Stalinin sevimlisi, Xruşovun xəyanətkar kadrı, Brejnevin düşməni – DTK sədrliyindən peşə məktəbinə nəzarətə

Baxış sayı:
6868

O, digər həmkarlarından fərqli olaraq fikirlərini açıq söyləməyi bacarıb, cavan olmasına baxmayaraq, riskli addımlardan çəkinməyib, hətta ən təcrübəli və yaşlı siyasətçilər onun çox qısa bir müddətdən sonra ölkənin birinci kürsüsünə sahib olacağını da istisna etməyiblər. Artıq 34 yaşında SSRİ komsomoluna başçılıq edən Aleksandr Şelepin Kremldə özünə kifayət qədər müsbət siyasi imic formalaşdırmağa nail olub...

Aleksandr Şelepin 1918-ci ildə Voronejdə anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirib. Moskva Tarix, Ədəbiyyat, Fəlsəfə İnstitutunda ali təhsil alıb. Tələbəlik illərində institutun komsomol təşkilatının katibi olub. Könüllü olaraq sovet-fin müharibəsində iştirak edib. 1941-45 müharibəsi başlananda Aleksandr Şelepin gənclərin partizan dəstələrinə cəlb olunması işi ilə məşğul olub. Məhz məşhur Zoya Kosmedemyanskayanın da partizanlar sırasına qoşulması Şelepinin təşəbbüsü ilə baş tutub. Qəhrəman qızın igidlikləri haqqında Stalinə məlumat veriləndə Şelepinin də adı hallanıb. Beləliklə, Aleksandr Şelepinin adı Stalinin yaddaşında müsbət kadr kimi qalıb.

Müharibədən sonra Aleksandr Şelepin komsomol orqanlarında sürətlə irəliləyərək 1952-ci ildə ümumittifaq komsomolunun birinci katibi vəzifəsinə təyin edilib. Fəaliyyəti ilə özünü Kremlin diqqət mərkəzində saxlayan Şelepin mövcud siyasi müstəvidə uğurlu kadr kimi dəyərləndirilib.

Stalinin vəfatından sonra Mərkəzi Komitənin plenumlarından birində Şelepin plenumun gündəliyinə aid olmayan təkliflə çıxış edib. O, Lenin komsomolu adının Lenin-Stalin komsomolu adı ilə əvəzlənməsi məsələsini qaldırıb. Sözsüz ki, baş komsomolun bu təklifi Nikita Xruşov tərəfindən elə yerindəcə boğulub. Amma Xruşov Şelepinin Stalinə olan bu sevgisini tez unudub. Yəqin ki, bu da 1957-ci ildə “antipartiya” qrupu tərəfindən Xruşovu devirmək cəhdi zamanı Şelepinin Xruşova dəstək verməsi olub.

Bu dəstəyi unutmayan Xruşov 1958-ci ildə Şelepinə DTK sədri vəzifəsini təklif edib. İlk təklifdən imtina edən Şelepin partiya orqanlarında çalışmağa üstünlük verib. Ancaq Xruşov növbəti dəfə təkid edərək Şelepinin bu vəzifəyə keçməsinə nail olub:
- Aleksandr Nikolayeviç, dövlət təhlükəsizliyi orqanları partiyanın əsas qollarından biridir. Siz bu vəzifədə yenə də özünüzü partiya orqanlarında olduğunuz kimi hiss edəcəksiniz. DTK-ya yeni qüvvələr lazımdır, bu mühüm qurum köhnə ünsürlərdən təmizlənməlidir. Və ən başlıcası, siz mənim danışıqlarıma heç kimin qulaq asmamasını təmin etməlisiniz...

Beləliklə, Xruşovun təkidindən sonra Aleksandr Şelepin 25 dekabr 1958-ci il tarixindən SSRİ DTK-nın sədri vəzifəsinə təyinat alıb. Yəqin ki, həmin vaxt Xruşovun heç ağlına da gəlməyib ki, böyük etimad göstərdiyi baş komsomol nə vaxtsa onun başına böyük bəla olacaq, hakimiyyətdən devrilməsinin baş rejissoruna çevriləcək.

Maraqlı faktlardan biri də odur ki, Şelepin DTK sədri vəzifəsinə təyin ediləndə, bu vəzifəyə uyğun olaraq ona veriləcək general rütbəsindən imtina edib.

