“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi

Baxış sayı:
8355

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Şərur” MTK-ya daxil olan “Universal Servis” MMC tərəfindən 2005-2006-cı illərdə inşa olunmuş və 10 ildən artıqdır ki, sakinlərin faktiki istifadəsində olan, hər biri 128 mənzildən ibarət, 2 ədəd 1 bloklu çoxmənzilli binanın bir qrup sakini adından mediaya müraciət edib. Musavat.com-un məlumatına görə, R.Osmanlı bildirib ki, bir neçə gündür, televiziya, mətbuat və sosial şəbəkələrdə problemin əsl mahiyyəti barədə məlumatlar işıqlandırılıb: “Yaşadığımız binalar 10 ildən artıqdır, inşa olunub sakinlərə satılmasına, MTK-ya etdiyimiz çoxsaylı müraciətlərə baxmayaraq, binaların istismara qəbulu və qeydiyyata alınması üçün MTK heç bir addım atmamışdı. Nəhayət, 19 fevral 2019-cu il tarixdə Prezident İlham Əliyevin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı ilə ötən ay bizim yaşadığımız binalar da istismara qəbul olundu. Amma təəssüflər olsun ki, “Şərur” MTK rəhbərliyinin qanunsuz tələbləri 200-dən artıq ailənin konstitusion hüquqlarının təmin olunmasına əngəl yaradır, cənab Prezidentin bu humanist qərarının icrasına kölgə salır. Məlumat üçün bildirim ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, istismara verilmiş yeni çoxmənzilli binalarda ilkin qeydiyyat üçün tələb olunan sənədlər MTK-ya borcun olmamasına dair maliyyə arayışı və MTK-nın protokolundan çıxarışdır”. Ekspert qeyd edir ki, əksər sakinlərin əlində 5-10 il əvvəl təqdim edilmiş maliyyə arayışları olsa da, protokoldan çıxarışın alınması problemə çevrilib: “MTK rəhbərliyi faktiki olaraq, sakinlərə protokoldan çıxarışı verməkdən boyun qaçırır və bunu belə əsaslandırır ki, hər mənzildə təqribən 3-10 kv.m. artıq sahə var və sakinlər həmin sahələrin pulunu (1800-6000 manat) bu günkü bazar qiymətləri ilə ödəməlidirlər. MTK-nın bu iddiası iftiradır, sakinlərdən əlavə pul almaq üçün ortaya atılmış uydurma, cəfəng bir kampaniyadır. Çünki MTK-nın 2007-ci ildə bizə təqdim etdiyi binanın planında mənzil sahələri aydın görünür və sahələr 2016-cı ilə qədər müqavilələrlə eynidir, bir kvadratmetr belə, fərq yoxdur. Bundan başqa, şirkət bu iddianı ortaya atan günün səhəri biz mütəxəssis dəvət edib, bir neçə mənzilin eskiz layihəsini çəkdirdik və bu layihələrdə balkonlar daxil olmaqla, sahələr nəinki artıq, hətta əksik gəlir. Əskik sahələr 2, 3, 5, bəzi mənzillərdə hətta 10 kvadratmetrdən artıqdır. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə görə, MTK balkon və terasları satarkən müəyyən olunmuş kafsentləri nəzərə almalı, bu sahələr vətəndaşlara mənzil qiymətinin 30-50 faizindən artıq qiymətə satıla bilməz. Buna baxmayaraq, biz balkonların mənzil qiymətinə satılmasını qəbul edirik, hətta bu halda belə, sahələr müqavilədə göstərilən ölçülərdən az çıxır”. Şikayətçinin sözlərinə görə, MTK-nın sakinlərə təqdim etdiyi protokollardan çıxarışlarda külli miqdarda vergidən yayınma halları mövcuddur: “Belə ki, MTK-nın son günlərdə sakinlərə təqdim etdiyi maliyyə arayışlarında 100 kvadratmetrdən artıq sahəsi olan mənzillərin dəyəri 10 min manata yaxın rəsmiləşdirilib - hər kv.m. üçün təqribən 100 manat. Burada MTK-nın vergidən yayınması ilə yanaşı, gələcəkdə ona qarşı ola biləcək iddialardan sığortalanma məqsədi də var. Çünki bir sıra sakinlər çıxarışları aldıqdan sonra artıq sahəyə görə alınan vəsaitlərin geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldıracaqlarını gizlətmirlər. Yuxarıda qeyd olunan problemlər və nəhayət, konstitusion haqqımızın təmin olunması məqsədilə ölkə rəhbərliyinə və bir sıra dövlət qurumlarına ərizə ilə müraciət etmişik. Bu problemlərin, “Şərur” MTK və onun rəhbəri, illərdir ki, adı çeşidli mənzil qalmaqallarında hallanan İsfəndiyar Axundovun qanunsuz əməllərinin ölkə rəhbərliyinin diqqətinə çatması üçün bu müraciətimizi işıqlandırmağı xahiş edirik”. Məsələ ilə bağlı Musavat.com-a danışan “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov bildirdi ki, sözügedən binada bəzi vətəndaşlar MTK-nın bir işçisi ilə əlbir olub, mənzillərin ölçüsünü daha az göstərərək, mənimsəyiblər: “Mən həmin binanın satış işlərinə bir nəfəri təyin etmişdim. Sonra onu həbs etdirdim, 2 il həbsdə yatdı. Həmin şəxs mənzilləri satarkən sakinlərdən pul alıb və mənzilin kvadratını sənədlərdə daha az göstərib. Məsələn, 120 kvadratmetrlik mənzili satarkən vətəndaşla müəyyən məbləğə razılaşıb və 90 kvadrat qeyd edib. Bu şəkildə cinayət əlaqəsinə girib, insanlardan xeyli pul yığıb. Mən də indi sənəd tələb edən vətəndaşlara deyirəm ki, divarlar lazım deyil, mənzilin içərisini ölçək-biçək, nə qədər aldadıbsansa, o pulu verməlisən. Birinci şərt budur. İkincisi, pəncərələrə vurulan dəmirbarmaqlıqlar vurulmalıdır. Mənzilin içində arakəsmələri söküb, özləri istədikləri kimi düzəldiblər, bu, bərpa olunmalıdır. Bu şərtlər təmin olunmadan həmin sənədləri verə bilmərik. Sizin iştirakınızla da bu dediklərimi sübut edə bilərəm”. İ.Axundovun sözlərinə görə, kim mənzilinin ölçüsü ilə sənədlərdəki rəqəmin eyni olduğuna əmindirsə, yerindəcə ölçüb, arayışı təqdim etməyə hazırdır: “Sakinlərin bəziləri bizim həbs edilən həmin işçi ilə cinayət əlaqəsinə giriblər, mənzilin kvadratı ilə bağlı aldadıblar. Kim bunu etmədiyinə əmindirsə, həmçinin mənzilin daxili quruluşunu dəyişməyibsə, müraciət etsin, biz gedək ölçək, əgər haqlıdırsa, sənədləri yerindəcə təqdim edək. Mən 77 bina tikib, təhvil vermişəm, bunların heç birində problem yaşanmayıb. Kim pulu ödəmək istəmirsə, artıq əldə etdiyi kvadratmetri kəsib versin, biz də ondan başqa istiqamətdə istifadə edək. Bu problem binadakı bütün mənzillərdə deyil, təxminən 20-30 nəfərdədir. Qalanları isə sənədlərini alıblar”.//musavat