Səudiyyədə müxaliflərin “SURİYA TOPLANTISI” NİYƏ TƏXİRƏ SALINDI - ŞƏRH

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda sabah başlaması planlaşdırılan Suriya müxalifətinin toplantısı bəzi anlaşmazlıqlar səbəbi ilə təxirə salınıb.
 
Yerli mənbələrdən alınan məlumata görə, 22-24 noyabrda ər-Riyadda keçirilməsi planlaşdırılan Suriya müxalifətinin toplantısı təxirə salınaraq, sonrakı günlərdə baş tutacağı bildirilib.
Toplantının müxaliflər arasındakı münaqişələr və bunun nəticəsində dünən başda Müzakirə Ali Şurasının baş koordinatoru Riyad Hicab və digər bəzi müxalif liderlərin istefa verməsi səbəbindən təxirə salındığı iddia edilir.
Bəzi müxaliflərin ər-Riyada gəldiyi və gələcək toplantı üçün ixtilaf səbəblərini aradan qaldırılması məsələlərini müzakirə etdiyi, problemlərin aradan qaldırıldığı təqdirdə geniş tərkibli toplantının keçiriləcəyi qeyd edilir.
Səudiyyə Ərəbistanı rəsmilərindən hələ məsələ ilə bağlı açıqlama verilməsə də, problemlərin aradan qaldırılması ilə toplantının gələn həftə keçirilə biləcəyi bildirilir.
Suriya müxalifləri arasındakı fikir ayrılıqları təsadüfən və yaxud qəflətən ortalığa çıxan yeni bir problem deyil. Ayrıca müxalif Ali Müzakirə Şurasının bəzi liderlərinin gözlənilmədən istefaya getməsi də bir təsadüf əsəri, yaxud Suriyada təhlükəsizlik bölgələrinin yaradılması ilə birbaşa bağlılığı ilə əlaqəli deyil. Çünki elə olmuş olsaydı istefa verən müxalif liderlər Astana prosesində təhlükəsizlik bölgələrin yaradılması ilə bağlı müzakirələr və qərarların alınması prosesi ərəfəsində istefa verməliydilər. Ancaq bu məsələ razılaşdırılıb və həlledici siyasi çozüm mərhələsinə qədəm qoyduğu ərəfədə müxalif liderlərinin bəzilərinin istefa qərarı verməsi bir çox suallar yaradır və bu yöndə onları yönəldən geosiyasi güc mərkəzlərinin maraqlarını ortaya qoyur.
Bildiyiniz kimi, bu günlərdə Soçidə Rusiya-Türkiyə-İran üçlü zirvəsi keçirələcək və burada Suriyanın gələcəyi baxımından strateji qərarların alınacağı gözlənilir. Suriya müxalif liderlərin bəzilərinin istefası da məhz siyasi çözüm prosesini pozmaq xarakteri daşıyır. Və ər-Riyadda müxaliflərin keçirəcəyi toplantının təxirə salınması da üç səbəbdən qaynaqlana bilər:
Birincisi, Səudiyyənin təsiri altında olan bəzi müxalif  liderləri istefaya məcbur etməklə, Soçidə baş tutan üçlü zirvədən çıxan strateji siyasi çözüm qərarlarını baltalamaq, legitimliyinə kölgə salmaq;
İkincisi, ABŞ-Səudiyyə ittifaqının müxaliflərin toplantısını təxirə salaraq ertələməsi, Soçi zirvəsindən çıxacaq qərarların onlar üçün qeyri-müəyyənliyi ilə bağlı ola bilər. Çünki bir neçə gün gözləməklə qərarın nədən ibarət olduğu bəlli olacaq ki, İttifaqın atdığı addımlar da buna görə müəyyən olunacaq;
Üçüncüsü, heç kimə sirr deyil ki, Suriyada dövlətin bütünlüyündən yana olan konstruktiv müxalifətin böyük əksəriyyəti məhz Türkiyədən yana siyasət yürüdürlər. O baxımdan, Səudiyyənin baltalamaq istədiyi Soçi siyasi çözüm prosesində əksər müxalifətin iştirakını təmin etmək üçün Türkiyə düyməyə basa bilər. Məhz buna görə, Səudiyyənin dəstəklədiyi müxalif liderlərlə digər müxalif güclər arasında ixtilaflar yarana bilər ki, nəticədə də ər-Riyad toplantısı təxirə salındı. Yəni, bir tərəfdə ABŞ-Səudiyyə ittifaqı istefalarla siyasi çözüm prosesini baltalamaq gücünü göstərdisə, Türkiyə də ər-Riyad toplantısını təxirə saldırmaqla gücünü göstərmiş oldu.
O ki qaldı ABŞ və Səudiyyənin bu prosesi baltalama səbəblərinə, bu da təbiidir, çünki dağıdıcı və parçalayıcı mövqe ortaya qoyduqları səbəbindən Suriya çözüm prosesindən kənarda saxlanılıblar.
Müxalifət.az