Şelepin qısa müddət ərzində dövlət təhlükəsizliyi orqanlarında bir sıra islahatlar aparmağa nail olub, xüsusilə kadr məsələsində köklü dəyişikliklər baş verib, DTK “NKVD”-dən qalmış “xof”lardan təmizlənib.

Xruşov Şelepini bu vəzifədə çox saxlamayıb. DTK-dan sonra Şelepin üç böyük vəzifəni daşıyıb. O, 1961-1967-ci illərdə Mərkəzi Komitənin katibi olmaqla yanaşı, 1962-1965-ci illərdə Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsinə rəhbərlik edib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsini daşıyıb. Və sözsüz ki, bu vəzifələrdə Şelepin Kremldə əsas söz sahiblərindən biri olub.

Xruşovun yarıtmaz siyasi fəaliyyəti ilə bağlı Kremldə məxfi planlar hazırlananda Şelepin saray çevrilişinin əsas müəlliflərindən biri olub. Və çoxları elə düşünüb ki, Xruşovun süqutundan sonra Şelepin baş katib kürsüsündə əyləşəcək. Amma məlum olduğu kimi, Brejnevin qruplaşması Şelepinə zərbə vurmadan asanlıqla birincilik məsələsini sülhlə həll ediblər. Şelepin isə partiya xətti ilə faktiki olaraq Mərkəzi Komitənin katibi kimi Brejnevdən sonra ikinci adam sayılıb.
Brejnev və Şelepin münasibətləri kənardan çox isti görünsə də və bu münasibətlər onların bir komandada olmaları təəssüratını yaratsa da, əslində Brejnev üçün Şelepin arzuolunmaz bir kadr sayılıb. Birincisi ona görə ki, Şelepinin xalq arasında qazandığı populyarlıq Brejnevi hədsiz narahat edib. İkincisi isə, Brejnev Şelepinin çevriliş etmək təcrübəsinə bələd olduğundan ondan çəkinib və onu zərərsizləşdirmək üçün məqam axtarıb.

Nəhayət, həmin məqam yetişib. Mərkzi Komitənin plenumunda Şelepin və tərəfdarları çıxışları ilə öz hökmlərini veriblər. Anastas Mikoyan öz xatirələrində həmin plenumu belə xatırlayıb:

“Şelepinin Brejnevə qarşı mübarizəsi açıq-aydın hiss olunurdu. Sözsüz ki, bunu Brejnev də hiss edirdi. Nəhayət, Mərkəzi Komitənin plenumunda bu məsələ bir az da qabardı. Moskvanın katibi, Şelepinin ən yaxın adamı olan Yeqorıçev Moskvanın qəfil hücumlara hazır olmadığını söyləyərək Müdafiə Nazirliyinin rəhbərliyini tənqid etdi. Bu tənqidə Şelepin də qoşuldu. Plenumdan sonra məsələ müzakirə olundu, aydın oldu ki, tənqid tam əsassızdır və bunu əsas gətirərək Brejnev Şelepini Mərkəzi Komitədən uzaqlaşdırdı...”

Brejnev Şelepini 1967-ci ildə SSRİ Həmkarlar İttifaqına rəhbər təyin edib. Kremldən uzaq olsa da, Şelepin bu vəzifədə də öz səsini ölkə rəhbərliyinə çatdırmağı bacarıb. Belə ki, o, dayanmadan fəhlə və qulluqçuların sosial vəziyyətinin qənaətbəxş olmaması ilə bağlı Kremlə göndərdiyi saysız-hesabsız məktublarla Brejnevin səbrini tükəndirib. Baş katibin təşəbbüsü ilə yaradılan xüsusi komissiya Həmkarlar İttifaqının fəaliyyətini təftiş etdikdən sonra Şelepin vəzifəsindən azad olunub.

Aleksandr Şelepin 1975-1984-cü illərdə Texniki Peşə məktəbləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışıb. Və bu illər ərzində, demək olar ki, heç bir siyasi fəaliyyəti olmayıb.

1984-cü ildə təqaüdə çıxan Aleksandr Şelepin 1994-cü ildə 76 yaşında vəfat edib. O, Moskvada Novodeviçye qəbirstanlığında dəfn edilib./musavat