Su anbarlarında can verənlər - "Yay kabus"unda müqəssir kimdir?

Baxış sayı:
3364

Yay bütün insanların istirahət arzuladığı fəsildir.  Fəqət adi bir diqqətsizlik yayı kabusa çevirə bilir. Bunlardan ən əsası da boğulma hadisələridir. Maraqlıdır ki, təkcə dənizdə yox, çimərliyə yararlı olmayan, çimməyin qadağan edildiyi yerlərdə hər yay onlarla insan boğularaq can verir.
Problemlə bağlı “Yeni Sabah”a açıqlama verən təhlükəsizlik sahəsi üzrə mütəxəssis Elmar Nurəliyev çimmək üçün fərqli təyinatlı yerlərə gedilməməli olduğunu deyib:
“Yay mövsümündə Bakıətrafı ərazilərdə və bölgələrdə insanlar istirahət üçün fərqli su hövzələrinə üz tuturlar.  Nəticəsi isə heç də yaxşı olmur. Həmin ərazilər çimmək üçün nəzərdə tutulmayıb. O su hövzələrinin özlərinə uyğun təyinatı var. Məsələn, su kanallarının görünən hissəsindəki su axın sürəti ilə, dərinlikdəki su axın sürəti arasında 3 dəfədən artıq fərq var. Süni göllərin təhlükəsi budur ki, onların dibi lil qatından ibarət olur. Lilin isə özünəçəkmə kimi bir xüsusiyyəti mövcuddur. Yəni insanın adicə ayağı lilə batsa, müqavimət göstərdikcə lilə batacaq”.
Ekspertin fikrincə, problemlə bağlı qanun layihəsinin hazırlanmasına ehtiyac var:
“Məsələ ilə bağlı bir neçə qurum birlikdə müştərək tədbirlər planı hazırlaya bilər. Həmin yerlərə yay mövsümü ərzində polis naryadı ayrıla bilər. O ərazilər  çəpərlənə, hasarlana bilər. Yaxud inzibati tədbir olaraq cərimə tətbiq oluna bilər. Bunun qarşısı alınmalıdır. Ümumilikdə həmin yerlər bələdiyyənin balansındadı. Amma hazırda bu məsələyə nəzarət edən konkret qurum yoxdur”.