Səudiyyə Ərəbistanının itkin şahzadəsi ortalığa çıxdı - FOTO

Baxış sayı:
3868

2019-cu ilin yazında Səudiyyə Ərəbistanının ikinci kralının 108 övladından biri, ölkəsinin ən məşhur hüquq müdafiəçisi 56 yaşlı Basma bin Səud bin Əbdüləziz Əl Səudun itkin düşməsi xəbəri dünya mətbuatının gündəmini zəbt etmişdi.

Noyabr ayında Almaniya nəşri “Deutsche Welle” şahzadənin Ər-Riyad şəhərində ev həbsində olduğu haqda informasiya dərc etmişdi. Xəbərdə şahzadənin və əlaqələrinin nəzarət altında olduğundan heç bir məlumat ötürə bilmədiyi qeyd olunub.

Oxu.az xəbər verir ki, bir neçə gün öncə Basma ailəsi tərəfindən ciddi nəzarət olunan informasiya sistemini qıraraq “Twitter” səhifəsində əmisi oğlu və vəliəhd Məhəmməd bin Salmana müraciəti ilə bir yazı yayımlamağa nail olub.

Şahzadənin həyatı təhlükə altında olduğu üçün qızı ilə birlikdə qaldığı Ər-Riyaddakı həbsxanadan azad edilməsini və ona tibbi yardım göstərilməsini xahiş edib. Basma, dəfələrlə xahiş etsə də, həbs olunma səbəblərinin ona təqdim edilmədiyini də qeyd edib.

“New Arabia” nəşrinin məlumatına görə, Basma Ər-Riyaddan təxminən 40 km məsafədə yerləşən səhradakı ölkənin ən qorunan və ən böyük həbsxanası olan “Əl-Xair”də saxlanılır.

“Səhhətim çox pisləşdi, vəziyyət artıq o qədər kritikdir ki, ölümlə nəticələnə bilər. Mənə tibbi yardım göstərilmir və həbs olunma səbəbini soruşduğum məktublara cavab verilmir”, - deyə, Basma bin Səud bin Əbdüləziz Əl Səud yazıb.

Xatırladaq ki, Basma təkcə hakim kral Səudiyyə sülaləsinin üzvü kimi tanınmır, həm də ictimai fəalliyyəti ilə məşhurdur. O, 2010-cu ildən bəri Londonda yaşasa da, ölkənin ictimai həyatında, xüsusən qadın hüquqları və ayrıseçkilik mövzusunda islahatların tərəfdarıdır. Bir neçə insan haqları təşkilatının üzvüdür.