​SƏRNİŞİNLƏRƏ ŞAD XƏBƏR - Pik saatlarda yaranan sıxlıq belə aradan qaldırılacaq

Baxış sayı:
14071

Sosial şəbəkələrdə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin günün pik saatlarında avtobuslardakı sıxlıqla bağlı şikayətlərini tez-tez görürük. Bu avtobuslardan biri də 160 saylı marşrut xəttidir. Avtobus istifadəçiləri saytımıza müraciətlərində bildirirlər ki, pik saatlarda 160 saylı avtobusa minmək mümkün olmur, çox sıxlıq olur. Onlar həmin sıxlığı əks etditən fotolar da göndərirlər.
Əlbətdə ki, paytaxtda pik saatlarda minmənin mümkünsüz olduğu çoxlu sayda avtobus var. Bildiyiniz kimi, Bakıdakı bütün avtobusların yanvar ayından etibarən kart sisteminə keçəçəyi deyilir. Bəs bu keçid baş verdikdə 160 və sıxlığın hədsiz yaşandığı digər marşrut xətlərinə daha böyük avtobusların daxil olması mümkündürmü?
Mövzu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev “Yeni Sabah”a danışıb. O, sıxlıq yaranan xətlərə yeni iritutumlu avtobusların buraxılacağının nəzərdə tutulduğunu deyib:
“Qeyd edilən marşrut xətti ilə bağlı Bakı Nəqliyyat Agentliyinə də vətəndaşlarımız tərəfindən müraciətlər daxil olub. Nazirlər kabinetinin 73 saylı qərarı var. Bu qərara əsasən, avtobuslar iritutumlu olmalıdır və daşıyıcıların da qarşısına tələb qoyulub ki, avtobus parkını bu tələbə uyğun yeniləsinlər. 
Bilirsiz ki, bir müddət əvvəl bu xətt üzrə avtobuslar daşıyıcı dəyişdirilməklə yeniləndi. İşlər davam edir. Dövlət başçısının sərəncamlarına əsasən yeni avtobuslar gətirilir, eyni zamanda sərnişindaşıma sahəsində yaradılan düzgün və şəffaf idarəçilik sayəsində daşıyıcılar tərəfindən də yeni avtobuslar gətirilməkdədir. Bu işlər çərçivəsində 160 nömrəli müntəzəm marşrut xəttinin istismarçısı Çinar-Trans MMC tərəfindən də yeni avtobuslar gətirilir. Düşünürəm ki, avtobus parkı yeniləndikcə bu xətt üzrə də daha iritutumlu avtobuslar xəttə buraxılacaq. 
Kart sistetminə keçidə gəlincə bildirim ki, bu istiqamətdə ciddi iş gedir. Təbii, kart sisteminə keçid bu gün sərnişindaşımada mövcud olan bir çox problemlərin birdəfəlik həlli deməkdir”.