Stalin ön cəbhəyə gedirmişmi? – şahidlər təsdiqləyir, şəkkaklar onun oxşarından danışır

Baxış sayı:
6754

İosif Stalinin siyasi fəaliyyəti ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də 1941-1945-ci illərdə maharibə zamanı onun ağır döyüşlər gedən cəbhələrə gedib-getməməsidir. İstər hakimiyyətdə olduğu dövrdə, istərsə də vəfatından sonra bu mövzu qapalı, yaxud da açıq şəkildə fərqli arqumentlərlə müzakirə mövzusuna çevrilib. Xüsusilə də Nikita Xruşov hakimiyyətə gəldikdən sonra bu mövzunu daha çox qabardıb.

Bəs həqiqət necədir?

Əslində şahidlərin söylədikləri və açılan “məxfi” qrifli qovluqlar Stalinin heç vaxt cəbhədə olmaması ilə bağlı fikirləri tam təkzib edir.

1941-1942-ci illərdə qərb cəbhəsinin qərargah rəisi olmuş marşal Vasili Sokolovskinin oğlu Pavel Sokolov öz xatirələrində yazıb:

“1941-ci ilin noyabr ayı idi. Atam cəbhədən bir günlük evə gəlmişdi. Səhər tezdən geri qayıtmalıydı. Gecə saat 3-də evə zəng vurub onu təcili Kremlə çağırdılar. Getdi və tez də qayıtdı. Əşyalarını götürüb təcili cəbhəyə yollandı. Onu Stalin çağırtdırmışdı. Sonradan məlum oldu ki, Stalin səhərisi gün qərb cəbhəsinə yollanacaq, atama tapşırıqlar vermişdi. Atam gündəliyində Stalinin həmin səfərinin ən kiçik detallarına qədər qeyd etmişdi. Marşal Georgi Jukov, daxili işlər komissarının müavini İvan Serov, Baş Qərargahın idarə rəisləri də gecə ikən qərb cəbhəsinə göndərilmişdi. Amma son ana qədər heç kim bilməyib ki, Stalin qərb cəbhəsinin hansı istiqamətində olacaq. Kremldə isə Stalinin cəbhəyə getməsi haqqında heç kimin məlumatı olmayıb. Yalnız Lavrenti Beriyadan savayı”.

Qərb cəbhəsindən sonra Kalinin cəbhəsinə yollanan Stalin ayrı-ayrı hərbi hissələrin komandirləri ilə görüşüb, real vəziyyət tanış olub, hansı qoşunların daha fəal olmağı ilə maraqlanıb. Hər iki cəbhənin komandanlığı aviasiya general-polkovniki Qolovanovun döyüş əməliyyatlarındakı uğurlarından danışıblar. Məhz elə Kalinin cəbhəsindən Stalin Moskvaya, Georgi Malenkova zəng vurub. Qısa dialoqdan sonra Malenkov Stalindən soruşub:

- Yoldaş Stalin, siz haradan zəng vurursunuz?

Stalin sualı cavabsız qoyaraq mətləbə keçib:

- Haradan zəng vurmağımın məsələyə aidiyyatı yoxdur. Təcili olaraq aviasiya general-polkovniki Qolovanova marşal rütbəsi verilməsi ilə bağlı sərəncam hazırlayın və mərkəzi qəzetlərdə çap etdirin.

Səhərisi gün Stalin Qolovanova zəng edib, cəbhədəki vəziyyətlə maraqlandıqdan sonra onu təbrik edib. Qolovanov heç nə anlamayaraq çaş-baş qalıb:

- Yoldaş Stalin, bu gün təbrik üçün elə bir əlamətdar hadisə yoxdur. Nə ad günümdür, nə də bayramdır...

Stalin onun sözünü yarımçıq qoyub:

- Yoldaş marşal, arada vaxt tapıb qəzetləri də oxumaq lazımdır.

