​Stalinin xain planı üzə çıxdı: Torpaqlar ermənilərə veriləcək, İran işğal ediləcək və...

Baxış sayı: 264

SSRİ-nin ən güclü rəhbəri hesab olunan İosif Stalin təkcə nasistlərlə apardığı müharibəyə və qələbə çalmasına görə yox, həm də digər planları ilə də məşhurdur. Xüsusilə onun Türkiyə və İranı işğal etmək planı tarixin toz basmış səhifələrində həmişə maraq doğurub.
Publika.az Stalinin Türkiyə və İranı işğal etmək planlarını və bunun baş tutmamasının səbəblərini təqdim edir:

İrana hücum: 1941-ci ilin 25 avqustunda nasistlərin SSRİ-yə hücumunun ən dəhşətli vaxtında sovet və Britaniya qoşunları İranda “Soqlasie (Razılıq) əməliyyatı”na (ing: Operation Countenance) başladı. Bu əməliyyat İosif Stalinin təşəbbüsü idi. O, İran şahı Rza Pəhləvinin almanpərəst əhval-ruhiyyəsindən və nasistlərin İran neftini ələ keçirməsindən ehtiyat edirdi. Əməliyyat nəticəsində almanlar İrana girə və istədiklərini ala bilmədilər.
II Dünya müharibəsindən sonra Stalin İranda sovet təsirini genişləndirməyə çalışırdı. O, İrandan tələb etdi ki, bu ölkənin şimal hissəsindəki neftin emalında SSRİ-nin iştirakını qəbul etsin. Yalnız bunun əvəzində sovet qoşunları İrandan çıxa bilərdi. Razılaşma 1946-cı ildə İran hökuməti tərəfindən imzalandı, SSRİ də qoşunlarını çıxardı. Lakin İran parlamenti müqaviləni təsdiqləmədi.
Həmin dövrdə Stalin İranı işğal edərək, Mərkəzi Asiya respublikalarının tərkibinə qatmağı düşünürdü. Amma sonda “dahi rəhbər” ABŞ və Böyük Britaniya ilə münasibətləri tamamilə korlamamaq üçün bu planı həyata keçirmədi.

Türkiyənin parçalanması: II Dünya müharibəsinin sonunda SSRİ Türkiyəyə ərazi iddiaları irəli sürdü. Sovet rəhbərliyi Türkiyəni faşist Almaniyası ilə əməkdaşlığa görə cəzalandırmaq istəyirdi. Lakin planda Türkiyə Sosialist Respublikasının yaradılması fikri yox idi. Sadəcə olaraq, ölkə işğal ediləcək və torpaqları Gürcüstan SSR və Ermənistan SSR arasında bölüşdürüləcəkdi. Bu, ABŞ və Böyük Britaniyanın sərt etirazına səbəb oldu. Buna görə də 1953-cü ildə Stalinin ölümündən dərhal sonra sovet rəhbərliyi plandan imtina etdi.