Səudiyyənin "MÖTƏDİL İSLAM” İSLAHATI – MÜMKÜN OLACAQMI

Həftənin mühüm hadisələrindən biri İslamın ən qatı formalarından birinin həyata keçirildiyi Səudiyyə Ərəbistanının "mötədil İslam”a qayıtmaq  fikri oldu.
Dünya indi keçən aya qədər qadınların avtomobil istifadə etməsinə belə icazə verməyən Səudiyyə Ərəbistanın niyə belə bir həmləyə ehtiyac duyduğunu müzakirə edir.
 Səudiyyə Ərəbistanı gerçəkdən bir dini islahat dövrünəmi girir? Yoxsa, bütün bunlar iqtisadi inkişafı tələb edən xalqla əlaqələrin yenidən qurulması layihəsindən başqa bir şey deyil?
Açıqlamaların mərkəzində S. Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman (32) vardır. Açılımın mərkəzində isə Şahzadə Məhəmmədin açıqladığı 500 milyard dollarlıq NEOM layihəsi durur.
 Ərəb mətbuatına görə NEOM, Latınca "yeni mənasına gələn" NEO ilə Ərəbcə "Müstakbel” sözlərindən ibarətdir. NEOM, Səudiyyə Ərəbistanı, Misir və İordaniyanı əhatə edəcək 26 min 500 kvadrat kilometrlik bir sahədə yeni bir iqtisadi zonanın yaradılması layihəsidir.
Super şəhər üçün hazırlanan videoda qadın və kişilərin birlikdə çalışdığı ofislər, dronlar, robotlar, futuristik yaşayış sahələri diqqət çəkir. Xarici investor və innovativ sahibkarları bölgəyə cəlb etməyi hədəfləyən NEOM-un özünəməxsus qanunlarının olması məqsədi güdülür.
 Həftə arası Ər-riyadda keçirilən beynəlxalq investorların iştirak etdiyi konfransda danışan Şahzadə Məhəmməd, "Bura adi insanlar, ya da adi şirkətlər üçün deyil. Bura dünyanın xəyal quranları üçün bir yer olacaq" deyib.
Şahzadə Məhəmməd, "Mötədil İslama, keçmişdə olduğumuz yerə qayıdacağıq” deyir.
Şahzadə, The Guardian qəzetinə verdiyi açıqlamada isə "Son 30 ildə olanlar, Səudiyyə Ərəbistanını təmsil etmir. Son 30 ildə Yaxın Şərqdə olanlar Yaxın Şərq deyil. 1979-ci ildə İran (İslam) inqilabının ardından insanlar bu modeli müxtəlif ölkələrdə klonlaşdırmaq istədilər, bunlardan biri də Səudiyyə Ərəbistanı olub. İndi bundan xilas olma vaxtı gəldi" fikrini işlədib.
 İslamın qatı bir yozumu olan Vəhabizim ilə qidalanan Səudiyyə Ərəbistanının dəyişiklikdə nə qədər uğurlu ola biləcəyi sual  altındadır.
 Ancaq mütəxəssislər bu barədə ötən həftə Mədinədə açılan Peyğəmbər Hədisləri Mərkəzinə də diqqət çəkirlər. Mərkəzin məqsədi İslamı təlimlərin səhv bir şəkildə şərh olunaraq İslam adına törədilən cinayətlərin və ekstremist fikirlərin önünə keçilməsidir.
Şiə İranın Suriyada, İraqda nüfuzunun artdığı bir dövrdə Sünnilərin çoxluqda olduğu Səudiyyə Ərəbistanın son həmləsi diqqətçəkicidir. Bəlli ki, iqtisadi çətinliklər, geosiyasi proseslər Krallığı qabıq dəyişdirməyə təşviq edib.
 Ancaq təpədən enmə "mötədilliyin” hara qədər gedəcəyi, qatı mühafizəkar təbəqənin dünyaya nə qədər açılmağa imkan verəcəyi, Şahzadənin xəyalının nə qədər reallaşdıra biləcəyi ilə mütənasib olacaqdır.
Müxalifət.az