tv-də gedən informasiyaya görə, İran hökumətinin televiziya kanalı olan "Xəbər Şəbəkəsi"ndə ("Shabake Khabar") Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlik edilib və ekspertlərdən biri Qasım Süleymaninin ermənipərəst mövqeyini etiraf edib. Belə ki, canlı yayımlanan verilişdə ekspert "Sepah"ın "Qüds" briqadasının komandanının niyə Ermənistana dəstək göstərdiyini izah edərkən ölkəsinin anti-Azərbaycan mövqeyini də açıqlamış olub: "Ermənistan məsələsinə diqqət yetirin. Naxçıvan Respublikası ilə Azərbaycan Respublikası arasında quru sahəsində ayrılma var. Onların (ermənilərin-red.) Qarabağ bölgəsini Azərbaycan Respublikasına birləşdirməklə, Naxçıvanla Azərbaycanı birləşdirmək planları var idi. İlkin baxışda bunun İran İslam Respublikasının xeyrinə olduğu görünə bilər. Ancaq bunun arxasında məkrli plan var idi. Bundan sonra regionda pantürkist millət formalaşdıraraq, prosesləri digər məcrada davam etdirəcəkdilər. Lakin Qasım Süleymani bunun qarşısını aldı". Həmin ekspertin Qarabağı Ermənistanın adına çıxması da xüsusən diqqət çəkib. Bundan başqa, iranşünas erməni alimi Vardan Voskanyan da həmin ekspertin Qasım Süleymaninin Qarabağın işğalında ölkəsinə etdiyi köməkləri təsdiqləyib. Belə ki, efirdə general Qasım Süleymaninin ölümünü dəyərləndirən ekspert Qarabağ münaqişəsində generalın ermənipərəst olduğunu bəyan edib.
 
"Hazırda bir sıra məscidlərdə, xüsusilə şiələr olan istiqamətlərdə İran kəşfiyyatının geniş şəbəkəsi var"
 
Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən türkoloq, filologiya üzrə fəlsəfə doktoru, dosent Aydın Mədətoğlu Qasımlı hesab edir ki, "Sepah"ın "Qüds" briqadasının komandanı Qasım Süleymaninin Azərbaycan vətəndaşları tərəfindən şəhid kimi qəbul edilməsi heç bir halda doğru deyil: "İran kəşfiyyatını məmləkətin içinə o qədər buraxdıq ki, artıq onlar ölkəmizdə şəbəkələniblər. Belə ki, hazırda bir sıra məscidlərdə, xüsusilə şiələr olan istiqamətlərdə İran kəşfiyyatının geniş şəbəkəsi var. Bu səbəbdən də onlar bu cür tədbirlər təşkil edə bilir. Təbii ki, bu kimi fəaliyyətlərin arxasında İran deyilən məmləkətin parası var. Bu səbəbdən də Qasım Süleymani üçün ağlayanlar da pula görə ağlayırlar".
 
İranın artıq Azərbaycanda şəbəkəsini qurduğunu, ölkəmizə torunu atdığını vurğulayan Aydın Mədətoğlunun sözlərinə görə, Qasım Süleymani üçün ağlayan, onu şəhid kimi qələmə verən, onunla bağlı əza məclisi təşkil edənlər məhz fars rejiminə xidmət edən qruplardır: "Əslində, vəziyyətin bu həddə çatması hakimiyyətimizin onları bir qədər boş buraxmasından irəli gəlir. Bu cür halların qarşısını almaq üçün xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparmasını qəti şəkildə qadağan etmək lazımdır. Eyni zamanda, dövlətin dinə nəzarətini daha da gücləndirməsi gərəkdir. Yəni, dövlət öz təhlükəsizliyini, ölkənin milli maraqlarını mütləq şəkildə təmin etmək üçün dini sektalara Azərbaycanda şəbəkələnməyə imkan verməməlidir. Onu da qeyd edim ki, bu gün vətəndaşlarımızın xaricdə dini təhsil almasına heç bir lüzum yoxdur. Çünki bizim özümüzün ilahiyyat fakültəmiz var. Bəlkə də dünyada dini düzgün anlayan ölkə elə bizim Azərbaycandır. Belə ki, Azərbaycan uzun illər sovet imperiyasının tərkibində olsa da, ateizm təbliğat edilsə də, bizdə din İrandan daha düzgün təbliğ edilir. Ümumiyyətlə, İranda əhalinin 90 faizi mollanı gördükdə az qalır ki, lənət oxusun. Odur ki, həqiqi İslam dininə İranda, o cümlədən ərəb dünyasında rast gəlmək mümkün deyil. Yəni bu gün İslam dünyasında demək olar ki, din qalmayıb. Məhz buna görə də dövlət mütləq şəkildə dinə nəzarətini gücləndirməlidir və ancaq özü dini təhsil verməlidir. Bundan başqa, dini təhsil üçün xaricə göndərdiyi adamları elə yerə göndərməlidir ki, onların üzərində daim nəzarət etmək imkanı olsun. Artıq hamı bilir ki, İranın ölkəmizdəki şəbəkəsi ordan-burdan tapdıqları kasıb uşaqları Qum şəhərinə aparıb, orada beyinlərini yuyub Azərbaycana göndərir. Bu səbəbdən də dövlət qeyd olunan məqamları nəzərə almalı və müvafiq tədbirlərlə Azərbaycanı böyük bəlalardan qurtarmalıdır. Əks təqdirdə, bir müddət sonra daha xoşagəlməz hallarla üzləşə bilərik".
 
