Stalinin 16 yaşlı qızının 38 yaşlı sevgilisi – bu sevgi uğruna ömrünün 10 ilini məhbəsdə keçirən Kapler

Baxış sayı:
952

Onun yazdığı ssenarilər əsasında çəkilmiş filmlər böyük populyarlıq qazanıb, ssenari müəllifi olduğu “Amfibiyalı adam”, “Zolaqlı reys”, “Üz dost”, “O, vətəni qoruyur” kimi filmlər on minlərlə insanın ən sevimli ekran əsərinə çevrilib. Aleksey Kapler həm də uzun illər “Kinopanorama” verlişinin aparıcısı kimi sevilib, tanınıb.

Amma bu uğurlardan əvvəl məşhur kinodramaturq öz həyat ssenarisi ilə daha çox məşhurlaşıb. Onun taleyinə böyük sevginin böyük əzabları yazılıb. Bu sevgi onun 10 il azadlığını əlindən alıb, həbsxana həyatı yaşadıb.

Aleksey Kapler 1904-cü ildə Kiyevdə anadan olub. Həmin şəhərdə gimnaziyanı bitirib. Gimnaziyanı bitirdikdən sonra Kiyevdə estrada teatrında çalışıb. Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda ali təhsil alıb. 1941-ci ilə qədər bu ali təhsil ocağında pedaqoq kimi fəaliyyət göstərib. Eyni vaxtda bir neçə filmlərin çəkilişlərində iştirak edib.

Kapler 1941-ci ildə müharibə başlananda cəbhəyə yollanıb. Belarusiya və Stalinqrad cəbhələrində hərbi müxbir kimi xidmət edib.

1942-ci ildə Mərkəzi Komitədə qəhrəman təyyarəçilər haqqında filmin çəkilməsi məsələsi müzakirə olunub. Məqsəd sovet vətəndaşlarına təyyarəçilərin qəhrəmanlığını, qələbənin təmin olunmasında onların göstərdikləri şücaəti təqdim etmək olub. Qərara alınıb ki, çəkiləcək filmin baş məsləhətçisi Vasili Stalin (İosif Stalinin oğlu) olsun.

Beləliklə, Vasili Stalinin Moskva ətrafındakı bağında mütəmadi olaraq yaradıcı heyətlə görüşlər keçirilib. Bu görüşlər gecə yarıyadək içki süfrəsi arxasında davam edib. Filmin çəkilişinə Stalinqrad cəbhəsindən yenicə qayıtmış Aleksey Kapler də cəlb olunub. Kaplerlə Vasili Stalinin arasında dostluq münasibətləri yaranıb.

Məhz bu ərəfədə 38 yaşlı Aleksey Kapler İosif Stalinin 16 yaşlı qızı Svetlanaya vurulub. Svetlana da bu münasibətə laqeyd qalmayıb. O, öz xatirələrində bu haqda da yazıb:

“Biz bir-birimizə çox bağlı idik. Dərsdən qayıdanda düşünürdüm ki, indi o qarşıma çıxacaq. O isə kənardan dayanıb məni seyr edirdi. Görüşüb muzeyləri gəzirdik, müharibənin ağır günləri olsa da, bu münasibət içimizə bir sakitlik gətirirdi...”
Svetlana ilə Kaplerin münasibətləri haqqında qısa bir zamanda hamı xəbərdar olub, o cümlədən siyasi elita da. Amma heç kim bü münasibətə müdaxilə etməyə cəsarət göstərməyib. Nəhayət, İosif Stalinin baş mühafizəçisi general Vlasik tabeçiliyində olan zabitlərdən birini Kaplerin yanına göndərib və ona Moskvanı tərk etməyi “məsləhət” görüblər.

Aleksey Kapler 1942-ci ilin noyabr ayında Stalinqrada qayıdıb. Bir ay keçməmiş onun “Pravda” qəzetində “Leytenantın Stalinqraddan məktubu” adlı məqaləsi dərc olunub. Müəllif məqalədə sevdiyi qıza cəbhədəki hadisələr haqqında yazıb. Məqalənin sonluğu isə belə bitib: “İndi yəqin ki, Moskvada qar yağır və sən həmin qarı Kremlin divarlarına açılan pəncərəndən seyr edirsən...”

Sözsüz ki, məqalənin kimə ünvanlandığını hamı yaxşı anlayıb. İosif Stalin isə qəzəbini gizlədə bilməyib. Svetlana Alliluyeva xatirələrində bu haqda da yazıb:

“Atamın qəzəbini sözlə ifadə etmək çətindir. Həmin gün o, redaksiyaya zəng vurub Kaplein məqaləsinə görə oradakıların da dərsini vermişdi. Atam onu da bilirdi ki, Kapler mənə hər həftə məktub yazır. Həmin məktubları məndən tələb etdi. Mən sakitcə onları atama verdim. Əsəblə onları cırdı və söylədi ki, bu yazı yazmağı bacarmayan müxbir ingilis casusudur. Mən bu ifadənin altında nələrin dayandığını yaxşı bilirdim. Yaxşı bilirdim ki, Kapler həbs olunacaq və bunun qarşısını almaq mümkünsüz idi...”

Beləliklə, çox keçmədən Aleksey Kapler 3 mart 1943-cü ildə haqqında açılan 6863 saylı cinayət işi ilə həbs olunub. Təbii ki, cinayət işində Stalinin ailə üzvlərinin heç birinin adı hallanmayıb. Aleksey Kapler antisovet təbliğatında ittiham olunub. Məhkəmə zamanı o, qəzetdə dərc olunan yazılarını təqdim edərək antisovet təbliğatı ilə heç zaman məşğul olmadığını sübut etsə də, cəhdləri boşa çıxıb. Amma cəzası az da olsa yüngülləşib. Kapler 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək Vorkutaya göndərilib.

5 ildən sonra Aleksandr Kapler cəzasını çəkib Moskvaya qayıdıb. Cəzaçəkmə müəssisəsindən çıxanda ona Moskvaya getməsinin qadağan olması haqqında yazılı məlumat versələr də o, buna əməl etməyib. Kapler Moskvada yenidən Svetlana ilə görüşmək arzusunda olub. Bu arzu onun azadlığını növbəti dəfə 5 il müddətinə əlindən alıb. Bu dəfə isə onu 5 illik siyasi məhbuslar düşərgəsinə göndəriblər.

Stalinin vəfatından sonra azadlığa çıxan Aleksey Kapler 1954-cü ildə tam bəraət alıb.

Sonuncu dəfə Aleksey Kapler Svetlana ilə 1954-cü ildə yazıçıların növbəti qurultayında görüşüb. Və onlar uzun dəhlizin sonuncu pəncərəsinin qarşısında dayanıb bir neçə saat ötən günləri xatırlayıblar.

Aleksey Kaplerin sonrakı həyatı uğurlu olub. Ssenariləri, yaradıcılıq layihələri ilə şöhrət qazanıb, ən yüksək dövlət mükafatları ilə təltif olunub, xoşbəxt bir ailənin başçısı olub.

Aleksey Kapler 1979-cu ildə, 75 yaşında xərçəng xəstəliyindən vəfat edib./musavat.com/