​Stiven Siqal Bakıda Rafael Ağayevi axtarırmış

Məşhur amerikalı aktyor və aykido ustası Stiven Siqal Azərbaycana səfəri çərçivəsində azərbaycanlı karate ustası Rafael Ağayevlə görüşüb.
Bunu ATV.az-a görüş haqda öz təəssüratlarını bölüşən Rafael bunları söyləyib: “Mənə zəng edib dedilər ki, Stiven Siqal səni axtarır. Doğrusu, məşqə getməli idim. Buna görə də yığma komandamızın baş məşqçisi Rəhman Hətəmovdan icazə alıb gəldim görüşə. Etiraf edim, Stiven Siqalın belə olmağını gözləmirdim.
O, mən gözlədiyimdən daha nəhəng və hündür idi. Onun mənimlə səmimi söhbəti xoşuma gəldi. Mənə bildirdi ki, çıxışlarımı çoxdan izləyir və döyüş üslubum onun xoşuna gəlir”.
 
***
İlham Əliyev dünya şöhrətli Stiven Siqalı qəbul edib
 
Prezident İlham Əliyev sentyabrın 21-də dünya şöhrətli aktyor və rejissor Stiven Siqalı qəbul edib.
Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirən Stiven Siqal ölkəmizdə gördüklərinin onda dərin təəssürat yaratdığını dedi. Stiven Siqal Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasının və bu yarışlarda çoxlu sayda idmançının iştirakının onda böyük heyranlıq yaratdığını dedi. Birinci Avropa Oyunları ilə bağlı görülən işlərin misilsiz dərəcədə möhtəşəm olduğunu vurğulayan qonaq, ümumiyyətlə, Azərbaycanda qazanılan nailiyyətlərin dünyada tanıdılması və təbliğinin önəmini qeyd etdi.
Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı birinci Avropa Oyunlarının ölkəmiz və eləcə də Avropa üçün tarixi hadisə olduğunu dedi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu Oyunları yüksək səviyyədə keçirməklə əslində Avropa Oyunlarının standartlarını müəyyən etdi. Dövlətimizin başçısı ölkəmizin artıq müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən mühüm idman yarışlarının keçirildiyi bir məkana çevrildiyini vurğuladı.
Görüşdə son illər Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən mədəniyyət və idman sahələrində əldə edilən uğurlardan danışıldı.