"Süleymaninin və onun rəhbərlik etdiyi briqadanın Azərbaycana heç bir aidiyyatı yoxdur, o, ölkəmiz üçün heç bir müsbət addım atmayıb"
 
Dinin ictimai şüurun forması olduğunu qeyd edən türkoloq bildirdi ki, bununla zarafat etmək, baş verən proseslərə səthi yanaşmaq olmaz: "Hazırda Suriya, İraq və Yəməndə, ümumiyyətlə, ərəb dövlətlərində, İslam dünyasında baş verən bütün bəlaların əsas səbəbi dindən uzaqlaşıb, ayrı-ayrı təriqətlərə qulluq etməkdir. Qasım Süleymaniyə gəlincə, onu şəhid kimi qələmə verənlər bilməlidir ki, onun arxasında çox para və böyük güc dayanıb. Bundan başqa, Süleymani Azərbaycandan olan hərbi məlumatları ermənilərə ötürüb. Suriyada Bəşər Əsədi müdafiə edən, Türkiyə ordusu ilə döyüşən kürd terrorçularını hazırlayanlar da məhz onlar - "Sepah"ın "Qüds" briqadası olub. Əgər onlar olmasaydı, Suriyada mövcud olan rejim çoxdan getmişdi. Ümumiyyətlə, Qasım Süleymaninin və onun rəhbərlik etdiyi briqadanın Azərbaycana heç bir aidiyyatı yoxdur. O, ölkəmiz üçün heç bir müsbət addım atmayıb. Heç Güney Azərbaycan onu qəbul etmir. Bəli, Süleymani İran üçün şəhid ola bilər. Çünki o, İran dövləti üçün çox böyük işlər görüb, bütün xarici məsələlərdə və xarici dövlətlərdə Süleymani iş aparıb. Bu halda o, nədən Azərbaycanın şəhidi olmalıdır?! Bizim şəhidimiz Azərbaycan üçün vuruşub, ölkənin milli maraqları, ərazi bütövlüyü uğrunda dünyasını dəyişən insanlardır. Qəti şəkildə bəyan edirəm ki, Qasım Süleymanini şəhid adlandırmamalıyıq. O, bizim üçün şəhid deyil. Əgər ona şəhid desək, o zaman bizim şəhidliyə münasibətimiz iyrənc şəkil alar".
 
"İran rejimi Cüney Azərbaycanda milyonlarla türkün milli kimliyini yox edir"
 
Aydın Mədətoğlu bu qənaətdədir ki, Qasım Süleymaninin Azərbaycandakı bəzi şəxslər tərəfindən şəhid kimi qəbul edilməsi ölkəmizdə hələ də milli kimlik probleminin mövcud olmasından irəli gəlir: "Əfsus ki, bizim institutlar bu sahədə ciddi iş aparmır. Nə dövlət institutlarımız, nə ali məktəblərimiz işləyir. Bu səbəbdən də kim istəyir, gəlib burda "at oynadır", öz işini görür. Sanki qüvvələrin hamısı bu xalqa əzab vermək üçün cəmləşib. Buna görə də bizim elə adamları şəhid adlandırmağımız heç bir halda doğru deyil. Ümumiyyətlə, bu cür adamların bizə heç bir aidiyyatı yoxdur. Bizim Qarabağ kimi dərdimiz, orada şəhid olan yüzlərlə oğullarımız var. Onlara ağlayan yoxdur, lakin indi Qasım Süleymaniyə şəhid deyirlər. Bu, tamamilə anormaldır. Bir daha qeyd etmək istərdim ki, onu şəhid kimi qələmə verənlər İranın pulu ilə formalaşan şəbəkədir və həmin şəbəkə tam gücü ilə fəaliyyətdədir. Odur ki, dövlət mütləq şəkildə buna öz ciddi münasibətini bildirməlidir. Sabah bunun ağrılarını bu millət çəkəcək. Həmin qruplardan millətimizə olduqca ağır zərbələr dəyə bilər".
 
İranın dindən öz siyasi məqsədlərini reallaşdırmaq üçün istifadə etdiyini deyən filologiya üzrə fəlsəfə doktorunun sözlərinə görə, farsların qəlbində İslama qarşı bir nifrət var: "Bunun tarixi kökləri var. Axı, ərəblər Sasani imperatorluğunu yer üzündən sildilər. O vaxtdan farsların içində İslama qarşı düşmənçilik var. Odur ki, İranın dini təbliğatı, şiəliyi bütövlükdə fars şovinizminə xidmət edir. Tarix boyu dünyada fars şovinizminin alternativi olmayıb. Yalandan tarix yaradıblar, əfsanələrlə özlərinə tarix uydurublar. İran deyilən məmləkət tarixən türk dövləti olub. Orda türk sülalələri hakimiyyətdə olub. Sadəcə, olaraq xarici qüvvələrin təsiri ilə etnosu olmayan bir şeyi gətirib türklərin başının üstünə qoydular. İran rejimi Cüney Azərbaycanda milyonlarla türkün milli kimliyini yox edir. Ordakı soydaşlarımızın dili və məktəbləri əlindən alınıb. Qacarları ingilislərin və digər xarici qüvvələrin əliylə hakimiyyətdən uzaqlaşdırdıqdan sonra bütünlüklə fars ruhu İranın üstünə keçib, İslam dini də kənarda qalıb. İrandakı mövcud rejim ancaq fars şovinizmini yeridir".
 
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org