Səudiyyə Yəmənə bomba atdı, DİNC SAKİNLƏR HƏLAK OLDU

Muxalifət.az xəbər verir ki, Yəmənlə Səudiyyə Ərəbistanı sərhədindəki nöqtə bu gecə səhərə qədər bombardman edilib. Yerli media və aktivistlər, aralarında qadınlarla uşaqların da olduğu onlarla insanın həlak olduğunu bildirib.
Ən ağır humanitar böhran içərisində, vətəndaş müharibəsi vəziyyətində olan Yəmənə Səudiyyə Ərəbistanı bir daha hava hücumu edib. “Əl Cəzirə” kanalı hərbi təyyarələrin şimal-qərbdəki Haccah vilayətinin Hiran kəndini azı 16 dəfə bombardman elədiyini bildirib.
Hücum zamanı azı 30 nəfər dinc sakinin həlak olduğu bildirilir. Aralarında uşaqlarla qadınların da olduğu qurbanlardan 10 nəfəri eyni ailədəndir.
Hiran kəndində yaşayan Husi tərəfdarı Hüzeyn əl Bukati hücumların gecəyarıdan sonra başlandığını və şeyx Hamdinin evinin bombalandığını deyib. Hücumlar səhər saat 5-ə qədər davam edib.
Sosial mediada paylaşılan fotolarda bombalanmış avtomobillər və qətlə yetirilmiş uşaqlar görünür.
Hiran kəndi Səudiyyyə Ərəbistanının sərhədinin çox yaxınlığında yerləşir.
 
Yəmən raket atmışdı

Yəmən ötən həftənin axırında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket atmışdı. Səudiyyə Ərəbistanı raketin İran tərəfindən verildiyini iddia edir. Bu hadisədən dərhal sonra 11 şahzadə və bir çox nazirin həbs olunduğu əməliyyat həyata keçirilib, şahzadə Mənsur bin Münkiri daşıyan vertolyot Yəmən sərhədi yaxınlarında yerə düşmüşdü. Şahzadə Mükrinin vertolyotla qaçmağa çalışdığı güman edilir.
 
Humanitar təşkilatlar narahatdı

Hücumdan sonrakı daha bir addım Yəmənə gedən bütün yolların bağlanılması olub. Beynəlxalq yardım təşkilatları Səudiyyə Ərəbistanının lideri olduğu koalisiyadan girişlərin dərhal açılmasını tələb ediblər.
BMT və Qızıl Xaç Komitəsi vəziyyətin həyatı yardımlardan asılı olan milyonlarla insanı təhdid elədiyini açıqlayıb.
Ölkə mülk şəxslərin sağ qalması üçün lazım olan hər şeydə xaricdən asılıdır və hazırda ölkəyə ərzaq, yanacaq və dərman daxil ola bilmir.
 
Bir ölkəni xaraba qoyan müharibə

Yəməndə üç ildir ki, Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya ilə İranın dəstəklədiyi Husilər arasında müharibə davam edir.
Husilər hazırda paytaxt ölkənin Səna şəhərinin də yerləşdiyi qərb hissəsinə nəzarət edir. Ölkənin mərkəzi hissəsində isə Əl-Qaidə terror təşkilatının nəzarət etdiyi rayonlar vardır.
Ərəb yarımadasının ən kasıb ölkəsini darmadağın edən müharibədə 10 min nəfərdən artıq insan həlak olub, milyonlarla insan evini tərk etməyə məcbur olub. Vəba kimi epidemioloji xəstəliklər ölkə miqyasında yayılır, indiyə qədər 900 min insan bu xəstəliyə məruz qalıb. Vəbanın qarşısını almaq üçün xlor həbləri yardımları həyati əhəmiyyət daşıyır.
BMT-nin məlumatına görə, Yəməndəki yeddi milyon insan aclıq astanasındadır.