Stalinin müharibənin ən ağır dövrü sayılan 1941-ci ilin avqust günlərində də cəbhədə olması ilə bağlı sənədlər ortaya çıxıb. Həmin ilin avqustun 1-də axşam saat 22.30-da Kremldən çıxan Stalin, kabinetinə avqustun 5-də saat 21.35-də qayıdıb. Həmin günlərdə Stalinin harada olmasına marşal Jukov öz xatirələrində aydınlıq gətirib:

“Həmin günlərdə İosif Stalin Volkolomski istiqamətində idi. O, şəxsən özü Sibirdən bu istiqamətə göndərilmiş Sibir dviziyasının şəxsi heyəti ilə görüşməyə qərar vermişdi. Stalin bir istiqamətdən digərinə keçəndə bu haqda heç kimə əvvəlcədən məlumat verilmirdi. Bütün səfərlər qəfil baş verirdi. Cəbhədə komandirlər qarşısında sualları sərt qoyurdu, şəxsi heyətlə isə xarakterinə uyğun olmayaraq çox mehriban davranırdı...”

Stalinin cəbhə səfərləri ilə bağlı onun şəxsi mühafizəçisi Rıbinin də xatirələri maraqlıdır:

“Biz nə vaxt, hansı istiqamətə çıxacağımızı bilmirdik. Stalin cəbhəyə gedəndə onu maşın karvanı, çoxsaylı mühafizə müşayiət etmirdi. Bu qarşı tərəfdə şübhə doğura bilərdi. Şimal cəbhəsinə gedəndə hərbi hissələrin birinin qərargahında dayandıq, Stalin marşal Rokossovskini də ora dəvət etmişdi. Onlar iki saatdan artıq cəbhə komandanlığı ilə söhbət apardılar. Mən qapının arxasında gözləyirdim. Qəfil Stalin otaqdan çıxıb üzünü mənə tutdu:

- Sən burada narahat olma, məni heç kim vurmaz. Çünki qarşıda vurulası düşmən var. Yaxşısı budur, yaxın kəndlərə baş çək, harada gecələyəcəyim haqqında düşün.

Səkkiz kilometr aralıda kiçik bir kənd var idi. Bu kənddə, demək olar ki, bütün kişiləri müharibəyə aparmışdılar. Kəndin kənarında kiçik bir ev var idi. Təhlükəsizlik baxımından evin mühafizəsi rahat idi. Evdə tək yaşlı bir qadın yaşayırdı. Biz onunla danışdıq, Stalin üçün ayrıca bir otaq hazırladıq. Amma həmin qadın otaqda kimin gecələyəcəyini bilmirdi. Təxminən axşam 11-12 radələrində Stalin gəldi, otağına keçdi. Səhər tezdən həyətə çıxanda ətrafa boylandı. Mühafizəçilərin biri həyətin yuxarı başında, digəri isə evin sağ tərəfindən başlayan meşənin ərazisində durmuşdu. Stalin onları görcək üzünü mənə tutub iradını bildirdi:

- Bu kəndin bütün kişiləri müharibəyə gedib. Ona görə də burada tanınmayan kişilərin görünməsi düzgün deyil.
Sürücü maşını işə salanda Stalin onu saxladı və yenidən üzünü mənə tutdu:

- Siz bu evin sahibəsinə minnətdarlıq etdiniz?

- Əlbəttə, yoldaş Stalin, biz öz təşəkkürümüzü bildirdik.

- Təşəkkür etmək öz yerində, indi isə gedin, qalmaq haqqımızı da ödəyin.

Mən onun dediyi kimi də etdim...”

Arxiv sənədlərində Stalinin cəbhədə olması ilə bağlı digər sənədlər də var. 1943-cü ildə onun Ruzveltə və Çörçillə cəbhədəki vəziyyətlə bağlı ünvanlandığı iki məktub məhz bu ifadələrlə başlayır: “Mən cəbhədən bu gün qayıtmışam. Diqqətinizə çatdırmaq istəyirəm ki...”

Bu faktlarla yanaşı, belə bir versiya da mövcuddur ki, cəbhədə görünən birinci şəxs Stalin yox, onun oxşarı olub. 
Sonda belə bir qənaətə gəlmək olar ki, ziddiyyətli şəxsiyyət olan İosif Stalin haqqında müəmmalar hələ bundan sonra da çox uzun illər davam edəcək./musavat.com