Su anbarlarının içində nə yoxdur: siçovul ölüsü, ayaqqabı tayı...

Sumqayıtda 130 uşağın zəhərlənməsindən sonra mənzillərə çirkli su verilməsi ilə bağlı ittihamlar davam edir.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xüsusilə yeni tikililərə məxsus su anbarlarının aylarla təmizlənmədiyini, əhaliyə çirkli su verildiyini deyir. “Su anbarları vaxtlı-vaxtında təmizlənmir, anbarların içərisində ölmüş siçovuldan tutmuş ayaqqabı tayınadək zir-zibilə rast gəlirik. Mənzillərə çirkli su verilməsi ilə bağlı təşkilatımıza hər ay şikayətlər daxil olur”,-deyə E.Hüseynov virtualaz.org saytına bildirib.
Birlik sədrinin sözlərinə görə, su anbarları xüsusi mühafizə olunmalıdır. Anbarların saxlanılmasına MTK və ya bina rəhbərliyi məsuliyyət daşıyır. “Daxili su anbarı vaxtlı-vaxtında yuyulmalıdır, bunun üçün anbardakı su boşaldılmalıdır, fəhlələr girib onun içərisindəki zir-zibili təmizləməlidirlər. Daha sonra dezinfeksiya olunmalıdır. Əks halda sudan zəhərlənmələr və ya hansısa infeksiyanın yayılması qaçılmaz olacaq”,-ekspert vurğulayıb.
Təşkilat rəhbəri deyib ki, anbarlar təmiz olmadığından təzyiqlə vurulan su zir-zibili üzə çıxarır: "Nəticədə mənzillərə çirkli su gedir. Suyun keyfiyyətindən narazı qalan sakinlər bina rəhbərliyindən anbarın təmizlənməsini tələb etməlidirlər".